Kapitulyantın “başının” uzun müddət sığallanması bölgədə yeni müharibəni alovlandıra bilər - “Qərbin həyasız uşağı”nın riskli oyunu...
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid eyni gündə - avqustun 1-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanla telefon danışıqları aparıb. Azərbaycan XİN-in yaydığı məlumatda deyilir ki, tərəflər Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması prosesinin mövcud durumu, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzalandığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında ikitərəfli görüşlər nəticəsində bəyanatların icrası məsələləri barədə fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov bölgədə sülh və tərəqqinin təmin edilməsi, o cümlədən nəqliyyat və kommunikasiyaların açılışı, iki dövlətin sərhədinin delimitasiyası, gələcək sülh müqaviləsi üzrə işə başlanılması zəruriliyi ilə bağlı Azərbaycanın məlum mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Nazir tərəflərin öhdəliklərinin tam icrasının vacibliyini qeyd edib. Bu xüsusda 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı və bunun qəbuledilməzliyi vurğulanıb. Telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında normallaşma prosesi üzrə növbəti addımlar, regional gündəlikdə duran məsələlər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular da müzakirə edilib.
Rəsmi İrəvanın telefon danışığı haqda xəbərində isə gözlənildiyi kimi, ənənəvi erməni ritorikası əksini tapıb. Mirzoyan yenə köhnə havanı çalıb. “Qarabağ konfliktinin hərtərəfli həlli vacibliyi”dən və “Minsk Qrupu həmsədrliyi formatı”ndan, olmayan “erməni hərbi əsirləri”ndən dəm vurub.
*****
Xatırladaq ki, Karen Donfrid az öncə - keçən ay bölgəyə səfər eləmiş, Bakıdan sonra İrəvanda olarkən Azərbaycan əleyhinə qalmaqallı açıqlamalar vermişdi. Söhbət xüsusən də rəsmi Bakının iradəsi əleyhinə ABŞ-ın ATƏT-in Minks Qrupunu diriltmək cəhdlərindən gedir. Azərbaycan üçün bu yanaşma əlbəttə ki, qəbuledilməzdir.
Ən azı o səbəbə ki, Minsk Qrupu artıq keçmiş status-kvonu simvolizə edən bir anlayışdır, keçmişdir. 28 ildə konfliktin həllində heç bir irəliləyişə nail olmayan uğursuz bir qurumu reanimasiya eləməyə çalışmaq, - həm də münaqişə tərəflərindən biri olmuş Azərbaycanın istəyi əleyhinə, - uğursuz danışıqlar formatını geri qaytamaq, köhnə status-kvonu bərpa eləmək səylərindən başqa bir şey deyil. Vaşinqtonun heç də xoş olmayan niyyətindən xəbər verən bir mövqedir. Bu, həmçinin eyni şeyi arzulayan kapitulyant Ermənistanın destuktiv siyasətinə dəstək, onu məğlub edilməyən tərəf kimi göstərməkdir, habelə erməni radikal-revanşistlərin “çörəyinə yağ sürtmək”, 10 noyabr sənədinin əhəmiyyətini arxa plana keçirmək cəhdidir. Demək, kövrək sülh prosesinə zərbədir. Üstəlik, Minsk Qrupu həmsdərindən birinin - Rusiyanın bu formatdan imtina elədiyi zamanda.
Doğrudur, ötən həftə Dövlət Departamentinin sözçüsü Bakı və İrəvan arasında ABŞ-ın Minsk Qrupu formatından kənar da vasitəçilik missiyasını mümkün saydığını bildirib. Lakin bu, hələ Vaşinqtonun Minsk Qrupundan tamamilə imtinası anlamına gəlmir. Sanki ABŞ bunu Azərbaycana qarşı “gizli təzyiq silahı” kimi öz əlində saxlayır.
Bununla o, sözsüz ki, həm də İrəvana hansısa ümidlər verir, guya ermənilərin dərdinə Rusiyadan daha çox yandığı mesajını ötürür, 44 günlük müharibədən sonra Ermənistanda Rusiyaya qarşı onsuz da pisləşən etimadı bir az da sarsıtmağa, “qərbyönlü” N.Paşinyanın isə özünü daha “kamfort”, daha arxayın, daha məsuliyyətsiz hiss eləməsinə çalışır. Paralel surətdə erməni separatçılarına öz radikal mövqelərində qalmalarına stimul yaratmış olur.
*****
Etiraf edək ki, Amerikanın bu yöndə səyləri “nəticəsiz” də qalmır. Məsələn, bu arada məlum olub ki, Qarabağdakı azsaylı erməni əhali də Rusiyanı “düşmən dövlət” qismində görür (halbuki 44 günlük müharibədə onların tək xilsakarı məhz Rusiya, Putin olub).
Bu barədə “Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutu”nun keçirdiyi sorğunun nəticələrindən məlum olub.
Sorğu ilə bağlı hesabatın yekun hiasəsində deyilir: “Artsaxda (DQR) 44 günlük müharibədən sonra Rusiyanı Ermənistan üçün dost ölkə hesab edənlərin sayı demək olar ki, iki dəfə azalıb. Üstəlik, Rusiya dost olmayan ölkələr siyahısında Türkiyə və Azərbaycandan sonra üçüncüdür”.
Nankorluğun buynuzu-zadı olmur ki...
*****
Okeanın o tayndan verilən mesajlardan ruhlanan İrəvan eyni zamanda Azərbaycanı həyasızcasına işğalçı kimi təqdim eləməyə, 10 noyabr üçtərəfli kapitulyasiya aktını görməzlikdən gəlməyə, önun önəmini azaltmağa yönəlik addımlarına davam edir. Bu sənədin əsas bəndlərini yerinə yetirməkdən maksimum yayınmağa, vaxtı süni şəkildə uzatmağa çalışır.
Söhbət ilk növbədə 4-cü bənddən - erməni qanunsuz silahlə dəstələrinin Qarabağdan qeyd-şərtsiz çıxarılmasından gedir. Nəyi ki, nazir Bayramov amerikalı diplomat Denfridə xüsusi xatırladıb. Bu xatırlatmanın bir anlamı da heç şübhəsiz, İrəvanın destruktiv mövqeyi üzündən artmaqda olan yeni müharibə təhlükəsi barədə ABŞ-ı xəbərdar eləməkdir.
Xanım Denfridin Bayramovun ismarışına hansı reaksiya verdiyi bəlli deyil. Dəqiq olan odur ki, Ermənistan rəhbərliyi Rusiya öz yerində, müstəsna olaraq Qərbə, ABŞ-a arxayın olaraq özünü yenə az qala qalib ədası ilə aparır, Bakıya qarşı sırtıqcasına köhnə şərtlər irəli sürür, Minsk Qrupunu gündəmdə saxlamağa səy edir, 10 noyabr sənədindəki öhdəliklərdən yayınır. Hansı sənəd ki, Qərbi də fakt qarşısında qoymuşdu və əslində onun da ürəyincə deyil.
*****
Ancaq köhnə status-kvo daha qayıtmayacaq. Azərbaycan isə uzun müddət belə duruma dözüm göstərə bilməz. Xüsusən də ərazimizdəki qanunsuz silahlı birləşmələr tezliklə çıxarılmalıdır. Bunun o yan-bu yanı yoxdur. Obrazlı desək, yarımçıq, 20-30 faizlik hamiləlik olmir, o ya var, ya da yoxudr.
Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz bu yerdə tam haqlıdır deyəndə ki, “Ermənistan 10 noyabr 2020-ci ildən bu günədək kapitulyasiya anlaşmasında verdiyi sözləri yerinə yetirmək əvəzinə, zaman qazanmağa, ”Qərbin həyasız uşağı kimi" mövcud statusu qorumağa çalışır".
“Ermənistan Azərbaycanı beynəlxalq hüquq platformasında tək qoymağa, günahkar, savaşı yaradan tərəf kimi təqdim etməyə çalışır. Bu, qəbuledilməz davranış formasıdır. Ermənistan yeni dünya düzəninin olduğunu, Cənubi Qafqazda yeni statusun yarandığını anlamalıdır. Cənab Prezident İlham Əliyev də bunu dəfələrlə vurğulayıb. Türkiyə prezidenti, xarici işlər naziri və müdafiə naziri də bu mövzuda Ermənistanı verdiyi sözlərə səmimi şəkildə əməl etməyə dəvət edib. Türkiyə Azərbaycanın təsdiq etmədiyi, hə deməyəcəyi hər hansı bir fəaliyyətin qəbul edilməyəcəyini dəfələrlə bildirib. Nəticə olaraq Ermənistan vaxt qazanmağa, məhv edilmiş ordusunu (70 faizi) bərpa eləməyə, Qərbi Cənubi Qafqazın sabit bir bölgə olmadığına inandırmağa çalışır”, - deyə hərbi ekspert qeyd edib.
Lakin bu cəhdlər fiaskoya məhkumdur. Çünki zaman artıq Ermənistana və onun havadarlarına işləmir...
Analitik xidmət,
“Yeni Müsavat”
Tarix: 3-08-2022, 10:05