Rusiyadan qorxmamaq – “Vaşinqton Post”


“Vaşinqton Post” qəzetində “ABŞ Rusiyadan çox güclüdür. Özümüzü bu cür də aparmalıyıq” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin icmalçısı Maks Butdur.
Ukraynada müharibə üçüncü mərhələyə qədəm qoyub.
Fevralın 24-dən başlanan birinci mərhələ Rusiyanın Kiyevi ələ keçirmək cəhdindən ibarət idi. Lakin Rusiyanın bərbad logistikası (40 mil uzunluğunda hərbi karvanı xatırlayırsınız?) və Qərbdən tədarük olunan “Stinger”, “Javelin” kimi əl silahlarından bacarıqla istifadə edən Ukraynanın müqaviməti hesabına bu cəhd iflasa uğradı.
İkinci mərhələ aprelin ortalarında Rusiya diktatoru Vladimir Putinin öz qüvvələrini Donbasın şərqindəki Luqansk bölgəsində cəmləşdirdiyi dövrdə başlandı. Rusiya artilleriyasının fasiləsiz zərbələri ilə səciyyələnən bu mərhələ iyulun əvvəlində Ukrayna qoşunlarının Luqanskdan geri çəkilməsi ilə nəticələndi.
Müharibənin üçüncü mərhələsində Ukrayna qoşunları Donetsk vilayətində güclü müdafiə mövqeyi tutur və Qərbdən gətirilən yüksək mobil artilleriya sistemləri, eləcə də daha uzaq mənzilli başqa silahlar vasitəsilə effektiv şəkildə cavab zərbələri endirir. ABŞ-ın HİMARS raket sistemi ukraynalılara Rusiyanın silah-sursat anbarlarından və komanda məntəqələrindən ibarət 100-dən çox mühüm obyektini məhv etməyə imkan verməklə oyun qaydalarını dəyişib.
“Vaşinqton Post”a açıqlamasında ukraynalı tabor komandiri bildirib ki, HİMARS işə düşəndən bəri Rusiyanın endirdiyi zərbələrin sayı on dəfə azalıb.
Başqa bir ukraynalı zabit “Wall Street Journal” qəzetinə deyib: “Bura bir cəhənnəm idi. İndi isə cənnət kimi görünür. Çox sakitlikdir. HİMARS əldə olunandan sonra hər şey dəyişdi”.
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin gündəlik hərbi itkilərinin 100-200 nəfərdən 30-a düşdüyünü bildirib.
Ukrayna cəmi 12 ədəd HİMARS (tezliklə onların sayı 16 olacaq) sistemindən yararlanmaqla belə effektiv mübarizə aparırsa, görün onlarca daha güclü silahlarla, habelə Ordu Taktiki Raket Sistemləri (ATACMS) ilə təchiz olunsa nələr edər.
ATACMS eyni platformadan istifadə edən, lakin diapazonu dörd dəfəyədək güclü olan raket kompleksidir. Amma bu raket sistemlərinə Qərbin tankları və qırıcıları da əlavə olunmalıdır. Əgər Qərb bütün bu silahları Ukraynaya göndərsəydi, Kiyev ölkənin cənub və şərqində itirilmiş torpaqları geri qaytara, müharibənin dayandırılması ilə nəticələnəcək bir əks-hücuma keçə bilərdi.
ABŞ prezidenti Cozef Baydenin administrasiyası getdikcə Ukraynaya daha çox HİMARS tədarük etməyə başlayıb və mart ayında Polşanın MiQ-29 göndərmək planı ləğv edildikdən sonra ilk dəfədir Ukraynaya Qərb istehsalı olan qırıcı təyyarələrin göndərilməsini də müzakirə edir.
ATACMS texnikası isə müzakirə olunmur. Çünki ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın bu günlərdə bəyan etdiyi kimi Ağ ev üçüncü dünya müharibəsinə aparacaq bir yol tutmaq istəmir.
Ukraynaya hətta ikinci böyük şəhəri olan Xarkovu atəşdən qorumaq üçün HİMARS-dan istifadə etməyə icazə verilmir. Nədir-nədir, Xarkovu atəşə tutan rus artilleriya batareyaları Rusiya ərazisində yerləşir.
Bu cür yanaşmaya strateji hesablama demək olmaz. Doğrudanmı Ceyk Sallivan inanır ki, bizim Ukraynaya 50 mil mənzilli raketlər göndərməyimiz Putini dayandıra bilər, 180 millik məsafəni vuran raketlər göndərməyimiz isə Putinin yeni dünya müharibəsinə başlamasına gətirib çıxarar?
Doğrudanmı Ukraynaya HİMARS raketlərinin, NASAMS hava hücumundan müdafiə sistemlərinin, 155 millimetrlik haubitsaların, “Phoenix Ghost” dronlarının, “Javelin” və “Stinger”lərin göndərilməsi təxribat deyil, qırıcıların və tankların göndərilməsi isə təxribatdır?
Prezident Bayden Amerika qoşunlarını ruslarla birbaşa döyüşə göndərməməkdə haqlıdır, lakin ATACMS raket kompleksi, F-16 qırıcıları, “Abrams” tankları göndərilsə, çox düzgün olardı.
Sovet İttifaqı ABŞ-ın döyüş təyyarələrini vurmaq üçün Şimali Koreyanı və Şimali Vyetnamı qırıcılarla təmin etməkdən çəkinməmişdi. Şimali Koreyaya hətta birbaşa sovet pilotları uçurdu. İndi biz niyə eyni metodla cavab verməyək?
Ukraynada müharibə başlananda bəziləri qorxurdu ki, Putin çox aqressiv davranır, lap nüvə silahına da əl ata bilər. Ancaq son beş ay bizə göstərdi ki, Buça qəssabı nə qədər qəddar olsa da, intihar yolunu tutacaq dərəcədə ağılsız deyil.
Uduzacağını anlayanda Putin Kiyevdən geri çəkildi. Bu, müdrik addım idi. Onun Luqanskda artilleriyadan istifadə etməsi isə, nə qədər amansız olsa da, ağıllı gediş idi.
Putin Ukraynanın Rusiyadakı hərbi obyektlərə zərbə endirməsi haqda deyilənləri faktiki qulaqardına vurub. O, Ukraynaya silah daşınmasında əsas məntəqəyə çevrilmiş Polşaya hücum etməyib. Finlandiya və İsveçin NATO-ya qoşulması prosesi start götürsə də, NATO Rusiya sərhədinə əlavə qüvvə yerləşdirsə də, Putin heç kimin üstünə atılmayıb.
Putin ABŞ və NATO kimi güclərlə kəllə-kəlləyə gəlməkdən qaçan, zəiflərin – Gürcüstanın, Ukraynanın, Suriya üsyançılarının üstünə şığıyan klassik bir xuliqandır.
Onun ağlı-başı üstündədir. Putin anlayır ki, rus ordusu Ukrayna ilə müharibədə çətinlik çəkirsə, deməli, NATO ilə müharibədə heç bir şansı olası deyil.
Birləşmiş Ştatlar nüvə arsenalının gücü baxımından Rusiyadan geri qalmır. Başqa imkanlarına görə isə Rusiyadan çox-çox üstündür.
Bayden Putindən qat-qat güclü mövqedə olsa da, aciz kimi davranır. Biz Ukraynadan heç bir dəstəyimizi əsirgəməməliyik. İmkan verməyin Putin bizi bundan çəkindirsin. Putin bizdən qorxmalıdır, biz Putindən yox!
Müharibə artıq Moskvaya baha başa gəlib. Rusiya 1000-ə yaxın tankını itirib, onun 60 minə yaxın əsgəri ya öldürülüb, ya da yaralanıb. Ukraynalıların çoxlu HİMARS-ı, ATACMS-ı, habelə tankı, döyüş təyyarələri olsa, Rusiya silahlı qüvvələrindən əsər-əlamət qalmayacaq. ABŞ, nəhayət ki, Ukraynanın qalib gəlməsinə kömək etmək öhdəliyi götürməlidir. Onda müharibənin dördüncü mərhələsi həlledici olardı.
Tarix: 4-08-2022, 22:40
Xəbəri paylaş





Xəbər lenti