Rusiya-Qərb qarşıdurması, YDN və “Sərin Müharibə”



Kamal Əliyev
 
Əvvəlcə ondan başlayım ki, SSRİ-nin dagılmasından sonra mövcud beynəlxalq münasibətlərin əsas hipergücü (hiper power) ABŞ idi. Əslində “Soyuq müharibə" dövründən 2008-ci il baş vermiş iqtisadi böhrana qədər ABŞ-ın hegemoniyası "hipergüc"statusunda idi. Lakin məlum iqtisadi böhran Vaşinqtonu hipergücdən supergücə çevirdi.
 
Buna rəgmən, mövcud bipolar (təkqütblü) dünya sistemi multipolar (çoxqütblü) mərhələyə qədəm qoyur.Bu yeni mərhələ "Sərin Müharibə" kimi təsbit oluna bilər.
 
Şübhəsiz ki, “Sərin Müharibə” indiyəcən bizim qavradıgımız klassik "Soyuq Müharibə" konsepsiyasından bəzi parametrlərinə görə fərqlənir. Burada əsas fərqləndirici meyarlar budur ki, "Sərin Müharibə" epoxiyasında yeni sənaye inqilabı, rəqəmsal yeniliklər, qlobal internetin bölünməsi kimi faktorlar var.
 
Qeyd edim ki, Rusiya Ukraynada ugur qazanarsa (bunu əsla arzu etmirəm) bu, ona gətirib çıxaracaq ki, Dnestryani, Tayvan kimi məsələlərdə Moskva və Pekin daha istəkli şəkildə hərbi müdaxilələrə girişəcəklər. Üstəlik, nəzərdən qaçırmamalıyıq ki, Rusiya Serbiya-Kosovo kimi dondurulmuş ixtilafı yenidən qaynada bilər. Belə olan təqdirdə, qlobal güclərin proksiləri "Sərin Müharibə" konsepsiyasına uygun olaraq, qarşılıqlı hesablaşma mərhələsinə qədəm qoyacaqlar.
 
Yeni Dünya Nizamına keçid (YDN) o demək deyil ki, biz bir neçə ildən sonra səhər yuxudan ayılıb ikiqütblü dünyanı görəcəyik. Dogrudur, proses başlayıb, lakin bunun 2028-2030-cu ildən əvvəl reallaşacagını görmürəm. Belə demək mümkünsə, Çin 2030-cu ildə dünyanın ən böyük iqtisadi gücü olacaq. Belə olan təqdirdə, Çin iqtisadi gücünü hərbi-siyası potensialı ilə pərçimləyərək özünü yeni bir "qütb" kimi təqdim edəcək. 2030-cu ildə dünyanın ən güclü 10 iqtisadiyyatı arasında Qərbi ancaq ABŞ, Böyük Britaniya və Almaniya təmsil edəcək. Çin, İndoneziya, Rusiya, Hindistan, Braziliya və Meksika da 10 ən güclü iqtisadi mərkəzlərdən olacaqlar.
 
Ancaq hazırda Çin və Rusiyanın mövcud olduqları potensialla ABŞ-ın qarşısında “qütb" olduqlarını demək hələ tezdir.
 
Rusiyanın "böyük güc" sindromu və Ukrayna
 
Rus siyasi elitasına görə, Rusiya imperiya olmağa məcburdur. Əks təqdirdə, bu ölkə parçalanaraq ayrı-ayrı kiçik dövlətlərə çevrilə bilər. Bu gün Kremlin siyasət ağlını müəyyən edən və rus siyasi elitasına "yol göstərən" Aleksandr Duginin avrasiyaçılarının fikrincə, Ukraynada məğlubiyyət bütövlükdə Rusiyanın kiçilməsi  və sıradan bir slavyan dövlətinə çevriməsiylə nəticələnə bilər. Ona görə, ruslar ən azından Ukraynanın şərqini anneksiya etməkdə israrlı görünürlər.
 
Ukrayna mövzusu Rusiya üçün "mövcudolma" məsələsidir. Məşhur amerikalı strateq Bjezinski deyirdi ki, Ukrayna dünyada geopolitik əhəmiyyəti olan 5 pivot ölkədən biridir. Dogrudur, Ukrayna hər hansı iqtisadi və siyasi güc deyil, amma geosiyasi mövqeyi bir xeyli dərəcədə qlobal aktorların siyasi hədəflərinə təsir göstərir. Bu baxımdan, Ukraynada uğur qazanan tərəf Avrasiyanın gələcəkdəki geopolitik mənzərəsində söz sahibinə çevriləcək.
 
Yeri gəlmişkən, 90-cı illərdə Rusiya siyasi elitasında liberal paradiqma xeyli güclü idi. Ancaq plansız özəlləşdirmələr, oliqarxların sürətlə varlanması eyni zamanda, buna sinxron olaraq rus təbəəni yoxsullaşdırdı. Üstəlik, Çeçenistan və Tatarıstandakı mərkəzdənqaçma meyilləri rus xalqını yeni lider axtarışına sövq edirdi. Halbuki, Kremldəki liberal paradiqma Vladifastokdan Lissabana qədər "Greater Europa" konsepsiyasını müdafiə edirdilər. Boris Yeltsinin vaxtında Kremldəki liberal elita Rusiyanı Avropa ilə birlikdə görürdü, hətta o vaxt Moskva NATO-ya daxil olmağı da düşünürdü. Daha sonra Rusiyada "silovik" adlanan ordu-bürokratiya-kəşfiyyat zehniyyəti Vladimir Putinlə iqtidara gəldi. Və Putin elə o vaxtdan Kremldəki liberalları sıxışdırmaga başladı və Rusiyanı yenidən neoimperial hədəflərə istiqamətləndirdi.
 
Xüsusilə, V.Putinin 2007-ci ildə Münxen Təhlükəsizlik Konfransında Qərbə meydan oxuması, keçmiş SSRİ-nin hinterlandında NATO-nun genişlənməsinə imkan verməyəcəyini deməsi böyük şok effekti yaratdı. Həm də 2000-ci illərdə Rusiya neft gəlirləri sayəsində milyardlar əldə etmişdi ki, bu, Putinin neoimperial hədəflərini üçün böyük "stimul" idi. Daha sonra 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstanda hərbi işgalı baş verdi ki, bu, Qərb üçün gözlənilməz oldu.
 
Həmişə vurguladıgım kimi, 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi intervensiyası 2022-ci il 24 fevralda Ukraynaya hücumunun hazırlığı idi. Rusiya 2014-cü ildə Krımı anneksiya etməklə, Ukraynanın şərqində separatçılara dəstək verməklə Qərbə siqnal ötürdü ki, hazırlaşın, növbəti hədəfim daha böyükdür.
 
Geopolitika və cari beynəlxalq münasibətlər onu ifadə edir ki, diktator Putin üçün Ukraynanın işğalı Rusiyanı qlobal sistemdə ABŞ-a rəqib, məğlub olması isə Kanada kimi bir dövlətə çevrilməsinə təkan verəcək. Eyni zamanda, Ukraynadakı uğursuzluq Rusiyanın Avrasiya imperiyası xülyasının da üzərindən xətt çəkilməsi anlamına gəlir.



Tarix: 9-08-2022, 07:58
Xəbəri paylaş





Xəbər lenti