Qarabağ ətrafında cərəyan edən proseslər onu deməyə əsas verir ki, mövzu “Qarabağ problemi”ndən çoxdan çıxıb. Hazırda əsas məsələ Zəngəzurla bağlıdır.Rusiyanın Ukraynaya təcavüzü, ABŞ və Avropa ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar şimal qonşumuzun iqtisadiyyatına ciddi təsir göstərir. Rusiya cənub və şərqə baxmağa məcburdur. Yəni
Ukraynaya təcavüz faktı olmasaydı və Qərbin sanksiya məngənəsində sıxılmasaydı, çətin ki yönünü cənuba və şərqə tutardı. Bu həm də o anlama gələcəkdi ki, Rusiya Qarabağda istədiyi kimi davranacaqdı. İstədiyi vaxt gərginliyi artırıb, istədiyi vaxt azaldacaqdı.
Beləcə təkcə münaqişəni yox, həm də bölgəni idarə edəcəkdi.Son baş verənləri izlədikdə Rusiyanın tələsdiyini görürük. Rusiya üçün Zəngəzur –
Zəngəzur dəhlizi” yox, məhz Zəngəzur – olmazsa-olmazlardandır.
Baş verənlər belə təəssürat yaradır ki,
Rusiya Zəngəzuru Ermənistanın idarəetməsindən almaq istəyindədir. Bu, müqavilə ilə mi olacaq, yoxsa hansısa başqa üsulla, bunu indidən demək çətindir, ancaq Rusiyanın israr etdiyi bəllidir.
Rusiya hətta Zəngəzuru Ermənistanın əlindən qoparsa, rəsmi İrəvanın Qərbə üz tutmasına belə göz yuma bilər.Azərbaycan isə bu məsələdən istədiyi kimi yararlanmaqdadır. Qarabağda yüksəkliklərə nəzarəti ələ keçirir, Laçın və kəndlərini boşaltmaq üçün təzyiqini artırır. Bu, ciddi nəticələr də verir. Müharibədən sonra Rusiya tərəfi Qarabağdakı separatçı rejimin himayədarı,
su gətirəni, ev tikəni kimi davransa da, indi Xankəndidə oturduqları masaya Azərbaycan bayrağı belə qoyurlar.
Maraqlar necə siyasət yeridəcəyini müəyyənləşdirir. Rusiya hazırda Azərbaycan tərəfinin bütün “şıltaqlıq”larına göz yummaq məcburiyyətindədir.
Diqqətinizə çatdırmaq istəyirəm ki, müharibədən bir qədər sonra Rusiya Hadrut və Şuşanın erməni tərəfinə verilməsi üçün təzyiqlər edirdi, indi isə tam əskini görürük.Ermənistanın yanında və ona açıq dəstək verən tək ölkənin isə İran olduğunu görürük. İran Prezidenti artıq neçənci dəfədir bəyan edir ki, bölgədə sərhədlərin dəyişməsi onların qırmızı xəttidir. Bizim cəmiyyət bunu bəzən lağa qoyur, bəzən qeyri-ciddi yanaşır. Məsələ ondadır ki, İran hansı proseslərin getdiyini bilir və bundan narahatdır.
İranın narahatlığı təkcə Cənubi Azərbaycan deyil. Çünki Zəngəzur əl dəyişdirərsə, dəmiryol və magistiral yol xətti açılacaq, yükdaşıma məhz bu yola keçəcək. Beləcə İran tərəfi ciddi maliyyə itkisi ilə qarşılaşacaq. Bunun üzərinə narkotik trafikini də gəlsək, məsələnin mahiyyəti üzə çıxmış olur. İranla Ermənistan arasındakı son telefon trafikini həm də
“İran öz dərdindədir” kimi də oxuya bilərik və bunda qətiyyən yanılmarıq.
İran Prezidenti
“Bölgədə sərhədlərin dəyişməsi qırmızı xəttimizdir” ifadəsini deyəndə, bu sözün niyə məhz Azərbaycana ünvanlandığı iddia olnur? Düzdür, bunun subyektiv səbəbləri var. İran Azərbaycana qarşı aqressiv davranır. Ancaq hesab edirəm ki, məhz “qırmızı xəttləri” hesab etdikləri məsələdə
İran dolayısı ilə həm də Rusiyaya mesaj verir.Hesab edirəm ki, İranın bu dirənişi çox çəkməyəcək. Çünki qarşısındakı güc təkcə Azərbaycan deyil.
Dolayısı ilə hazırda Ermənistanı Rusiyaya bağlayan hərbi bazalar yox, məhz
Zəngəzurun kontrolu məsələsidir. Taktiki və strateji baxımdan Rusiyanın bu davranışı Azərbaycana sərf edir. İrana sərf etməsə də, Azərbaycan maraqlı olacaq ki, Ermənistanın Zəngəzur üzərindəki suverenliyi götürülsün. Bu o anlama gəlmir ki, həmin ərazi Azərbaycana təhvil veriləcək. Bu, gələcəyin işidir, yaşayarıq, görərik.
Əsas məsələ həmin ərazi Ermənistan idarəçiliyindən çıxarılmasıdır.Bunu erməni tərəfi də çox gözəl anlayır. Artıq partiya sədrlərinin dili ilə
Zəngəzurun əldən getmək üzrə olduğunu bəyan edirlər.Tarixə nəzər salsaq, Zəngəzur, daha dəqiq desək, iki yerə bölünərək adı Qərbi Zəngəzur adlandırılan hissə bolşevik Rusiyası tərəfindən 1920-ci il noyabrın 30-da Ermənistanın tərkibinə verilib. Bu, Azərbaycan torpaqlarının qeyri-qanuni yolla qoparılaraq başqa bir ölkəyə verilməsi demək idi.
Rusiya cənub və şərqə açılmaq üçün ən qısa yolun məhz Zəngəzur olduğunu bilir.
Tarixi səhvini düzəltmək üçün həmin ərazini Azərbaycana hədiyyə etmək niyyətində də olmayacaq. Çünki yolun üzərində olmaq Rusiyaya hava-su kimi lazımdır.
Hesab edirəm ki, bundan sonra Rusiyanın Ermənistana təzyiqləri günbəgün artacaq. Bunu bəzən siyasi yolla edəcək, bəzən Azərbaycanın, ən sonda isə Ermənistandakı hərbi bazaları vasitəsilə.
Sonuncunun olması az gözləniləndir.Ukraynadan fərqli olaraq, Qərbin Qafqaz regionuna təsir gücü, silah daşımaq yolu, demək olar ki, yoxdur. Yəni burada baş verəcək
proseslərə dünya sadəcə seyrçi qalacaq.Azərbaycan hazırkı vəziyyətdən daha çox yararlanmaq üçün əlinə düşən bütün fürsətlərdən sonuna qədər yararlanmalıdır. Bir də belə tarixi fürsət çətin ələ düşsün…
www.yenicag.az
Tarix: 12-08-2022, 23:03