Neçə vaxtdır Azərbaycan vətəndaşları hər gün səhər və ya gün ərzində mediada İrandan ölkəmizə yönəlik nəsə bədniyabət bir açıqlama, təxribatçı bir hərəkət, xoşagəlməz, təhqiramiz addım atılmasına dair xəbər axtarırlar və... həmişə tapırlar.İranın ictimai-siyasi, klerikal dairələri bu məsələdə bizi heç vaxt “umsuq” etmirlər.
Budur, İranın dövlət telekanalı Azərbaycana qarşı növbəti təxribatçı addım atıb. Dövlət teleradio şirkəti olan “İRİB News”un saytı Azərbaycanı “sionistlərin marioneti” adlandırıb.
"Təxribat qazanı"nın daşmasıSayt yazıb ki, Fəriman şəhərinin Qələndərabad qəsəbəsinin əhalisi Azərbaycanın “məzlum” şiələrinə dəstək aksiyası təşkil edib, aksiya iştirakçıları azərbaycanlı şiə xanım Şəhla Fərəcovaya dəstək ifadə ediblər və Azərbaycanın “marionet dövlətinin sionist addımından” öz ikrahlarını bildiriblər”.
Bu, artıq hansısa əyalət axundunun cümə xütbəsi və ya ostan deputatının seçicilər qarşısında çıxışı deyil, dövlətin informasiya siyasətini həyata keçirən media qurumunun xəbəridir və dövlətin mövqeyini ifadə edir. İran kimi siyasi xəbərlərə total senzura tətbiq edən ölkədə belə materiallar sanksiyasız yayıla bilməz və şübhəsiz ki, müvafiq göstəriş yuxarılardam verilib.
Bu, cənub qonşumuzda pıqqır-pıqqır qaynayan “təxribat qazanı”nin növbəti dəfə daşmasıdır. Bundan öncələr bəzi deputatlar açıqlama yayaraq, “Arazın o tayında” da Hüseyn bayraqları qaldırılacağı barədə təxribat səciyyəli fikirlər dilə gətirmişdilər.
Şiələr qırılanda, qovulanda "qırmızı xətt" olmadı, geri qayıdanda oldu?Son 30 ildə, ölkəmiz müstəqillik qazanandan bəri Tehran rejiminin bu sayaq bəzən açıq, çox zaman isə örtülü qaynayan qazanında ölkəmizə qarşı belə horralar çox bişirilib. Unudulmayıb və yaddan çıxmır ki, Ermənistan Azərbaycanın torpaqlarını, özü də İranla həmsərhəd rayonları olan Zəngilan, Cəbrayıl və Füzulinin kəndlərini ard-arda işğal edəndə bu dövlət sərhədlərin 120 kilometrlik hissəsinin dəyişdirilməsinə biganə qaldı, şiə əhalinin öz yer-yurdundan didərgin salınmasını özünün “qırmızı xətti” elan etmədi. Bunun əvəzində erməni işğalına düşmüş ərazilərdə infrastrukturlan dağıdılmasında, tikililərin yağmalanmasında Ermənistanla ortaq oldu, bu ərazilərdə çərikli təsərrüfatlar yaratdı, gediş-gəliş üçün yararlandı, Ermənistana müharibə zamanı və ondan sonra möhkəmlənməsi, güclənməsi üçün hər cür yardımlar göstərdi.
İran açıq-aşkar istəyirdi ki, regionda güclü Ermənistan və zəif Azərbaycan olsun, ya da Azərbaycan, ümumiyyətlə, olmasın.
Bu yerdə deyilə bilər ki, 1993-cü və 1994-cü ildə İran dövləti İmişli və Biləsuvar rayonlarında salınmış çadır şəhərciklərində yerləşən məcburi köçkünlərə müntəzəm yardım göstərib. Bəli, belə bir fakt var. Ancaq həmin yardımlar “Qızıl Aypara” təşkilatının xəttilə edilirdi, ən ümdəsi, İran bu yardımlardan çarəsiz duruma düşmüş insanlar arasında dini təbliğat aparmaq üçün istifadə edir, onları İran simpatizanı olan məzhəbçilər kimi formalaşdırmaq istəyirdi. Sadəcə, bəlli bir zamandan sonra insanlar bu siyasəti anlayaraq etirazlarını bildirdilər, o siyasət iflasa uğradı.
1979-cu ildən sonra ABŞ-la İranın sözünün üst-üstə düşməsi1994-cü ildən ta 2020-ci ilin sentyabrına qədər Ermənistana qahmar çıxaraq Qarabağ münaqişəsinin müharibə yolu ilə həllinin olmadığını deyən Avropa dövlətlərinin yanında İran da vardı. Bu dövlətin rəsmiləri də hər dəfə münaqişənin sülh yolu və qarşılıqlı güzəştlər əsasında həllinin vacibliyini vurğulayırdılar. Bu , 1979-cu ildən bəri yeganə fakt idi ki, iranlı siyasilərlə ABŞ siyasətçilərinin fikri toqquşmurdu, üst-üstə düşürdü və bu siyasi xətt yalnız Ermənistanın mənafeyinə uyğun idi.
Elə ona görə də 2020-ci ilin sentyabrında Qarabağda hərbi əməliyyatlar başlananda Tehran rejimi Azərbaycana dəstək verməyən, susqun qalan və narahatlıq keçirənlərin sırasında yer aldı. Bir epizodda iranlı hərbçilərin ordumuzun irəliləməsinə mane olmaq cəhdi olmuşdu (yuxarıdakı şəkildə). Daha sonra ordumuzun qələbəsi qaçılmaz olanda və ildırım sürətli hücumlar zəfərlə bitəndə İran bölgədə yaranmış, daha dəqiqi, bərpa olunmuş status-kvo ilə barışmamaq xətti seçdi.
Bu dövlət bəzi qərəzli dairələrin ölkəmizə qarşı apardığı informasiya müharibəsində onların səfində yer aldı, öz media qurumlarında feyk xəbərlərin yayılmasını (guya Türkiyə vasitəsilə Qarabağa terrorçu qruplar gətirilib, İsrail bölgədə “məxfi bazalar” qurub və s.) təmin etdi, İranın siyasət və dini xadimləri “sərhəddəki qırmızı xətt”dən danışmağa başladılar. Buraya o boyda İranda təlim keçirməyə başqa poliqon yoxmuş kimi, tarixdə ilk dəfə Zəngilanla sərhəddə İran ordusunun hərbi təlimlər keçirməsini də əlavə etmək olar. Bu, ilk növbədə Azərbaycana təzyiq idi.
Bəlkə də Azərbaycan, Türkiyə və Rusiya rəhbərliyinin prinsipial mövqeyi olmasaydı, İran dövləti Zəngilan nahiyəsində təxribatçı hərəkətlərini davam etdirəcəkdi.
Təbrizi işğal edən Paskeviçin dövlətinə xidmətİranın Rusiyaya yönəlik siyasətində də qəribə bir xətt var. Vaxtilə çar Rusiyasının ordusu general Paskeviçin rəhbərliyi ilə Təbri şəhərini işğal edib, İrana ağır şərtlər qoyub, ərazi və xərac alıb (İran tarixçiləri və siyasi xadimləri bunu hər fürsətdə deyirlər), amma İran hazırda bu dövlətə qahmar çıxır, onun başqa bir dövlətin (Ukraynanın) ərazisini işğal etməsinə dəstək (dron və sair silah-sursat) verir. Tarixi ədalət və dövlət yaddaşı harada qaldı?
“Turan treni”nə maneə yaratmaq cəhdiTehran rejiminin Qafqaz siyasəti ilə bağlı ağlabatan cavabı verilməyən suallar çoxdur. Suallardan biri belədir ki, nədən Ermənistanın ərazisinə heç bir təhlükə olmadığı halda İran bu sərhəd məsələsindən niyə bərk yapışıb və canfəşanlıq edir? Azərbaycan Zəngəzura iddia etmir, olsa-olsa oradan dəhliz istəyir və bu, beynəlxalq qanunlara, eləcə də 10 noyabr üçtərəfli sazişin müddəalarına tam uyğundur. Gümanlar ora gedir ki, İran bu addımı ilə Ermənistandan çox öz mənafeyini güdür, Azərbaycanda Zəngəzur və Naxçıvandan keçməklə Türkiyəyə uzanan kommunikasiya xətlərinin başa gəlməsini istəmir. Obrazlı olaraq bu dəhlizi “Turan treni”nin işləyəcəyi yol adlandırsaq, İranın məqsədi o qatara mane olmaqdır.
Görünür, İran yenə də tarixdə ilk dəfə olaraq Ermənistanın ucqar əyalətində - Qafanda konsulluq açmaqla “işin başında” olmaq fikrindədir. İndiyəcən orada konsulluğa ehtiyac yox idi, amma indi var, çünki Zəngəzur diqqət mərkəzinə düşüb.
Uzun barmaqların Londonda qapı döyməsiLondondakı səfirliyimizə gözlənilməz hücumdan dərhal sonra İranın təbliğat qrupları ciddi-cəhdlə sübut etməyə çalışdılar ki, bu aksiyada Tehranın əli olmayıb. Aksiyanı təşkil edənlərin İran rəhbərliyinə qarşı müxalifətdə olduğu deyilirdi. Amma basqınçılar İran diliylə danışmışdılar axı, onların ritorikası, tələbləri məhz İrandan yayılan açıqlamalarla üst-üstə düşürdü. Yenə həmin “din kartı”, həmin şüarlar, “sionist rejimlə əlaqələr”ə dair ittihamlar, şiə əhalinin sıxışdırılması və s.
İran yeni din yaradır, “Əliallahilik” dirçəldilirİran dövləti artıq şiəlik məzhəbini dolğunlaşdıraraq İslamdan ayırmaq yolu tutub. İdeologiyasının kökündə fars şovinizmi dayanan bu din vaxtilə İslamda mövcud olan, ancaq başqa islami təriqətlər tərəfindən qəbul edilməyən “Əliallahilik” məzhəbinin (Əlini ilahiləşdirən) yenidən dirçəldilməsidir. Bu dəfə artıq İmam Hüseynin də ilahiləşdirilməsi xətti götürülüb.
İran tam olaraq bu ideologiyanı dövlət siyasətinin prioritetinə çevirib, amma əhalisinin 40 faizi ortodoksal islama, sünni məzhəbinə etiqad edən Azərbaycanda bu xəttin yeridilməsi həm siyasi, həm də dini-mənəvi baxımdan uğursuzluğa məhkumdur. Çünki bu ideologiya Azərbaycana yaddır. Bizim uzun illər ərzində formalaşmış milli-dini dəyərlərimiz var. Bu ölkədə heç zaman şiə-sünni bölgüsü, qarşıdurması olmayıb və yenə də yoxdur, ölkədə dini konfessiyalar arasında sabir və nümunəvi tolerantlıq hökm sürür. Kənardan barmaq edən olmasa, bu müstəvidə heç bir ixtilaf olması gözlənilmir. Nifaq yaradanların cəzalandırılması isə heç bir halda hansısa sektanın sıxışdırılması demək deyil. Onların adı üstündədir: “Nifaq yaradanlar”.
Dava din-iman davası deyil, “yorğan davası”dırİranın bizimlə davası din-məzhəb davası deyil, metropoliyanın keçmiş müstəmləkənin müstəqilliyi ilə barışmaması, onu yenidən nəyin bahasına olursa, olsun, öz “köhnə yuvası”na döndərmək davasıdır. Tehran rejimi bu məqsədinə çatmaqdan ötrü xalqımızın köhnə düşməninindən – ermənilərdən masa kimi istifadə etmək niyyətindədir.
Məhz buna görə də hamımız, xüsusilə də dövləti idarə edənlər, ictimai rəyə təsiri olan ziyalılar, mötədil və müstəqil din xadimləri məsuliyyətli və ayıq-sayıq olmalı, yad təsirlərə uymamalı, fitnə-fəsad yuvalarından sellənən təxribatları layiqincə dəf etməlidirlər.
Musavat.com