Zərdüşt Əlizadə: “Amerikaya gözün üstə qaşın var deyən yoxdur” – VİDEO
“Amerika tərəfi qanunsuz tərəfdir. Amerika Türkiyənin müttəfiqidir. Müttəfiq kimi də zəhmət çəkib ona “Patriot” hava hücumundan müdafiə raketlərini verməli idi. ABŞ öz müttəfiqlərinin maraqları ilə hesablaşmır”. Bu sözləri Cəbhə TV-yə açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Onun sözlərinə görə, ABŞ özünü çox ötkəm aparır: “Başqa müttəfiqlərə “Patriot” hava hücumundan müdafiə sistemini verir, amma Türkiyəyə vermir. Türkiyə “F-35”-in istehsalında iştirak edirdi, lakin “S-400”-ləri bəhanə gətirərək Türkiyəni bu proqramdan uzaqlaşdırdı. Daha sonra isə Türkiyə ilə “F-16”-ları müasirləşdirmək ilə razılığı var idi, o ittifaqdan da ABŞ çıxdı. Ümumiyyətlə, ABŞ-ın özünü aparmasına fikir verin. ABŞ beynəlxalq hüquqla öz müttəfiqlərinin maraqları ilə hesablaşmır. Beynəlxalq hüquqla ilhaq cinayətdir. Rusiya Ukrayna ərazilərini ilhaq etmək istəyir. Bayden deyir ki, biz bu ilhaq aktını tanımayacağıq. Bu, beynəlxalq hüquqa ziddir. Sonra İsrailə gedir və elan edir ki, 1967-ci ildə Suriyanın İsrail tərəfindən işğal olunmuş torpaqlarını İsrailə ilhaqını tanıyıb. Yunanıstan NATO-nun üzvüdür. Yunanıstan da Rusiyadan “S-300” raketlərini alıb. Ziddiyyət göz önündədir. Bir sözlə, Amerikaya gözün üstə qaşın var deyən yoxdur”. Müsahibimizin sözlərinə görə, Türkiyənin ərazi bütövlüyünə ciddi təhlükə var və təbii olaraq da Türkiyə öz müdafiə sistemlərini möhkəmləndirməyi düşünməlidir: “Kürd separatçıları Türkiyənin ərazi bütövlüyünə təhlükədir. Kürdləri kim dəstəkləyir? Vaxtilə SSRİ dəstəkləyirdi. NATO-ya üzv olan Türkiyəyə qarşı açıq-aşkar işləyirdilər. İndi də kürdləri Amerika müdafiə edir. Buna ikili standart, gizli düşmənçilik deyilir”. Zərdüşt Əlizadənin fikrincə, ABŞ nə qədər atılıb-düşsə də, sonunda Türkiyəyə “F-16”-ları verməli olacaq: “Çünki Türkiyə beynəlxalq qanunun təsdiq edilmiş hüquqlarından istifadə edir. Türkiyə deyir ki, əgər siz İsveç və Finlandiyanı NATO üzvü kimi görmək istəyirsinizsə, zəhmət çəkin NATO-ya üzvü olan Türkiyənin hüquqlarına da hörmət edin. Siz nə zaman “F-16”-ların müasirləşdirilməsi proqramına icazə versəniz, mən də o zaman onların üzv olmasına icazə verəcəyəm. Təbii ki, Konqresdə “atılıb-düşəcəklər”. Sonunda Bayden Amerikanın milli maraqlarını əsas götürərək bu proqramın həyata keçirilməsinə icazə ala biləcək”.