Putinin dünyadakı gərginliyi azaltmaq “resepti” - öz arzusu, yoxsa reallıq?


 
Dünyada gərginlik pik həddə çatıb. Artıq hər yerdə olası üçüncü dünya müharibəsindən danışılır, yazılır və ən ciddi, bilgili ekspertlər bu təhlükəni bölüşürlər.
ABŞ-ın keçmiş dövlət katibi Kissencer də bir neçə gün əvvəl bu mövzuda qorxunc xəbərdarlıq etmişdi. Bəllidir ki, qarşı-qarşıya duran tərəflərdən biri Rusiyadır. Belə rəylər də var ki, kollektiv Qərbin əsas hədəfi aqressor Rusiyanı çökdürmək, neytral hala gətirməkdir. Ancaq üstündən 6 ay keçməsinə rəğmən, kollektiv Qərb bunu edə bilmədi, Putini sanksiyalarla devirməyi, Rusiya ordusunun Ukraynadan çəkilməsini təmin etməyi bacarmadı. Qərb ekspertləri özləri açıq şəkildə etiraf edirlər ki, Rusiyaya qarşı sanksiyalar Avropa qitəsi ilə məhdudlaşdı, dünyanı əhatə edə bilmədi, Rusiyanı təkləmək mümkün olmadı. İş o yerə çatıb ki, indi Rusiya da öz şərtlərini diqtə etməkdədir. Məsələn, belə bir durumda Putin dünyadakı gərginliyi azaltmaqdan danışır və bunun üçün öz “reseptini” təqdim edir. “Çoxqütblü sistem dünyadakı gərginliyi azalda, hərbi-siyasi sahədə riskləri aradan qaldıra bilər”.
Bunu Rusiya prezidenti Vladimir Putin Moskva Beynəlxalq Təhlükəsizlik Konfransının iştirakçılarına və qonaqlarına müraciətində bildirib. Onun sözlərinə görə, dünyanın müasir çoxqütblü sistemini möhkəmləndirmək lazımdır.
Sitat: “Mövcud qlobal modelin benefisiarları hazırkı vəziyyətdən nə qədər möhkəm yapışsalar da, bu sistemin sonu çatıb - tarixi geosiyasi dəyişikliklər fərqli istiqamətdə inkişaf edəcək. Onlar var gücləri ilə əllərindən çıxan hegemonluğu, hakimiyyəti saxlamağa çalışırlar. Ölkələrin və xalqların neomüstəmləkə nizamının məngənəsindən çıxmasına imkan vermək istəmirlər. Onların hegemonluğu bütün dünya, bütün sivilizasiya üçün staqnasiya, cəhalətpərəstlik, mədəniyyətin məhvi və neoliberal totalitarizm deməkdir. Kollektiv Qərb yeni hərbi alyanslar yaratmaqla məqsədyönlü şəkildə Avropanın təhlükəsizlik sistemini dağıdır. Sözdə onlar bunu Avropada təhlükəsizliyin möhkəmləndirilməsi zərurəti ilə izah edirlər, əməldə isə bunun əksi baş verir”.
O, Rusiyanın ötən ilin dekabr ayında qarşılıqlı təhlükəsizliklə bağlı irəli sürdüyü təkliflərə etinasız yanaşıldığını vurğulayıb. Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar başlanıldıqdan sonra Qərb Rusiyaya qarşı artıq bir neçə sanksiya paketi qəbul edib. Bu məhdudiyyətlər həm də dövlətin rəhbər şəxsləri, maliyyə və sənaye müəssisələri, həmçinin Rusiya Mərkəzi Bankının beynəlxalq rezervlərinin təxminən yarısına aid olub. Putinin təklifi real mənzərədirmi? Yoxsa Putin Rusiyanı çıxılmaz durumdan qurtarmaq üçün hiyləgər gediş edir və bu dedikləri onun, sadəcə, ölkəsinin xeyrinə arzusudur?
Politoloqlar bu fikirlərdə həqiqət payı görürmü? Ümumiyyətlə, ‘’Putin və gərginliyin azaldılması’’ ifadəsi absurd ifadə deyilmi?

Əhəd Məmmədli: “Belə bir ölkəni tək sanksiyalarla çökdürmək alınmayacaq”
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli tərəflərdən heç birinin istədiyini ala bilmədiyini qeyd etdi: “Əvvəllər də qeyd etdiyim kimi, dünya daha əvvəlki kimi tək və ikiqütblü olmayacaq. Dünya 19 əsrin ikinci yarısı, 20 əsrin əvvəllərində olduğu kimi çoxqütblü epoxasına qayıdır. Hələ bir neçə il bundan əvvəl qardaş Türkiyə başçısı Ərdoğan ”dünya 5-dən böyükdür" deyəndə Azərbaycanda da bəzi başı boşlar bunu ironik gülüşlə qarşılayırdı. Vaxt keçdi və Tayyib Ərdoğanın nə qədər uzaqgörən, haqlı olduğunu göstərdi. Putinin son çıxışına gəldikdə isə bəzi məqamlarda haqlı, bəzilərində isə haqsız görsənirdi. Qərbin Rusiyanı təkləməsi, imperialist, müstəmləkəçi olması sözlərində avtoritar Putin haqlı idi. Amma Putin demədi niyə Qərb Rusiyanı təkləyib. Çünki Rusiya özü də Qərb kimi imperialist, müstəmləkəçi, işğalçı bir qüvvədir. Rus dövləti ən yüksək səviyyə olan prezident səviyyəsində öz işğalçı iştahlarını səsləndirib. Ukraynaya işğalçı hücumdan əvvəl rus başçısı çıxışında qonşu postsovet ölkələrinə qarşı işğalçı ambisiyalarını açıq-aşkar ortaya qoyub. Düzdür, sonra Putin İlham Əliyevlə görüşündə “yeni SSRİ” iddialarının Azərbaycan və digər bəzi postsovet ölkələrinə aid olmadığını söyləmişdi. Təbii ki, Putin yalan danışırdı. İstər iqtidar, istərsə də müxalifət olsun, illərdir Rusiyanın yüksək dövlət rəsmiləri tərəfindən imperialist, işğalçı, hədə-qorxu dolu açıqlamalar eşidirik. O ki qaldı 6 aydır davam edən Ukrayna-Rusiya müharibəsində kimin üstün olmasına, fikrimcə, hərbi cəhətdən rus hərbi gücü iflasa uğradı. Yarım ildir müharibə gedir və cəmi 10% ərazini ruslar tuta bildilər. Artıq vəziyyət o yerə çatıb ki, Ukrayna Krıma raket zərbələri endirir və ruslar yarımadanı qaçaraq tərk edirlər. Nəsə bütün bunlardan rus rəsmiləri susur. İqtisadi baxımdan razıyam, Qərb istədiyini Rusiyadan ala bilmədi, Kremli çökdürə bilmədi. Hələ Ukrayna-Rusiya müharibəsi üfüqdə belə görünmürdü, bəndəniz sizin də mətbuat orqanınızda dəfələrlə vurğulayırdı ki, İran, Rusiya, Çin kimi böyük ölkələri ancaq sanksiyalarla çökdürmək olmaz. Hətta Şimali Koreya, Kuba kimi balaca ölkələri belə sanksiyalarla çökdürmək mümkün olmadı. Rusiyaya qarşı sanksiyalara gəldikdə isə bu məsələdə belə Qərb vahid cəbhə ola bilmədi. Putin də bundan məharətlə istifadə etdi. Üstəgəl, Avropa və dünyanın rus qazı, nefti, taxılı, gübrəsi və digər təbii sərvətlərindən ehtiyac duyması bu məsələdə təbii ki, öz son sözünü dedi. Unutmayaq ki Rusiya Federasiyası dünyanın 1/6-ni təşkil edir və bu nəhəng ərazi meşələr, sular və digər həyati əhəmiyyətli sərvətlərlə doludur. Dəfələrlə demişəm ki, belə bir ölkəni tək sanksiyalarla çökdürmək alınmayacaq. Ukraynanın çoxsaylı müraciət, xahiş, yalvarışlarına baxmayaraq Qərb rus qırıcıları və bombardmanlarından nə hava məkanını bağladı, nə də Kiyevə istədikləri uzunmənzilli raketlər, müasir texnologiyalı tankları verdi, verdisə, vaxtında vermədi, ya da az həcmdə verdi. Yəni Ukrayna Qərbdən istədiyi dəstəyi ala bilmədiyi üçün Rusiya həm hərbi, həm də iqtisadi baxımdan ayaqda dura bildi".

Niyaməddin Orduxanlı: “Artıq müharibəni dayandırmağın zamanıdır”
BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı müharibənin bitmə zamanının olduğunu bildirdi: “Vladimir Putinin Ukraynaya hücumu tək Avropa deyil, həm də Qərb üçün çox ciddi gərginlik yaratdı. Rusiya dünyada ən çox nüvə başlığına sahib olan ölkədir. 6000-ə yaxın nüvə başlığı var. Buna görə də Qərb Rusiyanı iqtisadi sanksiyalarla zəiflətmək, çökdürmək planından istifadə etdi. Təbii ki, bu sanksiyaların Rusiyaya çox ciddi ziyanları olmaqla yanaşı, Avropaya və dünyanın bir sıra ölkələrinə də ciddi təsiri olur. Bahalaşma, ərzaq çatışmazlığı, unun, neftin, qazın bahalaşması birbaşa Rusiyaya olunan sanksiyalardan irəli gəldi. Tam haqlısınız ki, Qərbin sanksiyalarla Putini devirmək və yaxud da Rusiyanın daxilində sosial partlayışın yaratmasını təşkil etmək niyyəti baş tutmadı. Artıq bir necə gündür ki, tanınmış şəxslər III dünya müharibəsi təhlükəsindən danışırlar. Bu baş verəcəyi təqdirdə, artıq milyonlar deyil, bir neçə milyard insanın həyatını itirməsi demək olacaq. Bu gərginlik hökm sürür. Putin də həm Rusiyanın daxilinə, həm də dünyaya mesaj verir ki, ”çoxqütüblü sistem dünyadakı gərginliyi azalda, hərbi-siyasi sahədə riskləri aradan qaldıra bilər". Bununla Putin Qərbə əməkdaşlıq təklif edir. Bütün müharibələrin sonu olur. Rusiya son 6 ayda milyardlarla dollar itirib. Putin yaxşı başa düşür ki, müharibə uzun müddət davam edərsə, Rusiya üçün çox böyük itkilər yaradacaq. Vəziyyətdən çıxış yolunun tapılmasını düşünür və bu mesajı verir. Qərb də Putinin bu müraciətini yaxşı başa düşür. Məncə, artıq müharibəni dayandırmağın zamanıdır. Bunun üçün Rusiya beynəlxalq hüquqa əməl edərək, bütün qoşunlarını Ukraynanın ərazisindən çıxarmalıdır və Ukraynanın ərazi bütövlüyünü tanımalıdır".

Kənan Novruzov: “Kremlin müqavimət imkanları  getdikcə azalır”
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Rusiyanın imkanlarının tükəndiyini vurğuladı: “Dünyadakı gərginlik ocaqlarının bir çoxunun arxasında Rusiya prezidenti Vladimir Putinin xarici siyasət kursu, Kremlin imperiya maraqları dayanır. Bunu Cənubi Qafqaz regionuna da baxaraq aydın görə bilərik. Qarabağdakı proseslərin, Gürcüstandakı separatizmin səbəbkarı məhz Kremldir. Həmçinin Ukraynada hazırda davam edən savaşın kökündə dayanan da məhz Rusiyanın maraqlarıdır. Bu mənada Putinin beynəlxalq sabitlik barədə danışması və sülhün qayğısına qalması, əlbəttə, absurddur. Ümumiyyətlə, bütün imperiyalar kimi, Rusiya üçün də sabitlik daha çox ərazidə təsir gücünə sahib olmaqdan ibarətdir. Putinin təklifinə gəldikdə isə bu, Rusiyanın ABŞ-ı supergüc kimi qəbul etdiyini və eyni zamanda öz iddiasından əl çəkmək istəmədiyini göstərir. Kreml rəhbəri çoxqütblü dünya barədə danışmaqla bir növ dünyanı Moskva və Vaşinqton arasında bölmək istəyinə işarə vurur. Buna razı olduğunu bildirir. Lakin Ağ Evin strategiyası məlumdur. Vaşinqton birqütblü dünyada israrlıdır. ABŞ Rusiyaya güzəştə getməyəcək. Kremlin müqavimət imkanları isə getdikcə azalır”.“Yeni Müsavat” 
Tarix: 18-08-2022, 11:59
Xəbəri paylaş





Xəbər lenti