Kremlin altına qoyulan bomba: “Rusiyada siyasi mübarizə qanlı formaya keçir”


Kremlin altına qoyulan bomba: “Rusiyada siyasi mübarizə qanlı formaya keçir” 



Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) jurnalist Darya Duqinanın qətlinin üstünü açıb. 
Bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. "Müəyyən edilib ki, cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib. Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır. O, 2010-cu il təvəllüdlü qızı ilə birgə iyulun 23-də Rusiyaya gəlib. D.Duqinanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək üçün Moskvada mərhumun yaşadığı binada mənzil kirayələyiblər. Qətl günü Vovk Duqinanın fəxri qonaq qismində iştirak etdiyi “Ənənəvi” ədəbi-musiqi festivalında olublar. Vovk qətli törədəndən sonra - 2022-ci il avqustun 21-də qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya keçib. 
Təbii ki, bu, rəsmi məlumatdır və Kremlin siyasi ideoloqu Aleksandr Duqinin qızı Daria Duqinanın öldürülməsi Rusiya hakimiyyətinə qarşı silahlı mübarizənin başlandığını göstərir. Bu baxımdan, Rusiya hakimiyyətinin digər siyasi ideoloqlarının və vəzifəli şəxslərinin də hədəfə gələcəyi istisna edilmir. Qeyd edək ki, Duqinanın öldürülməsi ilə bağlı məsuliyyəti “Rusiya Milli Ordusu” adlanan silahlı təşkilat öz üzərinə götürüb. Bu təşkilatın bazasını əsasən Ukraynada Rusiya ordusuna qarşı könüllü döyüşən ruslar təşkil edir. 
“Rusiyanın Azadlığı” legionu adlanan korpusun başlıca məqsədi yalnız Ukraynadakı işğalçı müharibəyə son qoymaq deyil, həmçinin Putin rejimini silahlı yolla devirməkdən ibarətdir. Yəni Ukraynadakı müharibəyə siyasi və ideoloji dəstək verənlər, eləcə də Putinin təbliğatçıları da terrorla aradan götürülə bilər. 
Bunu “Rusiya Milli Ordusu”nun yaydığı bəyanatdan da görmək olar. RMO-nun “Rospartizan” kanalı vasitəsilə yayılmış manifestindən görünür ki, bu təşkilatın üzvləri silahlı yolla hakimiyyət dəyişikliyinə nail olmağı, hətta məqəsədə çatmaq üçün Prezident Putinə sui-qəsd etməyi də legitim mübarizə üsulu hesab edir: 
“Biz- rus fəalları, hərbçiləri və siyasətçiləri, bundan sonra “Milli Respublika Ordusunun” partizanları və döyüşçüləri Rusiya xalqlarının müharibə qızışdırıcılarını, quldurlarını və zülmkarlarını qanundankənar hesab edirik! Biz Prezident Putini hakimiyyəti qəsb edən və Konstitusiyaya düzəlişlər edən, slavyan xalqları arasında qardaş qırğına səbəb olan və rus əsgərlərini qəti və mənasız ölümə göndərən hərbi cinayətkar elan edirik. Onun siyasətinin mahiyyəti  birilərinə kasıblıq və tabut, digərlərinə saraydır. Biz inanırıq ki, hüquqlarından məhrum edilmiş insanların tiranlara qarşı üsyan etmək hüququ var. Putin bizim tərəfimizdən devriləcək və məhv ediləcək! Məqsədimiz Rusiyanın və onun qonşularının məhvini dayandırmaq, xalqımızın sərvətini soran, bu gün ölkə daxilində və xaricində cinayətlər törədən bir ovuc Kreml iş adamlarının fəaliyyətini dayandırmaqdır. Rusiya Federasiyası hökumətinin və vilayət administrasiyalarının məmurlarını qəsbkarın şəriki elan edirik! Səlahiyyətlərini tərk etməyənlər tərəfimizdən məhv ediləcək. Korrupsiya və məmurlarla əlaqə ilə pul qazanan iş adamlarını Vətən xaini və qəsbkarın vasitəçiləri elan edirik. Tövbə etməyənlərin, bu hökumətə və onun müharibəsinə qarşı açıq söz deməyənlərin malı, özləri də bizim tərəfimizdən məhv ediləcək. Biz güc strukturlarının əməkdaşlarını qəsb edənin şəriki elan edirik. Silahını yerə qoymayanlar, poqonlarını çıxarmayanlar bizim tərəfimizdən məhv ediləcək. Biz hərbi yükləri və müharibədən pul qazanıb ona maddi yardım edənlərin yüklərini - məhv edəcəyimiz qanuni hədəflər elan edirik. Putini hakimiyyətə gətirən Rusiyada evlərin partladılmasını xatırlayırıq. Biz bilirik ki, rejim ən ağır cinayətlərin heç birində dayanmayacaq. Biz isə bəyan edirik: biz yalnız bu hakimiyyətə aid olan şəxslərə qarşı tədbirlər həyata keçiririk. Biz mülki obyektlərə, mülki şəxslərə hücum etməyəcəyik və əgər Putinin təhlükəsizlik qüvvələri belə təxribatlar törədəcək və qurbanları bizə aid edəcəksə, inanmayın! 
Biz Rusiya ordusunun əsgərlərini başqa ölkələrdən - Gürcüstandan, Suriyadan və digər ölkələrdən olan qardaşlarımıza atəş açmağı dayandırmağa çağırırıq. Biz bütün rusları sıralarımıza qoşulmağa və Putin hakimiyyətinin rüsvay etdiyi üçrəngli bayrağın əvəzinə yeni Rusiyanın ağ-göy-ağ bayrağını qaldırmağa çağırırıq. Mübarizəyə hazır olanları bizdən nümunə götürməyə və bu qeyri-insani, ikiüzlü, xalqa qarşı olan rejimi devirməyə çağırırıq! Nə milliyyəti, nə də vətəni olan, yalnız pulu və hakimiyyəti sevənlərin müharibə cinayətləri törətdiyinə görə rusların bütün dünyada təcrid olunmağa başlamasını qəbuledilməz hesab edirik. Dünya Rusiyanın düşməni deyil, Rusiya da bəşəriyyətin düşməni deyil və biz bunu əməlimizlə sübut edəcəyik. Çağırışımıza əməl edənlərin hamısını qoruyacağıq. Proqramımızı rejim dəyişikliyinə qədər həyata keçirən hər kəs qəsb edənin qanunlarına əsasən məsuliyyətdən azaddır. Qələbəmizdən sonra biz Putin hakimiyyəti tərəfindən qanunsuz olaraq məhkum olunmuşların hamısını dərhal azad edəcəyik. Biz Rusiyada yaşayan bütün xalqlara azadlıq verəcəyik və yeni cəmiyyət - oliqarxsız, korrupsiyasız, məmur özbaşınalığı olmayan, yoxsulluğu alçaltmayan cəmiyyət quracağıq. Hər kəsin əməyinə görə mükafatlandırıldığı cəmiyyət. Müharibəsiz və zorakılıqsız cəmiyyət. Hakimiyyətin xalqa məxsus olacağı, vətəndaşların öz liderlərini seçəcəyi, şəhər və kəndlərinin həyatını özləri təşkil edəcəyi cəmiyyət. Elə bir cəmiyyət ki, orada hökmdarlar öz böyüklüyü üçün insan canını fəda edə bilməyəcək, təhsil, tibb və elmi tərəqqi haqqında düşünəcəklər. Hər kəsin Rusiya ərazisində doğulduğuna görə fəxr edəcəyi və orada yaşamaq istəyəcəyi bir cəmiyyət! Yaşasın Azad Rusiya! Harada olursunuzsa olun, bizim kimi vuruşun, bizimlə vuruşun, bizdən daha yaxşı vuruşun! Gəlin Vətənimizi çirkabdan təmizləyək! Qələbə bizim olacaq! Rospartizan teleqram kanalı vasitəsilə bizimlə əlaqə saxlayın”. 
Qeyd edək ki, “Rusiyanın Azadlığı” legionu Ukrayna Silahlı Qüvvələrinin əsasən rus hərbi əsirlərindən və Ukraynanın tərəfinə keçmiş könüllülərdən təşkil olunmuş bölməsidir. Legionun yaradılması 2022-ci ilin martında sosial şəbəkələrdə və Ukrayna mətbuatında elan edilib. 2022-ci il martın 5-də “Rusiya Azadlığı” legionunun üç hərbçisi mətbuat konfransı keçirib. 2022-ci il aprelin sonunda Rusiya Silahlı Qüvvələrində paylanması üçün dərc olunmuş vərəqələrdə legiona qoşulmaq çağırışı yer almışdı. “Rusiyanın Azadlığı” legionunun sıralarına ilk qoşulanlardan biri “Qazprombank”ın keçmiş vitse-prezidenti, Ukraynanın Sumı vilayətindən olan İqor Volobuyevdir. Könüllü silahlı birləşmə Rusiya hakimiyyət dəyişikliyi ilə yanaşı, dövlət bayrağını dəyişəcəyini də bəyan edib. Onlar Rusiyanın ağ-göy-qırmızı rənglərdən ibarət üçrəngli bayrağını, ağ-göy-ağ rəgli bayraqla əvəz edəcəklərini bildirirlər. Ukrayna tərəfində döyüşən rusiyalı partizanlar döyüşlərdə məhz öz bayraqları altında iştirak edir. Bayrağın dəyişilməsi çağırışı “Rusiya Milli Ordusu”nun yaydığı bəyanatda da yer alıb. 
“Rusiyanın Azadlığı” legionunun digər rəmzi “Legion” və “Liberity” (Azadlıq) mənasını verən latın əlifbasının “L” hərfidir. Legionun aprelin 14-də “Telegram” sosial şəbəkəsində dərc olunmuş manifestində diktatura quran Vladimir Putinə qarşı mübarizəinin zəruriliyindən danışılır. O, Rusiyanın iqtisadiyyatımızı, xalqın rifahını, həmçinin, inkişaf etmək və xoşbəxt gələcəyə sahib olmaq hüququnu məhv etməkdə, Ukraynada azad rusları, minlərlə vətəndaşı və yüzlərlə uşağı öldürməkdə ittiham edilir. Legion iyulun 20-də “Telegram”da yaydığı məlumatda öz məqsədlərindən biri kimi 1991-ci il sərhədləri daxilində vahid və bölünməz Rusiyanın qorunub saxlanmasını gördüyünü və separatizmə qarşı çıxdığını bildirib. 
“Rusiya Federasiyasının bütün xalqları arasında ən alçaldılan və hüquqlarından məhrum olan rus xalqıdır”-deyə silahlı qruplaşma bəyan edib. Öz açıqlamalarına görə, legionun bölmələri Ukraynanın şərqindəki döyüş əməliyyatlarına daxil olub, həmçinin Rusiya Federasiyası ərazisində təxribatların təşkilində iştirak edib. İyul ayında legionun döyüş qabiliyyətini bərpa etmək üçün hərbi əməliyyatlardan çıxarıldığı elan edilib. 2022-ci il iyunun 27-də Yakutskda legiona qoşulmağa hazırlaşmaqda ittiham olunan 27 yaşlı yerli sakin saxlanılıb. 
İyul ayında Rusiya Dövlət Duması və Prezident Putin “silahlı münaqişədə düşmən tərəfinə keçmək”, yəni “silahlı münaqişədə Rusiya Federasiyasına bilavasitə qarşı çıxan xarici dövlətin, beynəlxalq və ya xarici təşkilatın qüvvələrinin (qoşunlarının) tərkibində, silah və hərbi texnikadan istifadə etməklə hərbi əməliyyatlar və ya digər hərəkətlərdə iştirakı vətənə xəyanət kimi nəzərədə tutan qanun qəbul edib. Sözügedən qanunu pozan şəxsləri 12 ildən 20-ilədək həbslə cəzası gözləyir. 
Legion haqqında son məlumat avqust ayında Ukrayna Silahlı Qüvvələrinin ərazi çağırış və sosial dəstək mərkəzlərində (keçmiş hərbi komissarlıqlar) tərəfindən yayılıb. Adıçəkilən mərkəzlər tərəfindən Ukrayna ərazisində yaşayan Rusiya vətəndaşlarının “Rusiyanın Azadlığı” legionunun sıralarına cəlb edilməsi məqsədilə kampaniyaya başladığı xəbər verilir. Dariya Duqinanın partladılaraq öldürülməsinə görə “Rusiya Milli Ordusu”nun məsuliyyəti öz üzərinə götürməsi legion üzvlərinin və ya tərəfdalrının Rusiya ərazisində fəallaşdığına dəlalət edir. Bu isə Putin hakimiyyıətinə qarşı silahlı mübarizənin Rusiyanın öz daxilinə keçdiyini qənaətini yaradır. 
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Cebhe.info-ya açıqlamasında bildirib ki, Duqinanın öldürülməsi ilə Rusiyada siyasi qüvvələr arasında rəqabət, o cümlədən hakimiyyət uğrunda mübarizə qanlı mərhələyə keçib. 
Bunun qarşısını almaq isə Putin iqtidarı üçün çətin olacaq: 

“Tarixən Rusiyada həmişə hakimiyyətə qarşı hər hansı narazılıq qətllərlə və sui-qəsdlərlə müşahidə olunub. Vaxtilə “Narodnaya volyaçılar”, yəni “Xalqın iradəsi” adlanan təşkilatın üzvləri çar II Aleksandra sui-qəsd edib öldürmüşdülər. Hətta Leninin qardaşı Aleksandr Ulyanov da o sui-qəsddə iştirak etdiyinə görə edam edilmişdi. Yəni Rusiyada vaxtaşırı bu üsuldan istifadə edilib. Hazırda isə baş verənlər rifah amilindən daha çox Rusiyanın imperiya iddiaları və hamını öldürmək, düşmən elan etmək, qonşuları məhv etmək siyasətinin nəticəsidir. 
Həmin Duqin Qarabağda müharibə başlamazadan öncə də ermənilərin tərəfində idi və deyir ki, Rusiya bütün Qafqaza, o cümlədən Cənubi Qafqaza sahiblik etməlidir. Aleksandr Duqin “Tsarqrad” telekanalını yaradanlardan, hətta İstanbula Tsarqrad deyənlərdən biridir. Belələri Putin rejiminin ideoloqlarıdır. Yalnız Duqin deyil, Satanovsaki, Solovyov, Zatulin kimiləri Rusiyanın imperiya iddialarını ən qatı şəkildə nümayiş etdirməyə çalışırlar. Ona görə də Rusiyanın yaranmış düşmənçiliyi göstərir ki, slavyan-pravoslav qardaşları olan ukraynanlılarla bir yerdə olan adamlar indi tamamilə əks mövqedə dayanıblar. Ona görə də belə halların baş verəcəyi gözlənilən idi. Dariya Duqinaya qarşı edilən sui-qəsd başlanğıcdır. Bu qətllə məsələ yekunlaşmayacaq”. 
Ekspert hesab edir ki, Putin hakimiyyətinə qarşı silahlı mübarizənin elan edilməsi həm də Rusiyada tarixən demokratik siyasi mübarizə ənənəsinin olmaması ilə bağlıdır: 
“Rusiyada nə çar imperiyası dövründə, nə SSRİ zamanında, nə də müstəqillik illərində normal seçki olub. Rusiyada siyasi mübarizə həmişə qətllərlə və edamlarla müşahidə olunub. Tarixdə bir gün də olsa, Rusiya demokratik ənənədən bəhrələnməyib. “Rusiya Milli Ordusu” adlanan təşkilat həm “Narodnaya volyaçılar” kimi demokratik ideyalar irəli sürür, həm də bunu demokratik yolla həyata keçirməyə şərait olmadığına görə terrordan istifadə edirlər. İstənilən halda bu hadisənin adı terrordur. Ona görə də Rusiyanın taleyi olduqca mürəkkəb dövrə daxil olub. Bu, Rusiyanın parçalanmasından tutmuş hakimiyyət uğrunda qanlı savaşlara qədər əhatə edir. Hətta hazırda Rusiyada hakimiyyət uğrunda sivil mübarizə aparanlar bəlkə də bu partlayışdan istifadə edib açıq şəkildə olmasa da, həmin prosesə gizli dəstək verəcəklər”. 
İlham İsmayılın sözlərinə görə, “Rusiya Milli Ordusu” adlanan silahlı qruplaşmanı zərərsizləşdirmək Kreml üçün asan olmayacaq: 
“Əgər Ukraynadakı müharibə olmasa idi, Putin bu cür halların qarşısını ala bilərdi. Amma Rusiya-Ukrayna müharibəsi və Ukraynanın Rusiyaya vurduğu zərbələr fonunda Putin bütün diqqətini daxilə yönəldə bilməyəcək. Ona görə də bu problemin qarşısını tezliklə almaq mümkün olmayacaq. Nə qədər kimisə tapmağa və cəzalandırmağa çalışsalar da son nəticəni əldə edə biməyəcəklər. Artıq ox yaydan çıxıb. Amma nəzərə almaq lazımdır ki, yayılan bəyanatda xoşməranlı tezislərin öz əksini tapmasına baxmayaraq, rus millətinin xarakteri eyni olduğuna görə bu ölkə tarixən dəyişmir. Sovet hökuməti də terror aktlarından istifadə etməklə qalib gəlib. Bu cinayətlərin bir çoxunun arxasında Stalin dayanırdı. İndi də “Rusiya Azadlıq Ordusu” məsələni ideal şəkildə qoyur, amma məqsədə çatmaq üçün təzyiq üsulu kimi terroru, məhv etməyi seçir. Ona görə də Rusiyada siyasi mübarizə qanlı formaya keçdi. Bunun qarşısını almaq çətin olacaq. Onlar bu sui-qəsdi asanlıqla həyata keçirə bilməzdilər. Deməli, kifayət qədər hazırlıq olublar. Hətta onlara Qərbdən dəstək veriləcəyi də gözləniləndir”. 
Tarix: 22-08-2022, 16:38
Xəbəri paylaş





Xəbər lenti