Ruslar Azərbaycana DÜŞMƏNÇİLİKLƏRİNİ GİZLƏTMƏDİ - Özü də RƏSMİ FORMADA
Rusiya Dövlət Dumasının fəaliyyətini işıqlandıran “Duma TV”-də Azərbaycana qarşı təxribat törədilib.
Siam.az xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti nəzarətində olan Laçın şəhərinin, Sus və Zabux kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması, Azərbaycan ordusunun Laçında yerləşməsi ilə bağlı bəyanatından sonra Duma TV-də “Dağlıq Qarabağda Azərbaycan ordusu yerləşdirilib” başlıqlı hərbi tarixçi, politoloq Nikita Buranovun açıqlaması yayılıb.
Səs yazısı formatında olan açıqlamada əvvəldən axıra qədər anti-Azərbaycan mövqe əks olunub. Belə ki, dırnaqarası “hərbi tarixçi” və “politoloq” N. Buranov Azərbaycanın əzəli torpağı olan Qarabağı hərbi güclə zəbt etdiyini və bundan təəssüfləndiyini bildirib: “Azərbaycan hər zaman öz məqsədini açıq bəyan edib, heç vaxt Qarabağı zəbt etmək məqsədini gizlətməyib. Təəssüflər olsun ki, son hadisələr göstərir və sübut edir ki, Azərbaycan istisnasız olaraq hərbi yolla buna nail olacaq. Onlar istisnasız olaraq bu məsələnin hərbi yolla həllinə ümid edirlər. Hətta orada yerləşdirilən Rusiya sülhməramlıları da kifayət qədər gücə malik deyillər. Bunun səbəbi onların ağır silahlarının olmamasıdır. Gördüyümüz kimi Azərbaycan tərəfi heç bir güzəştə getməyə hazılaşmır, “DQR” üzərində tam nəzarəti ələ keçirməyə çalışır”.
Dırnaqarası politoloq biraz da irəli gedərək Qarabağdakı vəziyyəti ermənilərin Birinci Dünya müharibəsindəki düşdükləri vəziyyətə bənzədir, Azərbaycanın Ermənistanın mövcudluğu ilə barışmaq istəmədiyini, Naxçıvana dəhliz istədiyini, Qazaxıstanla razılaşdığını bildirir.
Rusiyalı “tarixçi” bütün bunların “Böyük Turan” ideyasının tərkib hissəsi olduğunu iddia edib. Buranov baş verənlərin ilk növbədə Rusiyanın təhlükəsizliyi çox ciddi çağırış olduğunu söyləyib.
“Politoloq” Ukrayna probleminin olmasına baxmayaraq ölkəsinin xüsusi xidmət strukturlarını Rusiyanın türk regionlarına xüsusi diqqət yetirməyə çağırıb.
Rusiya parlamentinin televiziya kanalında Azərbaycan əleyhinə materialın yayımlanması iki ölkə arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinə ziddir. Erməni diasporu tərəfindən maliyyələşən bu cür dırnaqarası “hərbi tarixçi” və “politoloq”ların Azərbaycanla Rusiya arasındakı mehriban qonşuluq əlaqələrinə zərbə vurmaq istəyi təəccüb doğurmur. Lakin Rusiya dövlətinin idarəçilik qanadlarından biri olan parlamentin-Dumanın televiziya kanalında Rusiya Federasiyasının dövlət mövqeyinə zidd informasiyanın yayılması təəccüb və təəssüf doğurur.
Ona görə də, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin İkinci Qarabağ müharibə və ondan sonrakı dövrdə “Rossiya 1” televiziyasına verdiyi müsahibədən bir sitatı “Duma TV”-nin redaksiya heyətinə xatırlatmaq istəyirik: “Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub. Azərbaycan özünün və bütün dünya ictimaiyyətinin Azərbaycan ərazisi hesab etdiyi torpaqları geri alıb”.