Paşinyan hakimiyyəti Rusiya və ABŞ arasında olduqca təhlükəli oyuna başlayıb... Rusiya kəşfiyyatının Ağ Evin CİA şefindən sonra erməni səfirlə göndərdiyi məxfi təlimatlar barədə məlumatları da ələ keçirdiyi ehtimal olunur...
Ermənistanı yaxın gələcəkdə necə bir situasiya gözləyir? İndi Ermənistan cəmiyyətində ən çox müzakirə edilən mövzu bu sual ətrafında indeksləşib. Və erməni toplumu hələlik bu suala məntiqə yaxın cavab tapmaqda çətinlik çəkir.
Məsələ ondadır ki, hazırda Ermənistan ətrafında cərəyan edən proseslərə erməni toplumunun reaksiyası birmənalı deyil. Ermənistan cəmiyyətində hələ də ənənəvi miflərə və reallaşmayacaq "xəyallara" bəslənən ümidlər təsirini qoruyur. Bu səbəbdən də, erməni toplumu reallığa qayıtmaq imkanlarını və şanslarını bir-birinin ardınca boşa verir.
Ancaq Ermənistan cəmiyyətində reallığı görməyi bacaranlar da olmamış deyil. Belələri hələlik erməni toplumu arasında populyar hesab olunmur və zəif dəstəyə malikdirlər. Sadəcə, reallığı hesablaya bilən erməni siyasi düşüncəsi mövcud situasiyanı proqmatik arqumentlər üzərindən dəyərləndirməyə çalışır.
Nəticədə son vaxtlar erməni toplumunda Ermənistan dövlətçiliyinin süquta doğru istiqamət aldığına yönəlik mülahizələr daha tez-tez eşidilir. İndi ermənilər arasında dövlətçiliyin çöküş prosesinin başladığına əmin olanlar da kifayət qədərdir. Əgər, bu reallığı anlayanların sayı artarsa, Ermənistan cəmiyyəti nəhayət ki, miflərin, əfsanələrin və boş xəyalların girovluğundan da xilas olmaq şansı qazana bilər.
Əsas məsələ odur ki, Ermənistanda qonşu ölkələrin və xalqların ərazisinə olan əsassız iddiaların onların öz dövlətçiliyini çökdürdüyünü anlasınlar. Qonşu ölkələr ilə normal münasibətlər qurub, dinc yaşayaraq, inkişaf etməyi öyrənsinlər. Əks halda, yaxın gələcəkdə Ermənistan adlı dövlət xəritədən silinmiş olacaq. Və reallıqla erməni toplumunun mümkün qədər tez bir zamanda barışması Ermənistan üçün ən faydalı prosesə çevrilə bilər.
Ermənistanda nəşr olunan "Hraparak" qəzetinin yaydığı məlumata görə, erməni toplumu mövcud situasiya ilə barışmağa meyillidir. Qəzet yazır ki, erməni toplumunun Ermənistan üçün biabırçılıq olan 10 noyabr anlaşması ilə barışması onu göstərir ki, Qarabağın itirilməsi və hətta ölkənin bəzi ərazilərinin belə, əldən verilməsində eyni reaksiya müşahidə ediləcək: "Bunun əsl adı savaşdan yayınma deyil, sadəcə, qorxudur. Bundan sonra erməni xalqının ən yaxşı halda, nökər statusu ola bilər. Ona görə də, erməni xalqının Respublika meydanına toplaşaraq, kütləvi şəkildə benzinlə özünü yandırıb, yox olması ən şərəfli çıxış yolu kimi görünür".
Erməni politoloqlar da Ermənistanı gözləyən müəmmalı gələcək mövzusunda pessimist əhval-ruhiyyədədirlər. Politoloq Tevan Poqosyan vurğulayıb ki, Ermənistan öz dövlətçiliyinin son səhifəsini artıq çevirib: "Bizə demişdilər ki, Qarabağı itirəcəyimiz təqdirdə, Ermənistanın dövlətçilik tarixinin sonuncu səhifəsini də çevirmiş vəziyyətə düşmüş olacağıq. Biz artıq həmin sonuncu səhifəni çevirmişik. Əminəm ki, növbəti gündəm mövzusu bundan sonra məhz Sünik (Zəngəzur) olacaq".
Əslində, Zəngəzur mövzusu artıq gündəmdədir. Hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ müzakirə edilir. Böyük ehtimalla yaxın vaxtlarda Zəngəzur dəhlizi 10 noyabr üçtərəfli anlaşmasında təsbit olunmuş şərtlər daxilində açılmış olacaq. Və bu məsələdə rəsmi İrəvanın müqaviməti heç bir nəticə verməyəcək.
Rusiyalı politoloq İqor Korotçenko Zəngəzur dəhlizi ilə bağlı Kremlin mövqeyini şərh edib. Onun fikrincə, Rusiyanın rəsmi mövqeyi ondan ibarətdir ki, üçtərəfli anlaşmalara görə, Zəngəzur dəhlizi eksterritorial statusa malik olmalıdır: "Zəngəzur dəhlizində nəqliyyatın hərəkətinə Rusiya sərhədçiləri nəzarət etməlidir. Üçtərəfli anlaşmalarda Ermənistan tərəfinin bu dəhlizdə hər hansı formatda müdaxilə hüququ nəzərdə tutulmayıb".
Göründüyü kimi, üçtərəfli anlaşmalar və Rusiyanın mövqeyi Ermənistanın iddiaları ilə kəskin ziddiyyət təşkil edir. Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli anlaşmaları imzalamaqla, bu reallığı rəsmən təsdiqləyib. Ancaq rəsmi İrəvan nədənsə, bütün günahları Rusiyanın üzərinə yüklənməyə çalışır. Və böyük ehtimalla siyasi məsuliyyətdən yayınmaq üçün Kremlin ittiham olunmasına yönəlik daxili propoqandanı gücləndirməyə çalışır.
Ermənistan nəşri "Lragir" iddia edir ki, Rusiya Ermənistana münasibətdə öz planlarını reallaşdırmağa cəhd göstərir: "Qarabağda rus sülhməramlılar Laçın dəhlizini Azərbaycana təhvil verdilər, erməni əhalini ərazidən çıxartdılar və ümumiyyətlə, tərksilah olunmağı tələb etdilər. Ermənistanda isə eksterritorial dəhlizlərin marşrutları hazırdır. Rusiya bəzi ərazilərdə nəzarət zastavaları qurmaqla, Ermənistanın suverenliyinin məhdudlaşdırılmasına yönəlik planlarını reallaşdırır. Yəni, Kreml Ermənistan dövlətçiliyinin ləğvi istiqamətində qurduğu planı sona çatdırmaq üzrədir".
Əlbəttə, bu, Paşinyan hakimiyyətinin Rusiyaya qarşı proqaqandasıdır. Ancaq əgər, Kremlin doğrudan da belə bir planı varsa və reallaşdırmağa başlayıbsa, deməli, bunun üçün ciddi səbəbləri də mövcuddur. Hər halda, Paşinyan hakimiyyətinin son vaxtlar Rusiyaya xəyanət etməyə başladığı açıq-aşkar nəzərə çarpır. Və Kreml Rusiyanın yaratdığı qondarma erməni dövlətinin ABŞ və Qərbin nökərçiliyinə keçməsinə seyirçi qalmaz.
Məsələ ondadır ki, son vaxtlar rəsmi İrəvan ABŞ-dan tez-tez direktivlər almağa başlayıb. Əvvəlcə gözlənilmədən SİA rəhbəri Uilyam Börns İrəvana olduqca müəmmalı səfər etdi. Nəticədə Rusiya ilə maksimum səviyyədə yaxınlaşmaqda olan Ermənistan tədricən Kremldən uzaqlaşmağa cəhd göstərdi.
“Hraparak” qəzetinin son məlumatına görə, Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuntsun İrəvana dönüşü də müəmmalı xarakter daşıyır. Qəzet öz gizli mənbələrinə istinadən iddia edir ki, baş nazir Nikol Paşinyanın yaxın ətrafına daxil olan səfirin gəlişinin səbəbi qətiyyən məzuniyyət deyil. Lilit Makunts N.Paşinyanla üzbəüz görüşərək, ona Ağ Evin bəzi mühüm mesajlarını çatdırıb.
"Hraparak"ın məlumatına görə, mesajlar o qədər məxfi olub ki, səfir şəxsən özü İrəvana gələrək, erməni baş nazirlə üzbəüz görüşməli olub: "Mənbələrimizin bildirdiyinə görə, Lilit Makunts Ermənistana gəlməzdən öncə ABŞ-ın müxtəlif rəsmiləri ilə kifayət qədər yüksək səviyyədə şübhəli görüşlər keçirib. Bu görüşlər səfirliyin səhifəsində nədənsə, işıqlandırılmayıb”.
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Rusiya və ABŞ arasında olduqca təhlükəli oyuna başlayıb. Hələlik bu oyunun detalları məlum olmasa da, Kremlin son bir ay içərisində ABŞ-dan iki məxfi təlimat əməliyyatına əks addımlar atacağı şübhə doğurmur. Böyük ehtimalla Rusiya kəşfiyyatı həm CİA şefinin, həm də erməni səfirin gətirdiyi mesajların məzmunundan məlumatlıdır. Çünki, Kremlin İrəvandan belə məlumatları almaq imkanları kifayət qədər genişdir.
Ehtimal etmək olar ki, həm Rusiya XİN-ın, həm də İrəvandakı rus səfirin davranışları məhz kəşfiyyat məlumatlarına verilən rəsmi reaksiyadır. Yəni, Kremlin Paşinyan hakimiyyətinə ABŞ-dan verilən məxfi direktivlərin şifrələrinə artıq bələd olduğu qətiyyən şübhə doğurmur. Əks halda, Kreml Rusiyanın ənənəvi nökəri olan Ermənistan kimi zəif dövlətə nota vermək niyyətinə düşməzdi. Bu baxımdan, yaxın gələcəkdə Kremlin Rusiyaya xəyanət edib, ABŞ nökərçiliyinə can atan rəsmi İrəvanı ümumiyyətlə, erməni dövlətini ləğv etməklə, cəzalandıra biləcəyi tamamilə inandırıcı görünür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Tarix: 27-08-2022, 23:01