Hacıyevin həmləsi, ABŞ səfirliyinin açıqlaması və... - MƏTNDƏN ÇIXAN NƏTİCƏLƏR

  
Məlum olduğu kimi, avqustun 27-də Şuşada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirilib.
Konfransda Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak etsə də, ABŞ və Fransa diplomatları iştirakdan imtina edib. Xarici diplomatlar Şuşa Mərkəzi Meydanı, Şuşa Qalası və Qazançı Kilsəsi ilə  tanış olublar Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev isə "dəfələrlə dəvət olunmalarına baxmayaraq, ABŞ və Fransa səfirləri Şuşaya səfər etməkdən imtina edirlər. Bu, onların Azərbaycanın ərazi bütövlüyünü tanımaması kimi qiymətləndirilməlidir" deyib. Gözlənildiyi kimi, ABŞ-ın Azərbaycandakı səfirliyi Hikmət Hacıyevin ABŞ səfirliyinin Azərbaycan hökumətinin Şuşaya getməklə bağlı dəvətinə etinasızlıq göstərməsi barədə açıqlamasına cavab verib. Mətndə nə deyilir? Səfirlik açıqlamsında qeyd edir, “Amerika Birləşmiş Ştatları səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla, Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir”. Göründüyü kimi, söhbət Şuşa səfərindən imtinadan getdiyi halda səfirlik cavabında işğaldan azad olunmuş digər bölgələrdən bəhs edir. ABŞ səfirliyi “Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə səfərlər edib” deyərərək əslində növbəti dəfə və daha açıq formada Azərbaycanın ərazi bütövlüyünü sual altında qoyur.  Səfirliyin verdiyi bu açıqlamadan üç nəticəyə gəlmək olar: Birincisi, ABŞ əslində Şuşa, Hadrud və digər ərazilərin Azərbaycanın “bütün ərazilərinə” aid olmadığını düşünür və bunu dolayı yolla bu cür ifadə edir. İkincisi, ABŞ səfirliyi Şuşaya getməkdən imtina edərək erməni separatizmini stimullaşdırmağa çalışır. Təsadüfi deyil ki, diplomatlarının Şuşaya getməkdən imtina etməsindən sonra erməni separatçılarının təmsilçiləri ard-arda ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin ünvanına təriflər yağdırırlar. Üçüncüsü, ABŞ və Fransa diplomatları işğaldan azad edilmiş ərazilərə səfər etməyərək vəziyyət stabilləşəndən sonra status barədə danışıqlar aparmaq niyyətində olduqları mesajını verirlər.
Müəllif: Politoloq Turan Rzayev
Siam.az
Tarix: 29-08-2022, 13:22
Xəbəri paylaş





Xəbər lenti