Diqqətlər yenidən Brüsselə yönəlir: "Azərbaycanın yeni tələbləri olacaq"



Politoloq: "Hazırkı vəziyyət tamamilə qəbul olunmayan bir mənzərədir və bizim siyasi baxış bucağımızla uyğunluq təşkil etmir"
Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 31-də Brüsseldə üçtərəfli görüş keçirəcəklər. Bu barədə yerli və erməni mediası məlumat yayıb. Rəsmi Bakı və İrəvandan hələlik görüşlə bağlı açıqlama olmasa da, ekspertlərin bildirdiyinə görə Brüsseldə görüşün reallaşacağı şübhə doğurmur. Çünki liderlərin əvvəlki görüşlərindən sonra verilən bəyanatlarda bildirilmişdi ki, növbəti təmaslar iyul-avqust ayına planlaşdırılıb. Xatırladaq ki, Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında sonuncu görüş 22 mayda Brüsseldə olmuşdu. Mişel görüşdən sonra elan etmişdi ki, yenidən Brüsseldə iyul və ya avqust ayında görüşəcəklər. 
Liderlərin may ayındakı görüşündə sərhədin delimitasiyası, tranzit məsələləri, sülh müqaviləsinin müzakirəsinin davamı barədə razılıq var idi. Bundan başqa Avropa İttifaqı Şurasının rəhbəri demişdi ki, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məsləhət Qrupunun işini təşviq edəcək. Görüşdən keçən 3 ayda bunların heç birinə nail olunmayıb. Səbəb də Ermənistan hakimiyyətinin vaxt uzatmasıdır. 
Onu da bildirək ki, avqustun 19-da Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüş olub. Müzakirələr Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın vasitəçiliyi ilə baş tutub. Hacıyevlə Qriqoryanın Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında keçiriləcək görüşün detalları ilə bağlı bir sıra məsələləri razılaşdırdığına dair məlumatlar var.

Gözlənilən görüşlə bağlı AYNA-ya danışan politoloq İlyas Hüseynov deyib ki, yenidən Brüsseldə danışıqların baş tutacağı ehtimalı artmışdı: "Düzdür, Ermənistan siyasi danışıqlardan yayınmaq və vaxtı uzatmaq, götürdüyü öhdəliklərin icrası prosesini yubatmaq niyyətindədir. Amma rəsmi İrəvan danışıqlardan yayınmağın da mənasız olduğunu anlayır. Bir neçə gün öncə Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirildi. Hesab edirəm ki, bu, Azərbaycan və Ermənistan liderlərinin hazırlıq xarakteri daşıyırdı". 
"Mayın 22-dəki Brüssel görüşündən sonra Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi, faktiki bundan boyun qaçırdı. Azərbaycan isə "Qisas" əmliyyatını həyata keçirməklə öz məqsədinə çatmaqda qərarlı olduğunu bir daha ortaya qoydu. Diqqət edin, "Qisas" əməliyyatından dərhal sonra Ermənistanın Baş naziri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın əlaqəsinin təmin olunmasına imkan yarada biləcəklərini bəyan etdi. Demək ki, Bakının hərbi və siyasi təzyiqi İrəvanı danışıqlarda inkişafa və müsbət nəticəyə vadar edir", analitik qeyd edib.
İ.Hüseynovun qənaətincə Brüsseldə keçiriləcəyi gözlənilən görüşdə artıq regionun hərbsizləşdirilməsi, erməni silahlılarının regionu tərk etməsi və iqtisadi nəqliyyat əlaqələrinin bərpa olunması ilə bağlı qəti tələb ortaya qoyulacaq: "Eyni zamanda, sərhədlərin delimitasiyası ilə bağlı məsələ yarımçıq qalıb. Yekun sülh müqaviləsi ilə bağlı da müvafiq maddələr üzrə iş icra olunmur. Lakin əvvəlki Brüssel görüşündə bu məsələlərin icrasında irəliləyişin olması razılaşdırılmışdı. Hazırkı vəziyyət tamamilə qəbul olunmayan bir mənzərədir və bizim siyasi baxış bucağımızla uyğunluq təşkil etmir. Ona görə də düşünürəm ki, Brüssel görüşü mühüm siyasi nəticələr vəd edir. Çünki Azərbaycan son dövrlər öz qətiyyəti, prinsipiallığı və liderinin siyasi iradəsinin nümayişinin icra olunması ilə xüsusilə diqqət mərkəzindədir".
"Yenilik isə ondan ibarətdir ki, Azərbaycan Üçtərəfli Birgə Bəyanata uyğun olaraq Laçın dəhlizinə alternativ yolun inşasını başa çatdırdı və müvafiq olaraq, Zabux, Sus və Laçın şəhərinin mərkəzi ordumuzun nəzarətinə keçdi. Düşünürəm ki, Mişelin vəd etdiyi iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulan görüşün yubanması da məhz alternativ yolun və onun ətrafında baş verən proseslərin icrası ilə bağlı idi. Bu proses Azərbaycanın xeyirinə uğurla yekunlaşdıqdan sonra siyasi danışılqarı davam etdirmək lazım idi. Düşünürəm ki, Brüsseldə Azərbaycan tərəfi müvafiq olaraq yeni tələblərini ortaya qoyacaq", - deyə politoloq fikrini yekunlaşdırıb. 
Tarix: 29-08-2022, 22:04
Xəbəri paylaş





Xəbər lenti