Azərbaycan Rusiyanın xeyrinə dönüş etmək istəyir?




Həm Azərbaycan rəsmiləri, həm də ölkənin rəsmi mediası ABŞ və Fransaya qarşı kəskin tənqidlərə başlayıb.
Bir neçə gün əvvəl ABŞ Minsk qrupuna həmsədr təyin edəndə, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək bildirib ki, «faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun «reanimasiya» edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər».
Cavabında isə Dövlət Departamenti Bakının Filip Rikerin Minsk Qrupunun həmsədri təyin edilməsi ilə bağlı tənqidi rədd edib.
Avqustun 27-də isə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, ABŞ və Fransa səfirlərinin dəvət edilmələrinə baxmayaraq Şuşaya səfər etməmələrini «ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik».
O, əlavə edib ki, bu ölkələr bir daha səfərlərə dəvət olunmayacaq.
ABŞ-ın Azərbaycandakı Səfirliyindən məsələ ilə bağlı «Amerika Səsinə» bildirilib ki, Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur. «Amerika Birləşmiş Ştatları Səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir».
Milli Məclisin deputatı Aydın Mirzəzadə Turana bildirib ki, ABŞ və Fransa tərəfindən ATƏT-in Minsk Qrupunun reanimasiya cəhdləri həqiqətən var. «ABŞ tərəfindən bu yaxınlarda Dağlıq Qarabağ məsələsi ilə bağlı xüsusi nümayəndəsinin təyin edilməsi da bunu göstərir. Ancaq Minsk Qrupu artıq faktiki olaraq mövcud deyil. Rusiya ondan imtina edib, Azərbaycan bu qrupa ehtiyac olmadığını bildirir və belə olan halda Qrupun nəylə məşğul olacağı aydın deyil».
Onun fikrincə, Azərbaycan Şuşada təşkil olunan beynəlxalq tədbirdə ABŞ və Fransa nümayəndələrin olmaması ilə bağlı etirazında tamamilə haqlıdır. «ABŞ və Fransa sıradan bir ölkələr deyil və dünya siyasətini müəyyənləşdirən əsas faktorlardan biridir, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərdən biridilər və Azərbaycan onlarla sıx münasibətləri var. Söhbət ondan getmir ki, mütləq səfirlər tədbirə qatılsın, səfirliyin nümayəndəsi də ola bilər».
Deputat qeyd edib ki, Azərbaycan işğaldan azad olunmuş zonada aparılan işlərlə bağlı fəaliyyətinə dəstəyini görmək istəyir. «ABŞ və Fransa həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar veriblər. Azərbaycan ərazi bütövlüyünü özü təmin edib. Bu baxımından biz bu diplomatik nümayəndələrini həmin tədbirlərdə görmək, öz ölkələrin mövqeyini yenidən ortaya qoymaqlarını istərdik. Biz ABŞ və Fransa şirkətlərinin işğaldan azad olunan zonada bərpa işlərində fəal iştirakını görmək istərdik».
Mirzəzadə vurğulayıb ki, Azərbaycan bunu öz gücü ilə edir. «Bizim yanımızda başqa ölkələr da var. Özbəkistan, Qazaxıstan bu məsələdə böyük dəstək göstərirlər. Azərbaycan öz gücü ilə hamısını edəcək. Amma nə vaxtsa ABŞ və Fransa şirkətlərinə orada yer olmayacaq».
Deputat hesab edir ki, bu cür münasibət ABŞ və Fransanın beynəlxalq imicinə zərər də vura bilir. «O baxımından ki, bu və ya digər formada problemi olan ölkə sabahısı günü Azərbaycan nümunəsində ABŞ və Fransanın həmin məsələdə iştirakını görməyəcəyini təxmin edir. Biz çox istərdik ki, Azərbaycanın bu narazılığını ABŞ xarici siyasət idarəsi nəzərə alaydı. Azərbaycan Prezidentin köməkçisinin «biz bir daha onları dəvət etməyəcəyik» sözləri ətrafında bu iki xarici ölkənin rəsmiləri ciddi düşünməlidilər».
İctimai fəal Bəxtiyar Hacıyev isə bildirib ki, səfirliklərin Şuşaya səfər etməmələrini ərazi bütövlüyünə qarşı hörmətsizlik kimi dəyərlənmısi düzgün deyil. «ABŞ və Fransanın səfirlərinin Azərbaycandakı vəzifəsi hazırda aktiv deyil. Onların diplomatik missiyaların dövrü başa çatıb».
Fəal qeyd edib ki, cəmi bir ay bundan əvvəl Azərbaycan Prezidenti ABŞ-ın müstəqillik günü ilə əlaqədar həmin ölkənin Prezidentinə məktub yollamışdı. «Həmin məktubda Azərbaycan Prezidenti açıq şəkildə demişdi ki, ABŞ bizim müstəqilliyimizin ilk günlərindən Azərbaycan suverenliyi və ərazi bütövlüyümüzə ən böyük dəstək verən dövlətlərdən biri olmuşdur».
O,hesab edir ki, son günlərdə ABŞ və Fransaya yönələn tənqidlər Azərbaycan Baş nazirinin Avrasiya İqtisadi Birliyinin toplantısında iştirak etdiyi dövrə təsadüf etməsi təsadüf deyil. «Düşünürəm ki, Azərbaycan xarici siyasətində Rusiyanın xeyrinə müəyyən bir dönüş etmək istəyir və İctimaiyyətin rəyini buna hazırlayır. Antiqərb ictimai rəy hazırlayırlar və sonra da Rusiyanın Avrasiya İqtisadi Birliyinə inteqrasiya edəcəklər».
Siyasi şərhçisi Azər Qasımlı isə bildirib ki, Əliyev iqtidarı müəyyən mənada ölkəni postputin dövrünə hazırlayır. «Həmin dövründə də xarici siyasətin yeni strategiyanı hazırlamalıdır. Bu strategiyaya Turan birliyi, türkçülük, Böyük Azərbaycan mövzular aiddir. Ona görə də Ərdoğan Türkiyə ilə belə yaxınlaşma var. Qazaxıstan prezidentinin Azərbaycana gəlməsi, İlham Əliyevin Özbəkistana səfəri, Turanla bağlı yandaş mediasında təbliğat da baş verir. Amma burada da risk var ki, gələn il Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğan vəzifədə qala bilməsə bu hazırlıqlar puç olacaq».
Politoloqun fikrincə, iqtidarın məhz ABŞ və Fransanın üzərinə getməsi həm bununla, həm də ki, Qərbə inteqrasiya etmək mövzusunu gözdən salmaq məqsədilə bağlıdır. «Digər tərəfdən də Əliyevin Putinlə çox güman ki, müəyyən razılaşmalar olub və bu razılaşmalar daxilində də formal olaraq Xankəndini Azərbaycan ərazisi kimi görünməsi üçün Azərbaycan bayrağının orada dalğalanması və Prezidentin nümayəndəsinin orada oturması var, amma Azərbaycan ordusunun Xankəndinə girməsindən söhbət getmir. Bunun müqabilində sülhməramlı kontingentə Azərbaycan ərazisində hərbi bazası statusu verilməsi və ola bilsin ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olması mümkündür»



Tarix: 30-08-2022, 09:26
Xəbəri paylaş





Xəbər lenti