“Laçında Azərbaycan ordusu yerləşəndən sonra ölkəmizə qarşı təhlükələr daha da artıb”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu feysbuk hesabında yazıb.
“Rusiyanın Qarabağla bağlı siyasətindən qaynaqlanan təhlükələri (Putin və Paşinyan son həftə ərzində ikinci dəfə Qarabağı müzakirə edib) arxa plana keçirilməklə, ABŞ və Fransa səfirləri hədəfə götürülməklə ictimai fikir məqsədli şəkildə çaşdırılır. Qarabağda arxa planda qalan təhlükələri açıq formada göstərdiyim üçün bir neçə gündür ki, davamlı olaraq böhtanlara məruz qalıram. Odur ki, öncə aşağıdakıları bildirmək istərdim. Əvvəla, bir müddət ABŞ-da, hazırda isə Britaniyada çalışan iqtisadçı-alim və siyasətçi kimi bildirirəm ki, harada yaşamağımdan asılı olmayaraq heç vaxt Azərbaycan vətəndaşlığına alternativ axtarmamışam. Bilirsiniz niyə? Çünki, hər gün vətənə qayıtmaq planı üzərində düşünürəm və inanıram ki:
- Azərbaycanda da rüşvətsiz, rahat, təhlükəsiz, firavan və xoşbəxt həyata malik olmaq;
- Azərbaycanda da insana dəyər verib hər kəsə, müəllimə də, həkimə də, məmura da layiqli əmək haqqı ödəmək, pensiyaları, təqaüdləri və müavinətləri artırmaq;
- Azərbaycanda da azad biznes üçün şərait yaratmaq, bazar iqtisadiyyatına keçidi başa çatdırmaqla mülkiyyətçilər sinfi, səhmdarlar və sahibkarlar təbəqəsi yaratmaq;
- Azərbaycanda da həm şəxsiyyətli və həm də bilikli insan yetişdirən elm və təhsil, tibbi sığortadan hər kəsin faydalana biləcəyi səhiyyə sistemi qurmaq;
- Hətta Qarabağın rusların nəzarətində olan hissəsini də geri almaq, dövlət suverenliyini ölkənin bütün ərazisində təmin etmək mümkündür.
Bütün bunlara nail olmaq məqsədilə avtoritarizmdən demokratiyaya keçidə gətirib çıxaran siyasi islahatlar aparmaqla gücünü xalqdan alan siyasi hakimiyyət formalaşdırmaq, ailə iqtisadiyyatından milli iqtisadiyyata keçidi təmin etmək üçün azad və rəqabətli bazar iqtisadi institutlarını qurmaq, regional və qlobal inteqrasiyadan faydalanmaq üçün iqtisadiyyatı liberallaşdırmaq və Dünya Ticarət Təşkilatına üzv olmaqla ticarəti və investisiyaları asanlaşdırmaq, idarəetmədə şəffaflığı və hesabatlılığı artırmaq, ən başlıcası da strateji inkişaf kursunu düzgün müəyyənləşdirmək lazımdır.
Hazırda gedən proseslər bizi yanlış istiqamətə aparır. Azərbaycanın Avrasiya İqtisadi Birliyinin Baş nazirlərinin toplantısında təmsilçiliyindən sonra Qərbə yönələn tənqidlərin artması təsadüf deyil. Unutmayaq ki, ABŞ Konqresində erməni diasporası ilə yaxın münasibətdə olanlar ölkənin qanunvericilik tarixində heç vaxt indiki kimi böyük qruplaşmaya malik olmayıb və onların prezident adminstrasiyasına təsir gücü də yüksəkdir. Beləliklə də onlar ilk növbədə ABŞ-Azərbaycan münasibətlərinin pisləşməsində, Azərbaycanın Rusiyanın yanında qalmasında maraqlıdırlar. Odur ki, səhvə yol vermək olmaz.
Hər kəsə aydındır ki, perspektivdə Rusiya ilə bir yerdə inkişaf yoxdur, ona görə də dövlətin strateji maraqlarını cari hakimiyyət maraqlarına qurban vermək xəyanətdir, bu bizə çox baha başa gələ bilər, belə olan halda da son günlər baş verənlərə laqeyd qalmaq olmaz, doğru olanları acı olsa da xalqa demək və əhalini düzgün məlumatlandırmaq lazımdır”, - deyə o qeyd edib.