`XAN`ın böyük oğlunu görəvdən aldılar... - NƏ BAŞ VERİR?
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun tutduğu vəzifədən azad edilərək sərəncama götürüldüyü bildirilir. DİA.AZ xəbər verir ki, bu barədə TNS-ə özəl mənbələrdən məlumat daxil olub. Məlumatı dəqiqləşdirmək üçün Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə müraciət etdik. Şifahi müraciətimiz zamanı əməkdaşımıza bildirilib ki, yazılı sorğu göndərilməlidir. Əksər müraciətləri operativ şəkildə, qısa müddət ərzində cavablandıran Dövlət Miqrasiya Xidməti nədənsə TNS-in bu sorğusunu cavabsız qoyub. Nəzərə alsaq ki, bizim sorğumuz cavablandırılması çətin və vaxt aparan məlumat deyil, o zaman saytımızın sorğusuna cavab verilməməsi suallar yaradır. Ümid edirik ki, növbəti iş günündə Dövlət Miqrasiya Xidməti bu məsələyə aydınlıq gətirəcəkdir. Rza Talıbovun Naxçıvan Muxtar Respublikasında yüksək vəzifəyə təyin ediləcəyi ilə bağlı məlumatlar da var. Qeyd edək ki, bir neçə gün bundan əvvəl Rza Talıbov Bakı Dövlət Universitetindəki işindən də uzaqlaşdırılıb. Xatırladaq ki, Rza Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun böyük oğludur.