ABŞ və Fransa səfirlərinə: ərazi bütövlüyünə şübhə etdiyiniz Azərbaycanda səfirliyiniz olmalıdırmı?


Hüquq üzrə ekspert: “Azərbaycan dövlətinin tam hüququ çatır ki, həmin səfirlərin ölkəmizin ərazisini tərk etməsi tələbini qoysun...”

“ABŞ və Fransa səfirləri dəfələrlə dəvət olunmalarına baxmayaraq, Şuşaya səfər etməkdən nümayişkaranə şəkildə imtina edirlər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər”.
Bunu ötən həftə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən konfransdakı çıxışı zamanı deyib. O, bu hərəkətin ərazi bütövlüyümüzə hörmətsizlik kimi qəbul edildiyini söyləyib: “Çünki bu ölkələrə görə, münaqişə hələ bitməyib”.
Xatırladaq ki, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov nəhayət ki, bu il iyulun 15-də Şuşada olub, Şuşa qalası önündən şəkil paylaşıb. Boçarnikov ondan qabaq işğaldan azad edilən Kəlbəcərə getmişdi.
ABŞ və Fransa səfirləri isə bu dirənişləri ilə gerçəkdən ərazi bütovlüyümüzü şübhə altına almış olurlar. O zaman bu ölkələrin Bakıda səfirliklərinin fəaliyyət göstərməsi hüquqi nonsens deyilmi?
Düzdür, ABŞ səfirliyindən Bakının etirazına münasibət bildirilib. Lakin “səfir Şuşaya niyə getmir” sualı yenə açıq qalıb. Ona cavab verilməyib. Sitat: “ABŞ inanır ki, davamlı dialoq, davamlı əlaqə vasitəsilə, o cümlədən yüksək səviyyələrdə, biz uzunmüddətli və hərtərəfli sülhə kömək etmək üçün mümkün olan hər şeyi edə bilərik. Daha əvvəl dediyimiz kimi, Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur. Amerika Birləşmiş Ştatları Səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla, Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir”.
Göründüyü kimi, bu, cavabdan çox yeni suallar doğuran cavabdır...
Bu xüsusda bir paralellik. 2008-ci ildəki “5 günlük müharibə”dən sonra Gürcüstan Abxaziya və Cənubi Osetiya məsələsinə görə Rusiya ilə diplomatik əlaqələri kəsdi, Moskvadakı səfirliyini bağladı. Təbii ki, Tiflisdə də Rusiya səfirliyi qapadıldı. Çünki Rusiya Gürcüstanın ərazi bütövlüyünü tanımadığını ortaya qoydu.
Yəni təxminən buna bənzər bir situasiya yaranıb. Ərazi bütövlüyümüzə şübhə edən bir dövlətin ölkəmizdə səfirliyinin olması nə dərəcədə beynəlxalq hüquqa uyğundur?

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov “Yeni Müsavat”a öncə bildirdi ki, Azərbaycan dövləti tərəfindən dünyanın bir sıra dövlətlərinin, ayrı-ayrı təşkilatlarının diplomatik korpus nümayəndələrinin və digər nüfuzlu şəxslərinin Azərbaycanın işğaldan azad etdiyi ərazilərə, o cümlədən Şuşa şəhərinə səfərinin təşkil edilməsi vacib tədbirlərdən biridir: “Növbəti dəfə bu cür tədbirdən ABŞ və Fransa səfirlərinin imtina etməsi təsadüf deyil. Prezidentin köməkçisi Hikmət Hacıyevin də bu məsələyə dövlət rəsmisi olaraq sərt mövqe ortaya qoyması bir daha göstərdi ki, rəsmi Bakı artıq belə məsələlərə susmaq niyyətində deyil. ABŞ və Fransa mümkün qədər çalışır ki, Qarabağ münaqişənin mövcudluğu fonunu yaratsınlar. Eyni zamanda həmin səfirlər bu davranışları ilə Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşma formasını da ortaya qoymuş olurlar.
Ancaq Azərbaycanla münasibətləri korlamaqdansa, Cənubi Qafqazda Azərbaycan kimi dövlətlə münasibətləri dərinləşdirmək daha yaxşı olardı. Bu, Azərbaycandan çox ABŞ və Fransanın özünə lazımdır. Azərbaycan dövləti kiçikliyindən və böyüklüyündən asılı olmayaraq beynəlxalq hüququn subyekti kimi bütün dövlətlərlə, təşkilatlarla bərabərhüquqlu əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurmaqda maraqlıdır. Burada hər hansı bir təşkilatın və ya dövlətin üstünlüyündən söhbət gedə bilməz. Ona görə də Azərbaycan onun ərazi bütövlüyünü şübhə altına almaq kimi cəhdləri rədd edir. Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətsiz yanaşan istənilən dövlətə, istənilən dövlətin səfirinə qarşı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan adekvat cavabı həmişə olub, bundan sonra da olacaq. Azərbaycan dövlətinin tam hüququ çatır ki, beynəlxalq hüquqa və ölkə qanunlarına əsaslanaraq həmin səfirlərin ölkəmizdə fəaliyyətinə son qoyulması məsələsini və ölkəmizin ərazisini tərk etmələri tələbini qaldırsın. Səfirlər Azərbaycanın əlinə bunun üçün əsas verirlər".
Ekspert qeyd etdi ki, Azərbaycan Prezidentinin köməkçisi səviyyəsində səslənən etiraza ABŞ səfirliyinin sözçüsü səviyyəsində olumsuz bir münasibətin də bildirilməsi bir daha onu göstərir ki, bu məsələdə ABŞ qeyri-adekvat mövqe ortaya qoyur, problemin həllində yox, dərinləşməsində maraqlı görünür: “Verilən cavabda Şuşa səfərindən imtinaya heç bir tutarlı əsas göstərilmir. ABŞ Azərbaycanın suverenliyinin və müstəqilliyinin ən böyük dəstəkçisi olsaydı, səfirin Şuşaya səfərinə imkan verilərdi və Minsk Qrupunu diriltməyə cəhd etməzdi, Ermənistana böyük miqdarda yardımlar etməzdi. Fransanın isə daim birmənalı olaraq işğalçı Ermənistanın yanında olduğu aydındır. Azərbaycan dövlətinin suverenliyinə qarşı ən böyük təhdid Ermənistan və ATƏT-in Minsk Qrupu adlı təsisatdan olub. Bu gün onların hər ikisinin aqibəti ortadadır. Biri ölüb, biri isə yarımcan vəziyyətdədir. Bundan hamı nəticə çıxarmalıdır. Artıq Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, prinsipial və qətiyyətli mövqe ortaya qoya bilən dövlətdir. Azərbaycan cəmiyyətindən hətta artıq belə fikirlər səslənir ki, ölkəmizin ərazi bütövlüyünə hörmət etməyən, onu şübhə altına alan davranışı sərgiləyən səfirlər ölkədən çıxarılsın, səfirliklər isə bağlansın. Cəmiyyətdə bu dərəcədə sərt münasibətin formalaşmasının günahkarı elə həmin səfirliklərdir. Odur ki, yaxşı olardı bundan sonra səfirliklər və səfirlər atdıqları addımlarda belə məsələləri nəzərə alsınlar, gələcəkdə eyni səhvləri təkrarlamasınlar. Nəzərə almaq lazımdır ki, çox da uzaq olmayan tarixdə qonşu Gürcüstan böyük dövlətlərdən olan Rusiyanın Tiflisdəki səfirliyini qapatmışdı. Yəni ortada təcrübələr də var ki, bir ölkə özünün səfirliyi yerləşən ölkənin ərazi bütövlüyünə şübhə yaradan davranışlara yol verdikdə cavab addımlarından biri onun səfirliyinin qapadılması olur”.
Tarix: 31-08-2022, 09:15
Xəbəri paylaş





Xəbər lenti