İran hansı ağılla Bakı ilə münsaibətlərini pozur? - HƏQİQƏTƏN DƏ...

İran hansı ağılla Bakı ilə münsaibətlərini pozur?
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir-Abdullahanian arasında danışıqlar aparılıb. Ölkə nümayəndələri bir sıra məqamlara toxunublar. S.Lavrov bildirib ki, Üçtərəfli işçi qrup razılaşmaların əldə olunmasında mühüm irəliləyişə nail olub:

"Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı etdiyi Üçtərəfli İşçi Qrup Cənubi Qafqazda ticari-iqtisadi kommunikasiyaların açılması məsələləri ilə məşğul olur".

Həmçinin Rusiya XİN başçısı kommunikasiyaların açılması üzərində işləyən Üçtərəfli İşçi Qrupun fəaliyyətindən danışıb:

“İşçi qrup dinamik şəkildə fəaliyyət göstərir. Eyni zamanda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı görüşlər keçirilir. İşçi qrupu razılaşmaların əldə olunmasında mühüm irəliləyiş əldə edib. Ümid edirəm ki, yaxın vaxtlarda rəsmiləşəcək. Bu istiqamətdə işlərin təcrid olunmuş şəkildə deyil, “Şimal-Cənub” daxil olmaqla, daha geniş nəqliyyat layihələri ilə sıx əlaqədə aparılması xüsusilə vacibdir”.

O, həmçinin vurğulayıb ki, görüşdə Rusiya, İran və Azərbaycan arasında Rəşt-Astara dəmir yolunun kiçik hissəsinin tikintisi ilə bağlı davam edən müzakirələr ətrafında danışıqlar aparılıb.

Rusiya XİN rəhbərinin sözlərinə görə, sentyabrda profilli mütəxəssislərin təmasları planlaşdırılır.

Politoloq Rusif Məmmədsoy açıqlamasında bildirib ki, S.Lavrovun Hüseyn Əmir-Abdullahanianla apardığı müzakirələrlə yanaşı, eyni zamanda Brüsseldə də Şarl Mişelin təşkilatçılığı ilə ölkə başçısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında vacib bir görüş keçirilib:

"Xüsusi əhəmiyyətli bir sənəd imzalanmadı. Amma Ş.Mişel may ayında əldə olunan razılıqların meydanda öz əksini tapması ilə bağlı hər iki liderə öz təşəkkürünü bildirib. Rusiya ilə İranın mövqeyi məsələsində isə ələlxüsus da, Azərbaycanla rəsmi Tehran arasında fikir ayrılıqları var. Cənub qonşumuz Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Daha sonra İranın ölkəmizdəki səfiri bildirib ki, rəsmi Tehran koridorun istifadəyə verilməsinə mane olmaq niyyəti güdmür. Təbii ki, məlum açıqlamalar bir qədər yumşalma ilə əlaqəlidir.

Çünki İran tərəfi çox yaxşı başa düşür ki, ölkəmizlə münasibətlərdə xüsusilə, diqqətli və peşəkar davranmaq lazımdır. Bildiyimiz kimi, Azərbaycanda təəssüf ki, İranın ideoloji varlığı, təsir imkanları bir qədər genişdir. Həmçinin Azərbaycan tərəfi rəsmi Tehranda çox böyük imkanlara sahibdir. Son günlərdə məlum olduğu kimi, Təbrizdə də qiyam xəbərdarlığı həyata keçirilib. Divarlarda güneyli soydaşlarımızın İrandakı mövcud siyasi hakimiyyətə bir sıra mesajları da var idi. Təbii ki, bu proseslər İran hökumətini qorxutmaya və narahat etməyə bilməz.

Təsadüfi deyil ki, cənub qonşumuzun baş prokurorluğunun dəvətilə Kamran Əliyev və nümayəndə heyəti Tehrana yola düşdü. Orada bir sıra görüşlər keçirildi. Hazırda da İranın sərgilədiyi mövqe əslində qeyd etdiyimiz məsələlərdən qaynaqlanır. Yəni Azərbaycanla əlaqələrində bir qədər tədbirli davranmaqda fayda olduğunu düşünür. Bu səbəbdən hökumət əlbəttə ki, kommunikasiyaların açılmasında maraqlı olmalıdır.

Çünki bu, təkcə Azərbaycanın diqqəti çərçivəsində olan bir dəhliz deyil. Zəngəzur koridoru meqa layihədir. Belə demək mümkündürsə, Pekindən Londona qədər hər kəsin, xüsusilə də, Avropanın maraq dairəsindədir. Ş.Mişelin də Brüsseldə keçirdiyi görüşlərin əsasını məhz bu kommunikasiyaların açılması təşkil edir. Nəzərə almaq lazımdır ki, Avropa bunları heç də Azərbaycanın "qara qaşına, qara gözünə" etmir. Onun məqsədi dəhlizin açılması ilə Rusiya-Ukrayna savaşı fonunda alternariv enerji diversikasiyasıdır. Həmçinin dəhlizin köməyilə alternativ enerjilərini ixrac edə biləcəklərində Azərbaycanla yanaşı Türkmənistan, Qazaxıstan kimi dövlətləri vasitəçi görürlər. Uzun illərdən sonra Avropa ilə uzlaşdığımız bir məqam oldu.

Əvvəl çox təəssüf ki, Avropanın Qarabağla mövqeyi Rusiya ilə toqquşurdu. İndi isə bu mövzu onu maraqlandırmır. Çünki hazırkı diqqət etdiyi məsələlərdən biri kommunikasiyaların açılmasıdır. Burada da İranın başqa bir yolu yoxdur. Cənub qonşumuzun əsas cəhdi Zəngəzur dəhlizinin istifadəyə verilməməsi idi. Ermənistanla sərhədlərinin aradan qalxacağı və s. kimi açıqlamalarla gündəmə gəlirdilər.

Eyni zamanda səbəblərin özülünü türk dövlətlərini birləşdirəcək bir dəhlizin yaranması təşkil edirdi. Həmçinin İran tərəfi hesab edir ki, milli oyanışa xidmət edən dəhliz onun daxlində də müəyyən problemlər yarada bilər".
//sherg.az//

Tarix: 1-09-2022, 22:03
Xəbəri paylaş





Xəbər lenti