“Onlar əvvəl xalqının qəhrəmanları idi, indi məğlub əclaflardır” - Zərdüşt Əlizadə
“Mikael Arzumanyan, Araik Arutyunyan, Vitali Balasanyan və digərləri 30 il bundan əvvəl yaradılan Qarabağ münaqişəsi modelinin qəhrəmanları idi. Orada siyasi və hərbi cinah var idi. Sonuncular hərbi cinahın nümayəndəsi idi və müharibədə qalib gəlmələrinin şöhrətini yaşayırdı. İndi vəziyyət fərqlidir, onlar çıxdaş edilməlidir və belə proses gedir”.
Siam.az xəbər verir ki, bunu Reyting.az-a politoloq Zərdüşt Əlizadə Azərbaycan ərazilərindəki separatçı ermənilərdən danışarkən deyib.
Z. Əlizadə əlavə edib ki, müharibədə irəli çıxan erməni separatçıları əvvəl “vətən qəhrəmanları” idi. Onun sözlərinə görə, erməni xalqı onun “milli maraqlarını” həyata keçirən, Azərbaycana qalib gələn, onun ərazilərini işğal edən və hərbi cinayətlər törədən şəxsləri dəstəkləyirdi: “İndi bunlar müharibədə məğlub olan, son 30 ildə erməni xalqının başına gətirilən faciələrin əsasını qoyan, öz xalqının sərvətlərini mənimsəyən məğlub əclaflardır. Bəli, onların yeni imici budur. Yeni imiclərində olan bu keçmiş cinayətkarlara nə etmək lazımdır? Həbs etmək, cinayətlərinin cəzalarını vermək lazımdır. Nikol Paşinyan hökuməti də hazırda bunu edir”.
Z. Əlizadə diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan qalib gəlib, ərazilərinin böyük hissəsini işğaldan azad edib və “məğlubedilməz” imici olan erməni ordusunu məğlubiyyətə uğradıb: “Bununla da əsası 30 il əvvəl qoyulan, iki xalqı düşmən edən Qarabağ münaqişəsi de-fakto həllini tapıb. Başqa sözlə, Qarabağla bağlı erməni və havadarları tərəfindən düşünülən layihə məhvə düçar olub. Bu layihənin başında duran, onu həyata keçirən, bu proses zamanı parlayan və həm də cinayətlər törədən erməni başbilənlərin də “kitabı” bağlanıb. Onlar əvvəl qəhrəman idi, indi əclaflardır. Odur ki, onlarla bağlı atılan addımlara normal yanaşmaq lazımdır”.