Sentyabrın 1-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə parlamentinin hər iki palatasının birgə iclası zamanı geniş nitq söyləyib.
Tokayev ölkə iqtisadiyyatında dövlətin iştirakının azaldılması, yeni vergi və büdcə məcəllələrinin qəbulu, 2022-ci ilin yanvarında kütləvi etiraz aksiyalarının iştirakçılarına qismən amnistiya verilməsi, dövlət büdcəsindən uşaqların hesablarına pul köçürülməsi, məktəblərdə rus dilinin tədrisinin vacibliyini və s. bəyan edib. Tokayevin çıxışı əslində çox genişdir, lakin onun müraciətində ən çox müzakirə olunan məqamlar yeddiillik prezident idarəçiliyinin tətbiqi və 2022-ci ilin payızında növbədənkənar prezident seçkilərinin, 2023-cü ilin yazında isə parlament seçkilərinin keçirilməsi ilə bağlı təkliflərdir. Saxta demokrat - Tokayev! Tokayev ilə bağlı ən maraqlı nüans onun bəziləri tərəfindən türk dövlətlərində demokratiyanın banisi kimi təqdim edilməsidir. Ən əsas arqument isə onun ömürlük idarəçiliyinin konstitusion imkanlarından imtina etməsi olaraq göstərilir. Əslində isə vəziyyət tamamilə fərqlidir. Belə ki, Tokayev payızda keçirilməsi planlaşdırılan seçkilərdə özünün də iştirak edəcəyini bəyan edib. Halbuki onun səlahiyyət müddəti hələ 2024-cü ildə başa çatacaq. Görünən odur ki, Tokayev indidən postunu möhkəmləndirməyə çalışır. Tokayev heç də təqdim edildiyi kimi demokratik bir şəxs deyil. Aydın məsələdir ki, Tokayev çoxdan növbətənkənar prezident seçkiləri keçirmək barədə qərar qəbul edib və buna kifayət qədər hazırlıq işləri də görüb. Ondan fərqli olaraq rəqibləri seçkilərə hazırlıq görmədiyi kimi bundan sonra belə bir hazırlığa vaxtları da yoxdur. Yəni Tokayev seçkilərə tam hazır vəziyyətdə getdiyi halda onun rəqibləri hazırlıq görmədən qatılacaq. Növbədənkənar prezident seçkilərinin pərdəarxası Tokayev indiki məqamda növbədənkənar prezident seçkiləri keçirməsinin bir neçə səbəbi var: Birincisi, hazırda Qazaxıstanda sosial-iqtisadi problemlər çoxdur. qiymət artımı, milli valyutanın devalvasiyası kimi proseslər yaşanır. Əslində bütün bu vəziyyəti sentyabrın 1-də Tokayevin ölkə parlamentinin hər iki palatasının birgə iclası zamanı söylədiyi nitqdə də görmək olar. Təsadüfi deyil ki, Tokayev ölkə iqtisadiyyatında dövlətin iştirakının azaldılması, yeni vergi və büdcə məcəllələrinin qəbulu, dövlət büdcəsindən uşaqların hesablarına pul köçürülməsi və s. vədlər verdi. Yəni Tokayev və ətrafı seçkiləri indi, vəziyyətin hələ də onların nəzarətində olduğu vaxtda keçirmək qərarına gəlib. İkincisi, Tokayev və ətrafı ehtiyat edirlər ki, prezident və parlament seçkilərinin gec, 2024 və 2025-ci illərdə keçirilməsi hakimiyyət daxilində revanş istəyən qüvvələri gücləndirə bilər. Təsadüfi deyil ki, Tokayev bu ssenarinin qarşısını almaq məqsədilə 2022-ci ilin yanvarında kütləvi etiraz aksiyalarının iştirakçılarına qismən amnistiya veriləcəyini qeyd etdi. Üçüncüsü, Tokayev Ukraynadakı müharibədən irəli gələn geosiyasi və siyasi, iqtisadi xarakterli problemlərdən ehtiyat edir. Tokayev məhz buna görə bir müddət öncə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiyanın ona təqdim etmək istədiyi “Aleksandr Nevski” ordenindən imtina etdi, eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin yanında “dxr” və “lxr”i “kvazidövlət”lər adlandırdı". Kreml Ukrayna müharibəsi ilə əlaqədar Qərbin sanksiyalarından ona yaxın olan ölkələri qorumaq istəyir. Buna görə də hazırda iki ölkə arasında gərginliyin olduğuna dair eyforiya yaradılır. Tokayev indi də ölkə daxilində sözdə demokratik islahatlar keçirərək Qərb nəzdində Rusiya təsirində olmayan müstəqil xarici siyasət yeridən demokratik lider olduğunu göstərməyə çalışır. KTMT Qazaxıstana yenidən müdaxilə edə bilər! Aydın məsələdir ki, Qazaxıstan keçiriləcək növbədənkənar prezident seçkilərinin qalibi Kasım-Jomart Tokayev olacaq. Tokayev nitqində xalqına verdiyi vədlərdə qələbə qazanması üçün kifayət edir. Digər tərəfdən Tokayevi Kreml də dəstəkləyir. Tokayev növbədənkənar seçkilərdə qələbə qazanmasa belə, seçkiləri saxtalaşdıraraq buna nail olacaq. Ona müxalif qruplar ixtişaş törədib etiraz edəcəyi təqdirdə isə aydın məsələdir ki, o Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yenidən hərbi yardım istəyəcək.
Müəllif Politoloq Turan Rzayev