Donetsklə bağlı faciə və Qarabağ ətrafında fars - VİDEO
Rusiya-Ukrayna münasibətləri tarixində avqustun 12-si çox əlamətdar hadisənin baş verdiyi gün kimi yadda qalıb. Belə ki, 2014-cü ilin həmin günü “humanitar karvan”ın ilk partiyası Rusiyadan Ukraynanın Donetsk və Luqansk vilayətlərinə keçib. Bu hadisədən 8 gün əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT, Avropa Şurası, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və BMT-yə münaqişə zonasına beynəlxalq humanitar missiyanın təşkil edilməsinə dair rəsmi müraciət ünvanlayıb. O bildirmişdi ki, Rusiya dəfələrlə Fövqəladə Hallar Nazirliyinin xətti ilə humanitar yardım karvanı göndərməyə cəhd göstərib, lakin buna hər dəfə Ukrayna hakimiyyəti tərəfindən imkan verilməyib. Bu barədə "Caliber"in yutub səhifəsində material dərc olunub. Materialda qeyd olunub ki, 2014-cü il avqustun 6-da Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası Ukraynadakı humanitar vəziyyətlə bağlı təcili iclas keçirib. O vaxt Rusiyanın BMT-dəki daimi nümayəndəsi olan Vitali Çurkin BQXK nümayəndələrinin müşayiəti ilə Donetsk və Luqanska Rusiya humanitar karvanlarının göndərilməsi təklifini səsləndirmişdi. Amma Ukrayna və bir sıra Qərb ölkələri - BMT Təhlükəsizlik Şurasının daimi üzvləri – bu təklifi dəstəkləməyiblər. Xüsusilə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer vurğulamışdı ki, ölkəsi Rusiyanın Ukraynaya humanitar yardım çatdırmaqla bağlı birtərəfli addımını birbaşa işğal kimi qiymətləndirəcək. O zaman ATƏT-in sədri olmuş Didye Burkhalter isə söyləyib ki, humanitar yardım Ukraynanın ərazi bütövlüyünə hörmət edilmək şərti ilə çatdırılmalıdır. Kanadalılar, həmçinin qeyd ediblər ki, Rusiya Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə məhəl qoymadığını bir daha nümayiş etdirir. Lakin... Bütün bu təfərrüatlara diqqət yetirmək və onları yadda saxlamaq çox vacibdir, çünki 9 ildən sonra tarix bu dəfə Qarabağda, fars şəklində təkrarlanacaq. İndi Qərb ölkələri bununla bağlı tamamilə fərqli fikirlər səsləndirir. Əlbəttə ki, bu məsələyə də toxunacağıq.
2014-cü ildə müxtəlif ölkələrdə Rusiya xüsusi xidmət orqanlarının humanitar yardım prosesini silah tədarükü üçün istifadə edəcəyinə dair əsaslı şübhələr var idi. Odur ki, Avropa Komissiyası humanitar yüklərin göndərilməsinin qarşısını almağa çalışıb. Üstəlik, o vaxt Avropa Komissiyası Rusiyaya humanitar yardım daxil olmaqla, istənilən bəhanə ilə Ukraynaya qarşı hər hansı birtərəfli hərbi əməliyyatların aparılmasına qarşı xəbərdarlıq etmişdi. Həmin il avqustun 5-də keçirilən BMT Təhlükəsizlik Şurasının növbəti iclasında Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Mark Layall Qrant bəyan etmişdi ki, Rusiyanın məhz özünün yaratdığı humanitar böhranı müzakirə etmək məqsədilə Şuranın fövqəladə iclasını çağırması çox ironikdir. Rəsmi Kiyev isə bununla bağlı Rusiyaya bir sıra şərtlər irəli sürmüşdü. Məsələn, ukraynalı siyasətçilər təkid edirdilər ki, humanitar yardım müstəsna olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsi və ya müvafiq beynəlxalq təşkilatların himayəsi altında çatdırılmalı və Rusiya hüquq-mühafizə orqanlarının heç bir müşayiəti olmadan həyata keçirilməlidir. Bundan başqa, rəsmi Kiyev Rusiya-Ukrayna sərhədində yüklərin gömrük rəsmiləşdirilməsini təşkil etməyi və daha sonra onları Ukrayna avtomobillərinə yükləməyi tələb edib. Əks təqdirdə, Ukrayna hakimiyyəti humanitar konvoyu buraxmaqdan imtina edəcəkdi. Amma Kreml bu şərtləri rədd etmiş və güc yolu ilə yükləri keçirməyə çalışmış və o vaxt yükləri yoxlamaq üçün yola çıxan Ukrayna sərhəd-gömrük qrupu gözlənilmədən Rusiyanın “Donetsk” keçid məntəqəsində bloklanmışdı. Bir sözlə, Ukraynanın rəsmi razılığı olmadan “humanitar yük” karvanının göndərilməsi beynəlxalq ictimaiyyət tərəfindən suverenliyin pozulması və faktiki olaraq təcavüz aktı kimi qiymətləndirilib. Hətta bu məsələ BMT Təhlükəsizlik Şurasında xüsusi araşdırma obyektinə belə çevrilib. Bu hekayədə əsas məsələ Donetsk və Luqanska hansı yüklərin göndərilməsi deyil (əslində, “humanitar yük”dən sonra separatçıların hərbi uğurlar əldə etdiyi müşahidə olunub), “humanitar fəlakət” pərdəsi altında Ukraynanın suverenliyinə etinasız münasibətin göstərilməsi idi.
Bu məqamda, daha bir maraqlı faktı qeyd etmək yerinə düşər: 2014-cü ilin yayında Kiyev humanitar yardım karvanlarını Donetsk və Luqanska göndərmək təklifi ilə çıxış etmişdi. Hətta BQXK daxil olmaqla, beynəlxalq təşkilatlar humanitar yardım karvanlarının formalaşdırılmasında köməyini təklif etmişdi. Amma regionda hakimiyyəti ələ keçirmiş kremlpərəst separatçılar gözlənildiyi kimi bu yardımı rədd etmişdilər. Onlar “humanitar yardımı” qərbdən deyil, şərqdən, yəni Rusiyadan qəbul edəcəklərini bildirmişdilər. Bu, sizə heç nəyi xatırlatmır? Bu məsələ ilə bağlı ən mühüm məqam Qərb dövlətlərinin Ukraynanın ədalətli mövqeyini, onun suverenliyini, o cümlədən ölkənin şərqində yerləşən üsyankar regionlarda xarici dövlət, yəni Rusiya tərəfindən təhrik edilən separatizm meyillərinin və Kiyevin deyil, separatçıların nəzarətində olacaq quru əlaqəsinin yaradılmasının qarşısını almaq səylərini qeyd-şərtsiz dəstəkləməsidir. Odur ki, Qərb ölkələri regional hakimiyyətləri Rusiyanın əvəzinə Ukraynanın mərkəzi hökumətindən yardım qəbul etməyə çağırıb. Bu ölkələr yolun açılması, Rusiya sərhədindən həmin ərazilərə keçidin nəzarətsiz olması və ümumiyyətlə, sərhədin “şəffaf” olması ilə bağlı Kiyevə təzyiq etmirdi. Əksinə, Moskva mərkəzdənqaçma qüvvələrini dəstəklədiyinə və onların Ukraynaya inteqrasiyasını əngəllədiyinə görə tənqid olunurdu. Anlayırıq ki, bu ölkələrin arsenalında çox şeylər var ki, onlar istədikləri təqdirdə, hər hansı mövzunu “bu başqa məsələdir” kateqoriyasına daxil edə bilər. Buna baxmayaraq, qeyd etdiyimiz kimi, 9 il əvvəlki faciə indi farsla əvəz olunur. Ermənistan hazırda Rusiyanın rolunu oynayır. Yəni bu ölkə Bakının razılığı olmadan Azərbaycan regionuna mənşəyi bəlli olmayan “humanitar yüklər” göndərməyə çalışır. Ermənistan sanki bunu öz ərazisinə göndərir. Azərbaycan isə Ukrayna rolundadır. Bəs, nə baş verib, cənablar? Günəş hansı tərəfdən çıxıb? ABŞ, Avropa İttifaqı ölkələri niyə eyni vəziyyətlə bağlı mövqeyini 180 dərəcə dəyişib? Azərbaycan isə 9 il əvvəl Ukrayna kimi xarici konvoyları öz regionuna yalnız lazım bildiyi marşrut üzrə buraxmağa hazırdır. Yüklərin həmin əraziyə necə çatdırılmasının sizin üçün nə fərqi var? Eyni yükü Qarabağa, lakin Azərbaycanın sizə göstərəcəyi yol və milli qanunvericiliyə uyğun gömrük rəsmiləşdirilməsi vasitəsilə göndərə bilərsiniz. Siz 9 il əvvəl Ukraynada məhz buna israr edirdiniz. Bəs, sizin yanaşmalarınız niyə qəflətən dəyişib? Əlbəttə ki, bu məsələ saxta humanitar dəyərlər adı altında hay-həşir salan ölkələrin ikili standartlarının çoxsaylı nümunələrindən yalnız biridir. Azərbaycanlılar Naxçıvanın 30 illik blokadasından bəhs edən zaman niyə bizim qərbli tərəfdaşlarımız başlarını qumda gizlədirlər? Onlar niyə İrəvandan bu blokadanın aradan qaldırılmasını, bu eksklava ərzaq və lazımi məhsulların çatdırılması məqsədilə yolun açılmasını tələb etmirlər? Bəlkə, bu, bizim dərimizin rəngi və ya dinimiz ilə bağlıdır? Bəlkə, başqa məsələ var? Siz bunun səbəblərini bizə deyin, biz isə başa düşəcəyimizə söz veririk. Bu vəziyyətlər çox oxşar olsa da, yanaşmalarınız diametral şəkildə fərqlidir. Axı, biz hər şeyi görür və adekvat qiymətləndiririk. Buna görə də qərarları kənar “məsləhətlər”ə, xüsusilə də öz standartlarını müəyyənləşdirə bilməyənlərin fikirlərinə qulaq asmadan özümüz qəbul edirik.