Ağ Ev, Vaşinqton, ABŞ
"Macəra dolu Amerika". Bu mahnını hər kəs ən azı bir dəfə eşidib. Doğrudan da, Amerika macəralar ölkəsidir; özünə xoş, özgələrə "naxoş" macəralar yaşadan bir supergücdür.
Amerikaya iki dəfə getmişəm. Bu iki səfərimdə orda üst-üstə 4 aya yaxın qalmışam. Bu ölkəyə uzaqdan baxanlardan deyiləm artıq; içəridən də (yaxından) görmək imkanım olub. Çox maraqlı, kontrastlarla dolu bir məmləkətdir.
Mən orada qaldığım müddətdə iki Amerika görə bilmişdim: öz vətəndaşları üçün bir Amerika, miqrantlar üçün başqa Amerika. Hətta ağ, qara, qırmızı olmaqla üç rəngli (Çinlilərin sarı rəngini də əlavə etsək dördrəngli) Amerika var. Afroamerikalıların, Latın Amerikalıların məhəllələrində hər gecə atışma var, amma anqlosaksların, yəhudilərin, almanların, yaponların... kvartallarında "qurd quzu ilə otlayır" deyərdim.
Tez-tez "ikili standartlar" deyirik ha. Onun hardan və niyə qaynaqlandığını gördüm və anladım. Ölkə gündəlik olaraq "ikili standart" rejimində yaşayır; hətta Amerika vətəndaşlığı olan irlanda və türkə eyni yanaşma yoxdur. Bu "ikili yanaşma" ABŞ-ın siyasətinə də (diplomatiyasına da) proyeksiya olunub: iki eyni situasiyaya müxtəlif cür reaksiyalar burdan gəlir. Öz içərisində bir Amerika var, öz sərhdlərindən kənarda başqa Amerika. Hətta ən humanust şüarlar altında ən qəddar qırğınların şahidi olmuşuq. Bunu mədəni bildiyimiz Avropadan da, "demokratik" dediyimiz Amerikadan da gördük.
ABŞ sərhədçiləri
"Humanist" dedim, Ermənistan ərazisi tərəfdən Azərbaycana qarşı törədilən "humanitar təxribat" yadıma düşdü. ABŞ-da nəşr olunan Vaşinqton Post və başqa media Azərbaycan əleyhinə davamlı yazılar yayır. Ermənistandan Xankəndinə - Azərbaycanın şəhərinə "humanitar yardım" karvanının Laçın sərhəd-keçid məntəqəsindən buraxılmasını istəyirlər. Hətta ABŞ da daxil olmaqla bir sıra ölkələrin Ermənistandakı səfirləri də bu "yardım" karvanını müşaiyət eləyib. Azərbaycan Xankəndinə yüklərin Ağdam-Xankəndi yolu ilə daşınmasını təklif etdi. Eyni zamanda Azərbaycan dəfələrlə bəyan və isbat eləmişdi ki, Ermənistan ərazisindən Xankəndinə silah-sursat, qaçaqmal keçirilir. Müalicə üçün Ermənistana gedən Azərbaycan ermənilərinə problem yaradılmır. Yüklər isə fərqli məsələdir.
Bu yerdə ABŞ rəsmiləri və mediası "səhnəyə çıxır"; Qarabağdakı ermənilərə münasibətdə "humanitar yardım" mələyi rolunu ifa etməyə başlayır. Azərbaycanın iradəsinə təsir, hətta təzyiq göstərməyə çalışır ki, "humanitar" karvanı məhz Laçın yolundan Xankəndinə buraxsın.
Amma, bax, elə bu yerdə düz doqquz il bundan qabaq Rusiyadan Ukraynanın şərqinə - Ukrayna ruslarına humanitar yardımın buraxılması ilə bağlı dartışmanı xatırladım:
"12 Avqust 2014.
280 avtomobil Moskva yaxınlığındakı Naro-Fominsk şəhərindən Ukraynaya doğru yola düşüb...Rusiya hakimiyyəti yardım məqsədilə tibbi ləvazimat, içməli su, ərzaq və elektrik generatorlarının göndərildiyini qeyd edib".
Ancaq Qərbin "məsləhəti" ilə Ukraynanın o zamankı iqtidarı bu karvanı ölkəyə buraxmaqdan imtina edir. ABŞ və onun Avropalı müttəfiqləri Rusiyanın "humanitar yardım" adı ilə Ukraynaya hərbi müdaxiləsindən" narahat olduqlarını bildirirlər. Və sonradan da bilindi ki, narahat olmaq lazımmış. Həmin situasiyada Qərb Rusiyanın Ukraynaya "humanitar yardım" adı altında hərbi yüklər daşıdığını deyirdi. Düz də deyirdi. Biz də indi elə bunu deyirik; Ermənistandan Azərbaycanın ermənilərlə məskun ərazilərinə hərbi yüklər aparılacağı şübhəsi var. Şübhə o yana qalsın, konkret faktlar, sübutlar var. Ancaq bu dəfə həmin ABŞ bizə deyir ki, həmin yükləri buraxın Xankəndinə.
Niyə?! Necə olur, Ukraynaya Rusiyadan gələn humanitar yardıma "təhlükəsizlik məqsədlərinə görə" icazə verilmir, Azərbaycana gələndə, Bakıya "təklif olunur" ki, Ermənistandan Qarabağa nə gedirsə, gözüyumulu açıb buraxsın.
Xeyir olsun?!
İki eyni situasiyada ABŞ niyə belə 180 dərəcə fərqli bir mövqe qoyur?! Bunun harasında ədalət var?! Heç harasında. Yaxud başqa misal: Ermənistan hökuməti dumanda yol azıb şərti sərhəddi keçən iki gənc Azərbaycanlı əsgəri tutub ağır maddələrlə uzun müddətlərə məhkum edəndə ABŞ rəsmilərinin tükü də tərpənmir, ancaq Qarabağda əli ən azı 25 Azərbaycanlı mülki şəxsin qanına batmış 68 yaşlı terrorçu Vaqif Xaçaturyandan ötrü "yaxalarını cırırlar".
Bəli, mən də Qubad İbadoğlunun həbsindən təəccübləndim və təəssüfləndim. Ailəsi, vəkili bildirir ki, onun bir neçə xəstəliyi var. Hətta Penitensiar Xidmətin həkimləri də həbsindən sonra Qubad İbadoğlunun səhhətinin pisləşdiyi haqda rəy veriblər. Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu da Qubad İbadoğlunun xəstə olduğunu təsdiqləyir. Hazırda müdafiəçiləri onun ev dustaqlığına buraxılması üçün hüquqi prosedurlar başladıblar. Şəxsən bu sətirlərin müəllifi olaraq biz də Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasına tərəfdarıq. Ancaq bu, məhkəmənin preoreqatividir; hansı qərar qəbul olunacağı hakimin işidir. Bax, bu məsələyə beynəlxalq diqqət - ABŞ başda olmaqla Qərb dairələrinin həssaslığı kifayət qədər yüksəkdir. Ancaq Ermənistanda bir siyasi partiya sədri həbsxanada aclıq edib öləndə biz eyni reaksiyanı ABŞ-dan, Avropadan, elə həmin Vaşinqton Post-dan görmədik; kollektiv Qərb o zaman kollektiv qaydada və "müdrikcəsinə" susmuşdu.
Başqa çox fakt sadalamaq olar; ABŞ-ın ikili yanaşmalarına dair əyani nümunələr göz qabağındadır. Onlardan biri Ermənistanın haqsız olduğunu bilə-bilə onu müdafiə etməyə çalışmasıdır. Vaşinqton elə bilir ki, təzyiq etməklə Azərbaycanı qazanmaq olar. Əslində isə bu, yanlış strategiyadır. Fransa kimi ABŞ-ın da Cənubi Qafqaz subregionuna dair siyasəti yanlış strategiya üzərində qurulub. ABŞ və Avropa İttifaqı Gürcüstana necə nəhəng siyasi güc və maliyyə resursları sərf etmişdilər. Sonu nə oldu?! Gözləri baxa-baxa, Gürcüstanı Rusiyaya uduzdular. İndi heç keçmiş prezidenti - "Qərbin adamı" Mixeil Saakşvilini həbsdən buraxdıra bilmirlər (daha doğrusu, heç xüsusi cəhd də etmirlər).
Eyni səhvi hazırda Ermənistanla bağlı edirlər; Qafqazın bu balaca, qaranlıq dalanına böyük iqtisadi və siyasi investisiya qoyurlar. ABŞ və Avropa İttifaqı Ermənistanı Rusiyanın təsirindən çıxarıb özlərinə bağlamağa çalışırlar. Bu strategiya da uduzmağa məhkumdur. Niyə?! Çünki nə Gürcüstan, nə Ermənistan Azərbaycan deyil; o dövlətlərin heç biri müstəqil olaraq ayaqda duracaq qədər siyasi və iqtisadi resurslara sahib deyillər. Bu halda subregionun aparıcı siyasi gücünə, iqtisadi lokomotivinə necə çevrilə bilərlər ki?! Mümkün deyil. Odur ki, ABŞ və Avropa İttifaqı kimi güclərin bu bölgədə varlığı və möhkəmlənməsi Azərbaycanla tərəfdaşlıqdan keçir. Əhalisinə, ərazisinə, təbii ehtiyatlarına, hərbi gücünə, intellektual resurslarına, mədəni səviyyəsinə və sair parametrlərə görə bölgənin ən böyük ölkəsi Azərbaycandır. Bölgədəki bütün transmilli, geostrayeji layihələrin ya başlanğıcı, ya mərkəzi Azərbaycandır. Bu halda Qərbə də, Şərqə də, Şimala da, Cənuba da - hər kəsə sərfəlidir ki, Azərbaycanla işləsin. Artıq kim bunu nə qədər anlayacaqsa. Əks halda nə baş verəcəyini deyim: elə özü Azərbaycana: "Şərqin qapısı" deyən həmin o Qərb axırda gedib Ermənistanın "bacasından"... Laçın sərhəd məntəqəsinə məlul-məlul boylanacaq...
Bahəddin Həzi, bizimyol.info
Tarix: 10-08-2023, 20:47