“Rusiya Paşinyanla dil tapa bilmir, çünki Paşinyan reallığı çoxdan qəbul edib”


“Vardan Oskanyan “Qarabağ klanı”nın hakimiyyəti dövründə Ermənistanın xarici işlər naziri vəzifəsini tutub və birbaşa Rusiyanın adamıdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.
O, Ermənistanın sabiq XİN rəhbəri Vardan Oskanyanın sonuncu açıqlamasına münasibət bildirib.
Xatırladaq ki, eks-nazir Nikol Paşinyanın Praqada qəbul etdiyi öhdəliklərdənb imtina etməli olduğunu söyləyib. Onun fikrincə, Paşinyanın Qarabağın Azərbaycan ərazisi olduğunu tanıması Ermənistan üçün qəbuledilməz bir faktdır.
Öz növbəsində, S. Hümbətov söyləyib:
“Kreml bir neçə günə öncə bildirib ki, Ermənistan və Azərbaycanın razılığa gəlməsi hələ yekun həll deyil. Görünən odur ki, Moskva açıq şəkildə narahatdır. Rusiya Paşinyanla dil tapa bilmir, çünki Paşinyan reallığı çoxdan qəbul edib. Paşinyan deyirdi ki, əgər bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsa, İrəvan da Qarabağı müstəqil dövlət kimi tanımayıbsa, artıq seçim yeri yoxdur və Qarabağı Azərbaycan ərazisi kimi tanımağa məcburuq”.
Analitikin fikrincə, V. Oskanyan öz fikirlərini demir:
“Sabiq nazir ona verilən tapşırığı yerinə yetirir. Düzdür, Paşinyan elə də güclü bir siyasətçi deyil ki, sözünün üstündə axıra qədər dursun. Amma bu məsələdə prinsipial mövqe var. Artıq Avropa İttifaqı da Qarabağın Azərbaycanın ərazisi olduğunu təsdiqləyib. Son görüşlərdə bu məsələyə xüsusi diqqət yetirilib. Birləşmiş Ştatlar da Azərbaycanın mövqeyini dəstəkləyir”.
Mütəxəssis V. Oskanyan və digərlərinin gedişata təsir edəcəyini düşünmür:
“O, sadəcə Rusiyanın və üçüncü tərəflərin söyləmək istədiklərini dilə gətirir. Amma heç bir təzyiq və basqı Azərbaycanı bu yoldan döndərə bilməz”.
Tarix: 11-08-2023, 17:46
Xəbəri paylaş





Xəbər lenti