Medvedev Abxaziya və Cənubi Osetiyadakı separatçılara rus “sülhməramlı”ların hərbi əməliyyatlarda dəstəyini niyə yada salıb? Azərbaycan Gürcüstan kimi analoji addım atsa, rus qoşunları Araikin 10 minlik bandasını qoruyacaqmı...
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev illər öncə ölkəsinin Gürcüstan ərazilərinə hərbi müdaxiləsindən - “5 günlük müharibə”dən (7-12 avqust 2008) danışıb. O vaxta Rusiya prezidenti postunu tutmuş Medvedev Gürcüstan prezidenti olmuş Mixail Saakaşvilini “dəli” adlandırıb.
Medvedev iddia edib ki, 15 il əvvəl baş verən qarşıdurma zamanı suveren Gürcüstanın ərazisinə soxulan Rusiya ordusu guya “nasistlər”ə qarşı döyüşüb. “Düz 15 il əvvəl Rusiya Sxinvaliyə edilən rəzil hücuma qətiyyətlə, işğalçıya sərt cavab verdi. Dəli Saakaşvilinin arxasında o zaman da Rusiya sərhədlərinin bilavasitə yaxınlığında vəziyyəti pozmağa çalışan kollektiv Qərb dayanırdı. Silahlı qüvvələrimiz 5 gün ərzində nasistləri tez və sərt şəkildə cəzalandırdı. Abxaziya və Cənubi Osetiyada yaşayan xalqımız düşməndən qorundu. Yeni dövlətlərə Rusiyanın dəstəyi ilə inkişaf etmək imkanı verildi”, - eks-prezident bildirib.
Medvedyev o vaxt ABŞ-ın Rusiya ilə üz-üzə gəlmək üçün kifayət qədər təcrübəsinin olmadığını da söyləyib. “2008-ci ilin avqustunda olduğu kimi, düşmənlərimiz darmadağın ediləcək, Rusiya öz şərtləri ilə sülhə nail olacaq. Qələbə bizim olacaq”, - deyə o, Ukraynadakı işğalçı müharibəni nəzərdə tutaraq vurğulayıb.
Əvvəla, 15 il öncə başında “dəli” Saakaşvilinin durduğu Gürcüstan, sadəcə, öz ərazi bütövlüyünü bərpa eləmək üçün hərbi gücə əl atmışdı. Odur ki, bu ölkəni işğalçı adlandırmaq absurddur. Bir ölkə öz ərazisini işğal yox, azad edər. 2008-ci ilin “5 günlük müharibə”sində bir işğalçı var idisə, o da şəksiz ki, Rusiya idi.
İkincisi, həmin vaxt Gürcüstanın qanuni ərazisindəki Rusiyanın “sülhməramlıları” neytral qalmalı olduqları halda birbaşa hərbi toqquşmalarda separatçılar tərəfdə iştirak etmiş, ardınca Rusiya ordusu qonşu dövlətə müdaxilə etmişdi.
Demək, Azərbaycan üçün də götürülməli dərs var. Eyni zamanda, sual yaranır ki, Azərbaycan da Qarabağda antiterror əməliyyatı aparsa, Rusiya “sülhməramlıları” (ordusu) Gürcüstandakı kimi müdaxilə edə bilərmi? Bəs artıq başı “daşdan-daşa dəymiş” Qərbin buna reaksiyası necə olar?
Halbuki Rusiya ilə Azərbaycan arasında Ukrayna müharibəsinə iki gün qalmış imzalanan strateji müttəfiqlik bəyannaməsi var. Moskva sənədində 15 bəndlik müddəalardan birində iki ölkənin separatizmə qarşı birgə mübarizəsindən və ərazi bütövlüyünə hörmətdən də bəhs edilib. Yəni Ordumuz Xankəndidə yuva salan xunta rejimini hərbi yolla demontaj etməyə başlasa, əslində Rusiya dəstəyini əsirgəməməlidir.
Hərçənd bunun tam əksinə şahidik, onları silah daşınmasında müşayiət edirlər. Üstəlik, 10 noyabr sənədinin 4-cü bəndinə əsasən rusların yerləşdiyi ərazilərdən erməni qoşunları çoxdan çıxmalıydı, bunu da icra etməyiblər. Lakin bir vacib nüansı da unutmaq olmaz ki, Bakının Moskva ilə imzaladığı sənəddən daha mühüm olanı Türkiyə ilə bağlanmış Şuşa bəyannaməsidir. Orada isə deyilir ki, ölkələrdən birinin ərazisinə olan hərbi təhdid digərinin torpağına hücum kimi qiymətləndirilir. O baxımdan antiterror əməliyyatına başlasaq, bu hadisələrdə rus hərbçiləri separatçı qüvvələrə silahlı dəstək versə, dərhal türk ordusunu qarşılarında görəcəklər.
Bu mənada Medvedevin söylədiklərini özümüz üçün nə dərəcədə təhdid xarakterli ismarış kimi dəyərləndirə bilərik?
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Yeni Müsavat”a qeyd etdi ki, 2008-ci ildə Gürcüstandakı “sülhməramlı” ordu az qala Tiflisi işğal edəcəkdi. “Faktiki olaraq, bir ölkəyə təcavüz idi. Təəssüf ki, o zaman dünya çəkindi və atəşkəs imzalandı. Ondan sonra Rusiya işğalçı siyasətini davam etdirib və 2008-ci ildən sonra da uzun illər postsovet məkanını öz təsir dairəsində saxlayıb. Eləcə də birinci Qarabağ müharibəsində rus ordusunun işğalçı erməni qüvvələrinə yardımçı olub. İndisə dünya dəyişib: Azərbaycan əvvəlki vəziyyətdə deyil, Ordusu qüdrətlidir, ölkəmiz hərbi və iqtisadi cəhətdən güclənib, beynəlxalq əlaqələri möhkəmlənib”, - deyə partiya sədri vurğuladı.
E.Musayev eyni zamanda, əlavə etdi ki, biz Türkiyə ilə birgə addımlar atırıq, ortada Şuşa bəyannaməsi var. Onun fikrincə, Rusiyanın Gürcüstanda etdiklərini Azərbaycanda təkrarlaması mümkün deyil: “Digər tərəfdən də ruslar Ukrayna cəbhəsində bataqlığa düşüblər, onları oradan çıxaran lazımdır. Hesab edirəm ki, rus qoşunları iki il sonra, hətta proseslərin gedişindən asılı olaraq daha tez Qarabağdan gedəcəklər”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə isə qeyd etdi ki, Gürcüstan müharibəsindən sonra regionda müxtəlif hadisələr yaşanıb, geostrateji dəyişikliklər olub, xüsusən də Ukrayna müharibəsi proseslərə ciddi təsir edib. AMİP sədri bildirdi ki, o zaman Gürcüstanın gücü yox idi, rus qoşunları da az qala Tiflisi götürürdülər: “Həmçinin, Abxaziya və Cənubi Osetiya Rusiya ilə sərhədlərə malikdir. Bu faktoru nəzərdən qaçırmaq olmaz. Ona görə rus qoşunları sülhməramlı adı ilə yerləşsə də, separatçılara dəstək verdilər. Burada isə oxşar ssenari gözləmirəm. Əvvəla, rus hərbi kontingenti genişmiqyaslı toqquşmalar üçün o sayda deyil. İkincisi, Şuşa bəyannaməsi Türkiyənin bölgədə hərbi mövcudluğunu təsbit edir. Bu faktorları nəzərə alaraq, Rusiyanın Azərbaycanın antiterror əməliyyatı başlamasına müdaxilə edəcəyini gözləmirəm”.
A.Əlizadə dedi ki, bəli, Rusiya bölgədə varlığını qorumaq üçün müxtəlif vasitələrə əl ata bilər, amma bu dərəcədə irəli getməzlər: “Onun da fərqindədirlər ki, 2025-ci ilin sonuna kimi rus qoşunları Qarabağdan getməlidirlər və belə bir məsələ ucbatından Azərbaycanla münasibətləri korlamaq istəməzlər. Fikrimcə, həmin vaxta qədər Azərbaycan separatçıları regiondan ”təmizləmək" üçün addımlarını sürətləndirəcək. Separatçıların ruslara “Laçın” postu ilə bağlı çağırışları da olub, amma Moskva bu mövzuda neytral qalıb, onlara kömək etməyib. Əgər kömək etməyibsə, gələcəkdə də onlara hərbi yardım edəcəklərini gözləmək olmaz. Çünki Rusiya məsələni açıq münaqişəyə keçirməkdən çəkinir".
Emil SALAMOĞLU
Tarix: 12-08-2023, 14:56