Proporsional seçki sistemi: Müsavat parlamentə qayıdır - İDDİA
Payızda referendum yolu ilə Konstitusiyanın dəyişdiriləcəyi, proporsional seçki sisteminin bərpa olunacağı ilə bağlı xəbərlər gündəmdən düşmür. Milli Məclisdə deputat yerlərinin sayının 151-ə, hətta 200-ə çatdırılacağına dair iddialar var. Yeni formalaşacaq parlamentdə ən azı 50 deputatın proporsional qaydada seçilməsi gözlənilir.
Yeni parlamentdə hansı siyasi qüvvələr təmsil oluna bilər? Proporsional seçki sistemi kimlərin işinə yarayacaq?
Qeyd edək ki, “Siyasi partiyalar haqqında” Qanuna edilən dəyişikliklərdən sonra bir sədr və bir portfeldən ibarət olan partiyaların çoxu sıradan çıxıb, hətta Müsavat, AXCP, ReAl, Ümid kimi üzvlərinin sayının çoxluğu ilə öyünən partiyalar da bu günə kimi dövlət qeydiyyatına alınmayıblar. Buna rəğmən həmin siyasi təşkilatların tezliklə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınması gözlənilir.
Doğrudur, siyasi iqtidarın kursunu dəstəkləyən bir çox partiyaları var ki, onların gələcək perspektivdə parlamentdə təmsil olunacağını heç kim istisna etmir. Ağ Partiya, Vəhdət Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və digərləri parlamentdə müxalif kəsimi təmsil etsə də, görünən odur ki, məclisə artıq “ana müxalifət”in gəlməsi vacibdir.
Sadalanan partiyalar sırasında isə ən köklü və stajlı olanı Müsavatdır. Məhəmməd Əmin Rəsulzadə və silahdaşları tərəfindən qurulan Müsavat bu gün ölkənin siyasi sferasında ciddi bir uğura imza atmasa da, yeni referendumdan sonra partiyanın dirçəldilməsi gözləniləndir. Arif Hacılının bu yaxınlarda başqanlıq müddətinin sona çatdığını nəzərə alsaq, partiyanın başına yeni nəfəsin keçməsindən sonra Müsavatın siyasi səhnədə daha ciddi rol oynayacağını deyə bilərik.
Partiya sədrliyinə əsas namizədlərdən biri isə BDU-nun dosenti Nüşabə Sadıqlıdır. Lalə Şövkətdən sonra ölkə siyasətində ikinci qadın partiya sədri olmaq şansı qazanan N.Sadıqlının Müsavatdan küskün düşən köhnə müsavatçıları geriyə qaytaracağına dair iddialar mövcuddur. A.Hacılının sədr seçilməsindən sonra Vurğun Əyyub, Qubad İbadoğlu, Adil Qeybulla və digər ictimai-siyasi xadimlərin partiya sıralarından çıxması ilə müxalifət cəbhəsindəki siyasi rıçaqlarını itirən Müsavatın N.Sadıqlının rəhbərliyi ilə yenidən meydanlara qayıdacağı gözləniləndir.
Ehtimal olunur ki, hakimiyyətə qarşı radikal mövqedə olan AXCP sədri Əli Kərimlinin parlamentə geri dönməsindənsə, siyasi iqtidar parlamentdə rəqabətin güclənilməsi üçün Müsavatı özünə rəqib seçə bilər. AXCP-nin və Əli Kərimlinin siyasi iqtidara münasibətdə radikal mövqe tutması Azərbaycan hakimiyyətinin bu təşkilatla uzlaşmasını mümkünsüz edir. Amma Sadıqlının bioqrafiyasına baxanda və İsa Qəmbərin onu dəstəkləməsi faktını nəzərə alanda siyasətçi xanımın partiya sədri olaraq bu mübarizədə əsas tərəflərdən birinə çevrilməsi real görünür.
Analitiklərin fikrincə, siyasi kuluarlarda Müsavat və YAP mübarizəsi parlamentdə yenidən canlana bilər. Bu mübarizə 90-cı illərin kəşməkəşli parlament davaları kimi olmasa da, indikindən fərqli olaraq, parlamentə yeni nəfəs, yenui ruh gətirə bilər. Amma seçkinin taleyi daha çox Müsavat Partiyasının proporsional namizəd siyahısındakı şəxslərin kimliyindən asılı olacaq. İsa Qəmbər və Arif Hacılı "sabiq başqan" statusunda siyahıda ön sıralarda yer almasa, Müsavatın "qutu"dan çıxmaq şansı daha böyük olacaq. //yenisabah.az//