“TIR-lar Donbasa girə bilməz” deyənlərin Laçında “yolu açın” tələbi
Bolqarıstanın “Sofia Globe” nəşri Qərbin ikiüzlü siyasətini ifşa etdi - Bakıdan reaksiyalar
Dövlətin icazəsi olmadan onun ərazisinə humanitar yardım adı altında konvoy yeritmək cəhdi çağdaş tarixdə ilk hadisə deyil. 9 il qabaq - 2014-cü ildə eyni hoqqanı Rusiya-Ukrayna sərhədində çıxarıb. O vaxt Kiyev Rusiyanın Ukraynaya silah-sursat və terrorçu keçirəcəyindən ehtiyatlandığına görə Moskvanın humanitar yardım adı verdiyi təşəbbüsü rədd edib. Bəs onda Qərbin məsələyə münasibəti necə olub? ABŞ və Avropa İttifaqı birmənalı şəkildə Rusiyanın əməllərini qınayıb, Ukraynanın müdafiəsinə qalxıb.
Novator.az xəbər verir ki, Bolqarıstanın ingilisdilli “Sofia Globe” nəşri hazırda Ermənistanın humanitar yardım adı ilə bir yığın yük avtomobilini Azərbaycanın sərhədinə dirəməsinin də mahiyyətcə eyni hadisə olduğunu yazır. “Sofia Globe” Qərbin Qarabağ ətrafındakı “humanitar yardım” oyununa fərqli münasibət sərgilədiyini, bəzi Qərb dövlətlərinin, xüsusilə Fransa və ABŞ-ın erməni diasporunun təsiri altında separatçıların tələblərini dəstəklədiyini qeyd edir. “Sofia Globe” hesab edir ki, 2014-cü ildə Rusiya humanitar yardım bəhanəsi ilə Ukraynaya yük avtomobilləri göndərəndə Qərb məsələyə necə reaksiya vermişdisə, indi də elə reaksiya verməlidir: “2014-cü ilin avqustunda NATO-nun baş katibi Anders Foq Rasmussen belə demişdi: "Rusiya konvoyunun humanitar yardım adı altında Ukraynaya girməsini qınayıram. Bu, Rusiyanın beynəlxalq öhdəlikləri kobud surətdə pozmasıdır".
“Rusiya hara, Ukraynaya yardım göstərmək hara?.. Bu səbəbdən gələcəkdə Rusiyanın Ukrayna ərazisinə birtərəfli qaydada istənilən müdaxiləsi, o cümlədən humanitar yardım adı altında müdaxiləsi yolverilməzdir” - bu da 2014-cü ilin avqustunda deyilmiş fikirdir. Müəllifi həmin vaxt ABŞ-ın BMT-də daimi nümayəndəsi olmuş Samanta Pauerdir. “Rusiyadan Ukraynaya yük avtomobillərinin göndərilməsi açıq-aşkar Ukrayna sərhədlərinin pozulmasıdır” - Avropa Komissiyasının rəsmisi Sebastyan Brabantın sözüdür".
“Sofia Globe” o vaxt ABŞ Prezidenti Barak Obama ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığına dair press-relizdən də iqtibas gətirir: “İki lider razılığa gəldi ki, Ukrayna icazə vermədiyi halda Rusiyanın bu ölkəyə konvoy göndərməsi növbəti təxribat, suverenliyə və ərazi bötövlüyünə qəsddir”. Göründüyü kimi, iki hadisəyə Qərbin münasibətləri arasında aşkar fərq var. Bu, Qərbin ikiüzlülüyünün daha bir sübutudur.
Deputat Azər Badamov dünyada ikiüzlü oyunçuların ölkəmizə münasibətlərinin dəyişmədiyini qeyd etdi: “Qərbin ikiüzlü siyasəti BMT Təhlükəsizlik Şurasının qətnamələrini 28 il icra etdirmədi və Azərbaycanın torpaqları 30 il işğal altında qaldı. Halbuki bəzi ölkələrlə yanaşmada BMT Təhlükəsizlik Şurasının qətnamələri dərhal icra olunur. Azərbaycanla münasibətdə isə ATƏT-in Minsk Qrupu yaradıldı və bu təşkilatın qarşısına nəinki bu qətnamələrin icrasına töhfə vermək, əksinə, işğalı əbədiləşdirmək kimi vəzifə qoyulmuşdu. 15 iyulda Həkəri körpüsü üzərində dövlət bayrağımızı ucaldan sərhəd xidmətinin əməkdaşlarına silahla atəş açaraq bir əməkdaşın ağır yaralanması, 26 iyul tarixindən başlayaraq Laçın sərhəd nəzarət-keçid məntəqəsinin qarşısında humanitar yük adı altında 21 maşından ibarət yük avtomobil karvanını düzməsi ermənilərin növbəti təxribatlarıdır. Amma Ermənistan və onun havadarları zaman və gücünün dəyişildiyini nəzərə almayıb. Azərbaycan 90-cı illərin ölkəsi deyil. Bu gün öz sözünü döyüş meydanında demiş, ərazi bütövlüyünü öz gücü ilə qoruya bilən və qonşu ölkələrlə münasibətləri beynəlxalq normalara uyğun formalaşmasını tələb edə bilən Azərbaycan var. Amma təəssüf ki, zaman dəyişilsə də, ikiüzlü oyunçuların bizə baxışları dəyişmir. Azərbaycanın razılığı olmadan Ermənistanın "Spayka" şirkətinə məxsus təxribatçı avtomobil karvanı da ərazilərimizə girişinin mükünsüzlüyünü sübut edirik. Bolqarıstanın “Sofia Qlobe” nəşri Qərbin ikiüzlü siyasətini ifşa etdi. Necə olur ki, Ukrayna ilə münasibətdə Rusiya humanitar yardım adı altında Donbasa yük göndərmək istəyəndə Ukraynanın daxili işlərinə qarışmaq və suverenliyinə və ərazi bütövlüyünə müdaxilə hesab olunur, amma Ermənistanın Qarabağdakı ermənilərə humanitar yük adı altında göndərdiyi avtomobil karvanının buraxılmamasına görə Azərbaycan tərəfindən Laçın yolunun bağlanması yolverilməz hesab olunur və dərhal açılmasını tələb edirlər? Təbii ki, bu, Qərbin ikiüzlülüyünün göstəricisidir. Onlar üçün lazım olanda ölkələri günahkar çıxarmaq üçün beynəlxalq hüququ tapdalamaq adi hala çevrilib. Qərbin belə selektiv yanaşmaları dünyanı məhvə aparır. Amma onlar unudurlar ki, Azərbaycan öz haqqını döyüş meydanında təmin edib və lazım gələrsə, öz haqqını hətta döyüş meydanında yenə də müdafiə etməyə qadirdir".
Siyasi analitikmövcud duruma artıq təəccüblənmir: “Ərazi bütövlüyünün toxunulmazlığı prinsipində Qərbin yanaşması həmişə ikiüzlü olub. Azərbaycan xalqı torpaqlarımız işğalda olduğu 30 ilə yaxın müddətdə bu ikiüzlülüyün əyani şahidi oldu. Ukraynanın ərazi bütövlüyü məsələsində prinsipial mövqe sərgiləyən Qərb məsələ Azərbaycanın ərazi bütövlüyü olanda işğalçı Ermənistanla razılaşmağımızı tövsiyə edir, reallıqda isə işğalçıya dəstək verirdi. Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını azad etdi, bu reallıq qarşısında Qərbin yanaşması yenə dəyişməyib. İstər separatizmə münasibətdə, istər "humanitar yardım" kimi qondarma məsələlərdə eyni mövqeyi sərgiləyirlər. Misal üçün, İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı separatçılara dəstək nümayiş etdirir, halbuki 2017-ci ildə Kataloniyanın müstəqilliklə bağlı referendumu güc yolu ilə ləğv edildi. Yaxud Ukrayna müharibəsində kollektiv Qərb Rusiya işğalına qarşı çıxır və 2014-cü ildə işğal edilmiş Ukrayna ərazilərindəki separatizmi qəbul etmir. Amma məsələ Qarabağdakı separatizm olanda “öz müqəddəratını təyin etmə”dən, yaxud “onların təhlükəsizliyinin qorunması”ndan bəhs edir, ermənilərin “humanitar fəlakətlə” üzləşdiyinə dair qondarma iddiaları dəstəkləyir və Bakıya Laçın sərhəd-keçid məntəqəsini açması üçün təzyiqlər göstərir, yəni Azərbaycana açıq şəkildə deyirlər ki, ərazi bütövlüyü və suverenlik hüququndan imtina et. Qərbin ikiüzlülüyü bizim üçün artıq təəccüblü deyil. Azərbaycan 44 günlük müharibədə necə etmişdisə, indi də eyni prinsiplə hərəkət etməlidir. 30 il danışıqlar adı altında bizi aldatdılar, nəticədə Azərbaycan ordusu kazarmalardan çıxdı və torpaqlarını azad etdi, bütün dünya da bu reallıqla razılaşmalı oldu. İndi də suverenliyimiz və ərazi bütövlümüyüzün toxnulmazlığı prinsipindən geri addım atmamalıyıq, nəticədə bütün güclər bu reallıqla barışmalı olacaq və Azərbaycan ərazisində yaşayan ermənilərin təminatı da öz ərazimizdən həyata keçiriləcək".
“Yeni Müsavat”
Tarix: 17-08-2023, 11:58