GÜNDƏLİKDƏKİ AÇAR MƏSƏLƏ: QARABAĞIN “TƏMİZLƏNMƏSİ” – “Blokada şousu” bitəndən sonra Azərbaycanın atmalı olduğu addım nədir?


Ermənistanın və onun dəstəkçilərinin təşkil etdiyi BMT şousu bitdi, bunun ardınca “Qarabağda humanitar böhran”, “Laçın dəhlizi açılmalıdır” kimi isterik təbliğata da son vermək lazım gəlir.
Beləliklə, Azərbaycan öz gündəliyinin həyata keçirilməsinə davam etməlidir. Gündəlikdə 3 mühüm məsələ var:
- Qarabağın ermənilər yaşayan əraziləri də  tam silahsızlaşdırılmalı, Xankəndində fəaliyyət göstərən qondarma separatçı rejimin varlığına son qoyulmalıdır;
- Ermənistanla sülh müqaviləsi imzalanmalı, regionda daxili və xarici kommunikasiyalar açılmalı, Azərbaycanın qalan hissəsi ilə Naxçıvan MR arasında əlaqə təmin olunmalıdır;
- Qarabağ ərazisində qalan  ermənilərinin reinteqrasiya proqramına start verilməli, paralel olaraq Qərbi Azərbaycan İcmasının Ermənistana qayıdışı, onların hüquqları və təhlükəsizliyi ilə bağlı genişmiqyaslı addımlar atılmalıdır.
Qarabağın kiçik bir hissəsində qalan erməni silahlı dəstələrinin tərksilah edilməsi, onlara məxsus ağır silahların bölgədən çıxarılması qalan problemlərin həllində açar məsələdir. Müxtəlif mənbələrdən əldə olunan informasiyalara görə, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan bölgələrində 18 min nəfərə qədər silahlı canlı qüvvə var. Onlar əsasən Xankəndi, Xocavənd, Ağdərədə yerləşdirilib. Azərbaycan kəşfiyyatının müəyyən etdiyi, ictimailəşdirilən görüntülərdə Rusiya hərbçilərinin onların döyüş mövqelərinin təminatı, rotasiyası, təchizat bazaları ilə əlaqəsini təmin etdiyi görünür. Bir qayda olaraq Rusiya ordusunun bayrağı altında hərəkət edən PDM-lər erməni hərbi kolonlarını müşayiət edərək onların təhlükəsiz şəkildə təyinat yerinə çatmasını təmin edir.
Qarabağın məlum ərazilərindəki silahlı dəstələrin hərbi arsenalında kifayət qədər zirehli texnika, hava hücumundan müdafiə vasitələri, 150 kilometrə qədər hədəfləri vura bilən raketlər, habelə toplar, haubitsalar, dron əleyhinə vasitələr, radar sistemləri və s. var. Bir sözlə, 44 günlük müharibə dövründə Azərbaycan ordusunun məhv etdiyi, qənimət götürdüyü hərbi arsenalın salamat qalan hissəsi əsasən işğal altındakı mövqelərdə yerləşdirilib. 


Ermənistan siyasi rəhbərliyi Xankəndindəki hərbi xunta ilə əlaqələrini nə qədər inkar etməyə çalışsa da, sadlanan hərbi qüvvə bilavasitə Ermənistan ordusunun bir hissəsini təşkil edir. İrəvanın hər il Qarabağ ərazindəki ermənilərə ayırdığı 360-400 milyon dollar vəsaitin əhəmiyyətli hissəsi də bu qanunsuz silahlı dəstələrin təminatına yönəldilir.
Azərbaycan Laçın yolunun girişində öz nəzarətini təmin etdikdən sonra qanunsuz erməni hərbi birləşmələrinin bəslənməsi Rusiyanın üzərinə düşüb. “Sülhəramlıların təminatı” adı altında Qarabağa gətirilən yüklərin bir hissəsi bu ehtiyaclar üçün sərf olunur.
Rəsmi Bakı yubanmadan konkret vaxt verməklə Ermənistandan və Rusiyadan Qarabağdakı qanunsuz erməni silahlılarının silahsızlaşdırılması öhdəliyini yerinə yetirməyi tələb etməlidir. Moskvanın hər fürsətdə istinad etdiyi 10 noyabr razılaşması Azərbaycan ərazisində işğalçı qüvvələrin qalıqlarının saxlanılmasını tamamilə istisna edir. Əks təqdirdə, ölkənin milli təhlükəsizliyinə təhdid yaradan bu qüvvələr Azərbaycan Silahlı Qüvvələri üçün legitim hədəfdir. Beynəlxalq hüquqa görə, hər bir ölkə özünün təhlükəsizliyini, sərhədlərini, suverenliyini qorumaq üçün hərbi əməliyyatlar həyata keçirə bilər.
Laçın yolundakı mövcud rejimin saxlanılması Azərbaycanın legitim hədəflərinə çatmasını təmin edən əsas vasitələrdən biridir. Proseslər göstərdi ki, erməni lobbisi var gücü ilə çalışsa da, rəsmi Bakının iradəsini sındıra bilmədi, şübhəsiz ki, bundan sonra yüksək dinamikanı saxlamaq, Azərbaycana ardıclı təzyiqləri təşkil etmək mümkün olmayacaq.
Beləliklə, Bakı üçün Qarabağın ermənilər yaşayan ərazilərində də suverenliyini bərpa etmək üçün yeni fürsətlər pəncərəsi açılıb. Onu mütləq dəyərləndirmək lazımdır.
“AzPolitika.info” 
Tarix: 19-08-2023, 12:17
Xəbəri paylaş





Xəbər lenti