Rusiya liderinin qorxularının indi nələr olduğunu özündən və yaxın ətrafından başqa kimsə bilmir...
Rusiya prezidenti Vladimir Putinin avqustun sonunda Türkiyəyə getməyəcəyi dəqiqləşdi. Putin Türkiyəyə səfər etməkdən imtina etməsəydi bu, Rusiya prezidentinin müharibə başlayandan bəri ilk xarici səfəri olacaqdı. (Rusiya mediası Putinin müharibədən bəri ilk xarici səfərinin təxirə salınması kimi qiymətləndirirlər. Halbuki Putin keçmiş sovet respublikaların bir neçəsində və İranda tədbirlərdə olub) Diplomatların və Kreml rəsmilərinin bir aylıq müzakirə və koordinasiyasından sonra nəhayət, Putin Ərdoğanla danışıqlar üçün Türkiyəyə getməməyə qərar verdi. Tarixi səfər beləcə alınmadı...
Putinin səfərə getməyəcəyini “RİA Novosti”nin Ankaradakı mənbələri də artıq təsdiqləyiblər. Ərdoğanın “Azov” komandirləri ilə bağlı məlum qərar olmasaydı, Putin Türkiyəyə gedəcəkdimi, bu qədər tərəddüdü olacaqdımı? Söyləmək çətindir. Çünki hələ münasibətlərdə gərginlik yaranmazdan öncə də Putin “Rosatom”un inşa etdiyi “Akkuyu” AES-in açılışı üçün Türkiyəyə səfər etməkdən imtina etmişdi, baxmayaraq ki, onun iştirakı əvvəlcədən elan edilmişdi.
Putinin niyə Türkiyəyə getmədiyi haqda mümkün versiyalar sırasında prezidentin təhlükəsizliyi məsələsi öndədir. Türkiyə hər cür təminat versə də, Putinin qorxularının indi nələr olduğunu özündən və yaxın ətrafından başqa kimsə bilmir. Putinin məsələn, öldürülməkdən qorxması insana məxsus olan hisdir, qorxusuz adam yoxdur. Türkiyə nə qədər Qərb və NATO-da müstəqilliyini saxlamağa çalışsa da, Rusiya ilə hibrid müharibəsi edən bir bloka üzvdür və Putinin oraya səfəri istənilən halda riskdir. Ərdoğan da onun yerində olsaydı, getməkdə tərəddüd edərdi.
BRİKS-in Cənubi Afrika Respublikasında başlayan toplantısına da getməyən Putin onu da yaxşı bilir ki, Türkiyə Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənzimləyən əsas sənəd -Roma Əsasnaməsini imzalamayıb, demək onu həbs etmək öhdəliyi də daşımır.
Burada daha bir məqam da diqqətdən qaçmamalıdır. Rusiya mümkün görüşdə mövzuların əhatə dairəsini bilir və indi bu müzakirələrə əşhədü ehtiyacı yoxdur. Ərdoğanın mövqeyi bəllidir, nələri də təklif edə biləcəyi də. Amma bunlar indilikdə Rusiyanın taleyüklü məsələsi deyil. Nə “Taxıl sazişi”nə qayıtmaq, nə Ukrayna ilə bağlı sonu görünməyən müzakirələr. Çünki müharibə Qərbin yeni silahları(qanadlı raketlər, F-16-lar və sairə) ilə daha da qızımaqdadır. Ərdoğan indi bu məsələdə heç nə edə bilməz.
Belə görünür ki, həm də Putinin ağzı elə əyilib ki, hətta Türkiyə prezidenti Ərdoğanın da Rusiyaya mümkün səfərinə o qədər də isti baxmır. Son günlər münasibətləri gərginləşdirəcək başqa xəbərlər də var. Bildirilir ki, Türkiyə gəmiqayırma zavodlarından birində Ukrayna Hərbi Dəniz Qüvvələri üçün “Ada” tipli ikinci gəmi hazırlanıb. Gəmilərin tikintisini İstanbul şirkətlərindən biri həyata keçirir. Hazırda Ukraynada donanma qalmayıb, baxmayaraq ki, sırf nominal Hərbi Dəniz Qüvvələri, eləcə də onların komandiri var. Türkiyənin bu məsələdə Ukraynaya dəstəyi isə Moskvanın narazılığını artırır.
Rusiyada, mümkündür ki, Soçidə müzakirə olunancaq mövzularla bağlı detallar Türkiyə XİN rəhbəri Hakan Fidanın yaxın günlərdə baş tutacaq səfəri zamanı aydınlaşacaq. Ərdoğanın isə Rusiyaya getməsi daxildəki müxalifəti hərəkətə gətirəcək, sərt tənqidlər qaçılmaz olacaq. Ərdoğan Türkiyəsinin isə indi dayanıb müxalifətin mövqeyini gözləmək kimi lüksü yoxdur. Ərdoğan üçün “Taxil sazişi” də vacibdir, taleyi müəmmalı olan qaz xabı da. Ərdoğan ümid edir ki, hələ də “Taxıl sazişi”ndə kompromis tapıla bilər. Türkiyə Rumıniya limanları vasitəsilə Ukrayna taxılının ixracı üzrə Amerika planının hazırlanmasında iştirak etməklə yanaşı, Rusiya və Qətərlə alternativ razılaşmanın mümkünlüyünü müzakirə edir.
...Putinin indiki vəziyyəti məşhur film qəhrəmanın “Я не трус, но я боюсь” frazasını yada salır. O da faktdır ki, “Vaqner”in üsyanından sonra Kremldə daxili sabitliyin pozulması və hakimiyyətin itirilməsi qorxusu yaranıb ki, bu da Putinin bu cür səfər proqramlarına da, qərarlarına da təzyiq göstərir.
Rusiya prezidentin xaricə səfərlərdən imtina etməsi şübhəsiz ki, onun daha da təcrid olunmasına gətirib çıxaracaq...
Musavat.com
Tarix: 23-08-2023, 08:42