Ukrayna ordusu gözlənilmədən 42 PUA ilə Krıma hücum edib: 9 PUA hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib, 33 PUA isə radioelektron mübarizə sistemləri ilə zərərsizləşdirilib.
Son günlər Ukrayna ordusunun Krım yarımadasına hücumlarında intensivlik müşahidə edilir. Bir neçə gün öncə Ukrayna Baş Kəşfiyyat İdarəsinin bölmələri Tarxankut burnunda xüsusi əməliyyat keçirib və uğurlu nəticə əldə edilib. Vurğulanıb ki, Ukrayna kəşfiyyatçıları azad edilən ərazidə bayraq da qaldırıblar.
Nə baş verir?
Ukraynanın hücumlarının intensivliyi artırması səbəbsiz deyil. Məsələ ondadır ki, müharibənin uzanması və ordunun istənilən səviyyədə irəliləyə bilməməsi Kiyevi dəstəkləyən Qərb və ABŞ-ı narazı salır.
ABŞ verilən dəstəyə rəğmən Ukrayna ordusunun irəliləyişinin zəif olmasından, həmçinin Rusiyanın müharibənin miqyasını böyütmək və başqa ölkələrə keçirmək riskindən narahatdır.
Ukraynaya dəstək verən Aİ və NATO ölkələrinə gəldikdə isə faktiki olaraq fikir ayrılığı yaşayırlar.
Təsadüfi deyil ki, artıq Qərbdən Rusiya-Ukrayna müharibəsinin bitməsi və sülh müqaviləsinin imzalanması istiqamətində təkliflər gəlir.
Kiyevi narahat edən çıxış
Ukraynanın Krıma hücumlarını intensivləşdirməsinin əsas səbəbi NATO rəsmisinin ərazi mübadiləsi ilə bağlı açıqlamasıdır. Düzdür, o, daha sonra bu ifadəni başqa məqsədlə işlətdiyini desə də, rəsmi Kiyev üçün bu, həyəcan təbili çalmaq üçün kifayət edib.
Müharibənin uzanması Kremlin əlavə risklər yaratması və Kiyevin həm Aİ, həm də NATO-ya üzv olmaq istəyi, əslində, bu versiyanı gündəmə gətirə bilər.
NATO rəsmisi “ərazi mübadiləsi” ifadəsini fərqli mənada işlətdiyini desə də, mümkündür ki, bu fikir nəbz yoxlamaq üçün səsləndirilib. Prinsip etibarilə Ukrayna hazırkı şəraitdə münaqişəli əraziləri qaldığı təqdirdə nə Aİ, nə də NATO-ya üzv ola bilər. Yəni Ukrayna Aİ və NATO-ya üzv olmaq istəyirsə, mübahisəli ərazilərdən imtina etməyə məcbur qalacaq.
Görünür, Kiyev hələlik bu haqda düşünmür və Qərbə özünü isbat etmək, torpaqlarını işğaldan azad etmək üçün Krıma ardıcıl hücumlar təşkil edir.
Nəticə etibarilə müharibənin müddətinin uzanması və Kiyevin istənilən səviyyədə irəliləyə bilməməsi Qərbin təzyiqlərinin artması ilə nəticələnə bilər. Hazırda Ukrayna tərəfi Krımda bir sıra uğurlu əməliyyatlar keçirsə də, hesab edirəm, yarımadanın bütövlükdə işğaldan azad edilməsi indiki şəraitdə çətindir.
Ukrayna digər ərazilərini işğaldan azad etsə də, Krımla bağlı məsələ çox mürəkkəbdir..
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 25-08-2023, 17:50