“Orevuar, madam İdalqo”, yolu səhv salmısınız!..

“Orevuar, madam İdalqo”, yolu səhv salmısınız!..
“Paşinyandan narazı olan və narazılığını dilə gətirən Makron  Paris merini təsadüf olaraq İrəvana göndərməyib… 2 sentyabrda İrəvan və Xankəndində hakimiyyət çevrilişlərinə hazırlıq gedir…”
Fransa prezidenti Makron üç gün əvvəl deyirdi ki, “indi diplomatiya vaxtı deyil”. Dünən isə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Maraqlıdır, bu zəng diplomatiya deyilsə.., bəs nədir? Yoxsa zənglə müharibə elan edir, Makron? Paris meri özbaşına Laçın yoluna gəlmir, bu səfərə Makronun birbaşa razılığı, daha doğrusu, göstərişi var. Bəs, niyə məhz indi? Makronun və erməni siyasi qüvvələrin hədəfində nə var? 2 sentyabrda həm İrəvanda, həm də Xankəndində qondarma rejimin guya müstəqillik günü qeyd olunacaq və bu məqsədlə hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvələr mitinqlərə çağırış ediblər. Bakının göndərdiyi humanitar yükün ermənilərdə bir ajiotaj yaradacağı, ardınca da Bakının Fransa şəhərlərindən gələn 10 maşın yükü “Spayka”nın cərgəsinə qoyacağı şübhə yaratmadığından, qəsdən 2 sentyabr üçün beynəlxalq səviyyədə qarışıqlıq və gərginlik yaratmaq planı hazırlanıb. Dünəndən bəri Bakıdan Xankəndiyə aparılan humanitar yük ətrafında Qarabağ ermənilərinin həyasız hərəkətlərini, meydan oxurcasına yol kəsmələrini və bizə ünvanlanan təhqiredici bəyanatlarını sakit qarşılamaq çox çətindir, böyük təmkin istəyir. Yol kəsənlərin əksəriyyəti Ruben Vardanyanın başçılıq etdiyi  “təhlükəsizlik və inkişaf cəbhəsi”nin üzvləridir. Bizim üçün fərqi yoxdur, Vardanyanın adamları olsun, ya Araik Arutunyanın. Rusiya hərbçiləri isə ermənilərin qarşısında suçlu kimi boyunlarını büküb azərbaycanlıları Əsgəran ərazisinə buraxmyacaqlarını vəd edirlər. Parisin meri Ann İdalqo, Strasburqun milliyətcə erməni olan meri Barseqyan Laçın yoluna gələcəklərini və humanitar yükü müşayət edəcəklərini elan edib. Paşinyandan narazı olan və narazılığını dilə gətirən Makron  Paris merini təsadüf olaraq İrəvana göndərməyib. 2 sentyabrda İrəvan və Xankəndində hakimiyyət çevrilişlərinə hazırlıq gedir. Vardanyan həmin gün Araiki yola salmağı planlaşdırır… Paris merinin gətirdiyi yükü Laçın yolundan keçirməklə Fransa, konkret olaraq Makron bölgədə nüfuz nümayiş etdirmək niyyətindədir… 

Bu gün Parisdən gələnlər Laçına gəlib uzaqdan binoklla Həkəri körpüsünə baxacaqlar və dünyaya mesaj verəcəklər ki, Azərbaycan “humanitar fəlakət” yaşadır . Məqsəd bizi dünyanın qınaq və təzyiq hədəfinə çevirməkdir. Laçın yolu Parisdən gələn madam İdalqonun üzünə daha sərt şəkildə bağlanmalıdır. Olduqca prinsipial situasiya yaranıb. Bütün erməni mediası Makronun zəngindən sonra Azərbaycanın geri addım atacağından,  Parisdən gələn yükün Laçın yolundan keçəcəyindən və bu faktın “Artsaxın müstəqillik yolu”nda uğurlu mübarizəsinə töhfə verəcəyindən yazır. Parisin ermənilərlə birgə bu siyasi manipulyasiyası keçəsi deyil və Laçın yoluna təşrif gətirəcək mer İdalqoya bəri başdan “Au revoir madame, vous faites fausse route ”-deyirik…
 
P.S. Başlıqdakı “Orevuar, madam İdalqo” ifadəsinin mənası budur:  “Əlvida, madam İdalqo" Yəni salamlamırıq, xudahafiz deyirik…
 
İlham İsmayıl
Tarix: 30-08-2023, 13:37
Xəbəri paylaş





Xəbər lenti