Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ötən gün BBC-yə müsahibə verdi. Müsahibə kifayət qədər maraqlı və diqqətçəkən idi.
Hacıyevin müsahibə zamanı qeyd etdiyi üç məqam xüsusilə diqqət çəkdi:
Birincisi, Ağdam-Xankəndi yolu açılandan sonra Laçın yolu da 24 saat ərzində açılacaq.
İkincisi, “Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır”.
Üçüncüsü, Qarabağdan olan ermənilərə Azərbaycanın digər vətəndaşları kimi dil, mədəni, dini, o cümlədən bələdiyyə hüquqları təklif olunur.
H.Hacıyev qeyd edir ki, Azərbaycan Ağdam-Xankəndi marşrutu açıldığı halda Laçın yolundan da yüklərin daşınmasına icazə verəcək. Özü də bu proses 24 saat ərzində baş verəcək.
Sual yaranır: Bakı buna niyə razılıq verir?
Təəssüf ki, bəziləri Hacıyevin “Laçın yolu da 24 saat ərzində açılacaq” fikrinə daha çox fokuslanır. Halbuki diqqət yetirilməli olan hissə “Ağdam-Xankəndi yolu açılandan sonra” olmalı idi.
Əslində, rəsmi Bakı ermənilərin qarşısında şərt qoyur: “Ağdam-Xankəndi yolu mütləq açılmalıdır”. Yəni Laçın yolunun açılması və 24 saat fəaliyyət göstərməsi üçün qeyd-şərtsiz Bakının təklifi qəbul edilməlidir.
İndi isə H.Hacıyevin ikinci mühüm fikrinə baxmaq lazımdır. Çünki bu fikir məhz birinci fikrin strateji tərəflərini açır. O qeyd edir ki, “Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır”. Bu fikir perspektivdə rəsmi Bakının hədəflərinə dair ipucları verir.
Hacıyev konkret bir yoldan deyil, yollardan bəhs edir. Ağdam-Xankəndi yolu, Laçın yolu onlardan ikisidir. Lakin burada iki yoldan da bəhs etmək lazımdır.
1. Zəngəzur dəhlizinin əsas hissəsini təşkil edən Zəngilan-Mehri-Naxçıvan yolu;
2. Ağdərə-Kəlbəcər yolu;
Əslində, “yollar” ifadəsindən yola çıxaraq və regiondakı bir çox strateji yolu nəzərə alaraq bu siyahını uzatmaq olar. Lakin ehtimal ki, Hacıyev “Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır” deyərək Ağdam-Xankəndi yolu, Laçın yolu ilə birlikdə həm də Ağdərə-Kəlbəcər, Zəngilan-Mehri-Naxçıvan yolunu nəzərdə tutur.
O ki qaldı H.Hacıyevin “Qarabağdan olan ermənilərə Azərbaycanın digər vətəndaşları kimi dil, mədəni, dini, o cümlədən bələdiyyə hüquqları təklif olunur” sözlərinə, prinsip etibarilə bu ifadələrin səsləndirilməsini də tam təbiidir.
Rəsmi Bakı erməni əsilli vətəndaşlarına qeyri-adi heç bir imtiyaz vermir. Mövcud Azərbaycan konstitusiyasına görə, ölkə ərazisində yaşan bütün etnik azlıqlara dil, mədəni, dini, o cümlədən bələdiyyə hüquqları verilib.
Hacıyevin bu məsələni növbəti dəfə dilə gətirməsi həm “ermənilərə muxtariyət verilməlidir” deyən qüvvələrə mesajdır, həm də erməni icmasının narahatlığını aradan qaldırmaq məqsədi daşıyır.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 31-08-2023, 12:37