Kanada sərhədimizə atlı dəstə göndərir - Ottavanın yanlış Qafqaz siyasəti

 
Bu uzaq ölkə İrəvanda səfirlik açır, Avropa İttifaqının Ermənistandakı missiyasına qoşulur və Kral Atlı Polisini cəlb edir
Ermənistanın Rusiyadan üz döndərmək, özünə yeni müttəfiqlər və güclü himayədarlar axtarmaq cəhdləri təkcə Hindistanı deyil, regiondan uzaq başqa bir ölkəni - Kanadanı da özünə cəlb edir. Qərb mənbələri Kanadanın Cənubi Qafqazda diplomatik təsirini gücləndirmək üçün Ermənistana üz tutub. Belə ki, Kanadanın gələn ay İrəvanda səfirliyini açacağı gözlənilir.
Ölkənin xarici işlər naziri Melani Colinin Ermənistana səfəri planlaşdırılır. Kanada həm də Avropa İttifaqının (Aİ) Ermənistan Sərhədində Monitorinq Missiyasına (EUMA) qoşulan üç ölkə arasında birincidir. Rəsmi Ottava monitorinq aparmaq üçün Ermənistan sərhədinə öz müşahidəçilərini göndərəcək. Vəziyyətlə tanış olan mənbələr bildiriblər ki, bu müşahidəçilər Kral Atlı Polisindən cəlb olunacaqlar.
Melana Coli avqustun 18-20-də Monrealda keçirilən erməni diasporunun illik festivalında çıxış edərək, Kanadanın Qarabağ erməniləri ilə bağlı məsələlərin həllində fəal rol oynayacağını bəyan edib. “Ermənilər Artsaxda real təhlükə ilə üz-üzədir”, - deyə Coli erməni auditoriyasına bildirib və onun hökumətinin Cənubi Qafqazda baş verən proseslərə fəal şəkildə müdaxilə edəcəyinə eyham vurub. Nazirin çıxışında ermənilərin Azərbaycan ərazilərinin bir hissəsinə verdiyi addan istifadə etməsi təbii ki, Kanada ermənilərinin xoşuna gəlib. Lakin Azərbaycanın belə bəyanatlara nə qədər sərt reaksiya verdiyi məlumdur.
Qeyd edək ki, Kanada heç vaxt dünya siyasətində müstəqil geosiyasi oyunçu sayılmayıb. Bu münasibətlə “Toronto Star” qəzeti yazır ki, Kanadanın xarici siyasətinin “rəhbər ulduzu” ABŞ-dır və əgər Vaşinqton Ottavadan müxtəlif anti-Rusiya və ya Çin əleyhinə təşəbbüslərə qoşulmağı xahiş etsə, belə də olur. Bu baxımdan, Kanadanın Ermənistan vasitəsilə regiona daxil olmaqla Cənubi Qafqazda öz təsirini gücləndirmək planları, şübhəsiz ki, Qərbin, xüsusən də ABŞ-ın Rusiyaya qarşı kollektiv siyasətinə uyğun gəlir. Qərb Ermənistanda itirilmiş mövqelərini bərpa etməyə çalışır. Cənubi Qafqaz Rusiyanın əsas potensialı olmasından istifadə edərək Ukrayna ilə müharibəyə yönəldildi və bu da onun Ermənistanda təsirinin zəifləməsinə səbəb oldu. Məhz buna görə də Vaşinqton və Brüssel Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq üçün fəal əməkdaşlıq edirlər. Bu təşəbbüslərə aqressiv reaksiya verən rəsmi Moskva bəyan edir ki, Qərbin əsl məqsədi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır. Əgər Kanada ABŞ-ın regionda sülhün əldə olunmasına yönəlmiş diplomatik təşəbbüslərini gücləndirmək istəyirsə, eyni zamanda burada nüfuz qazanmağa çalışırsa, o zaman bunu erməni diasporuna sığınaraq edə bilməz. Ottava Bakının maraqlarını nəzərə almalıdır, əks halda, Ermənistan-Azərbaycan sərhədinə göndərilən bədnam atlı polisin köməyi ilə ciddi geosiyasi məqsədlərə nail olmaq mümkün olmayacaq.

Politoloq Murad Sadəddinovun “Yeni Müsavat”a dediyinə görə, Kanadanın bölgədə fəallaşmasının bir neçə faktoru var. Onun fikrincə, birincisi, Kanadanın Fransa ilə gizli anlaşması var. Ekspert ikinci detal olaraq Fransanın təsiri altında olan bir dövlət kimi Türkiyəyə qarşı siyasəti göstərir: “44 günlük müharibə vaxtı Kanada Türkiyəyə sanksiya tətbiq etmişdi. "Bayraktar"ın optik sistemlərini onlar satırdılar, buna qadağa qoymuşdular. Yəni Kanada Fransanın diktəsi ilə hərəkət edir. Digər səbəb isə Rusiyaya qarşı plandır. Yəni rusların Cənubi Qafqazdan çıxarmaq səylərinə qoşulub. Bir sözlə, anti-Türkiyə və anti-Rusiya cəbhəsində iştirak edir". Ekspertin sözlərinə görə, Rusiya Paşinyan hakimiyyətini devirmək istəyir və bu da Fransa, Kanada, ABŞ kimi ölkələri narahat edir: “Moskva İrəvanda iqtidara ruspərəst siyasətçini gətirmək istəyir. Qərb də Nikolu müdafiə edir. Rusiyanın regionda zəifləməsinə və bölgədən çıxarılmasına gəlincə, Ukrayna müharibəsinin nəticələrindən asılı olacaq. Əgər məğlub olacaqsa, təkcə Cənubi Qafqazı yox, digər təsir dairələrini də itirmiş olacaq”.
Bu arada, Qərbi Azərbaycan İcması Kanadanın xarici işlər nazirinin növbəti anti-Azərbaycan açıqlamasını, Azərbaycanın suveren ərazilərinə münasibətdə qondarma, əcaib addan istifadə etməsini kəskin şəkildə pisləyib. “Davamlı olaraq Azərbaycan əleyhinə mövqe sərgiləyən, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləməsinə və onların öz evlərinə qayıtmasına imkan verməməsinə göz yuman kanadalı nazir nədənsə Azərbaycanın beynəlxalq hüquqa uyğun şəkildə atdığı legitim addımlardan xoflanır və ölkələrin suverenliyi və ərazi bütövlüyünə münasibətdə ikili standartlar yanaşmasından çıxış edir. Xanım nazirə xatırladırıq ki, tarixi yerli xalqlara qarşı ədalətsizliklər, ayrı-seçkiliklərlə dolu olan, vaxtilə BMT-nin yerli xalqların hüquqları haqqında bəyannaməsinə qarşı çıxmış çox az sayda ölkələrdən biri olan Kanada Azərbaycana qarşı ittihamlar səsləndirmək üçün mənəvi hüququnu çoxdan itirib. Kanadalı nazirin erməni icmasını məmnun etmək üçün düşdüyü acınacaqlı vəziyyətə acıyır və onun Azərbaycana qarşı qondarma açıqlamalarını rədd edirik” - bəyanatda deyilir.
Emil SALAMOĞLU
Tarix: 1-09-2023, 13:59
Xəbəri paylaş





Xəbər lenti