Rusiya-İran-Hindistan “üçlüyü” Azərbaycana qarşı - TƏHLİL
Pakistan-Hindistan arasındakı Kəşmir savaşı da Qarabağ müstəvisinə sürüklənir... Rusiyanın Ukraynaya təcavüzü Kremlin Cənubi Qafqazda “müttəfiqi” Ermənistanı dəstəkləmək imkanlarını kəskin şəkildə azaldıb. Moskvanın İrəvana verə biləcəyi silahlar bu gün onun özünə “Ukrayna cəbhəsində” lazımdır. “Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu”nun hesablamalarına görə, Rusiya 2011-2020-ci illərdə Ermənistana ən böyük silah ixracatçısı olub və bu müddət ərzində erməni ordusunun demək olar ki, bütün əsas silahlarını təmin edib. Amma Ukraynada müharibə başlayandan sonra tədarük faktiki olaraq kəsilib. 2023-cü ilin mayında Ermənistan Rusiyanın silah ixracına dair müqavilələri, hətta Ermənistanın artıq pulunu ödədiyi müqavilələri pozmağından şikayətlənib. Nəticə isə odur ki, Ermənistanın hərbi dəstəyində Rusiyanın rolu aşağı düşür, bunun əvəzinə İranla Hindistanın rolu kəskin şəkildə artıb. İrəvan rejimi durmadan silahlanır və Ermənistanın zahirən “dinc” ritorikasına baxmayaraq, regionda “böyük müharibə” təhlükəsi qalır. Təsadüfi deyil ki, Ermənistan hakimiyyəti 2023-cü ildə müdafiə büdcəsinin 46% artırılmasına icazə verib, bu isə onu 1,3 milyard dollara çatdırıb. Və bu büdcədə artımın əhəmiyyətli hissəsini Hindistandan silah alışı təşkil edir. Məlum olub ki, son vaxtlar Hindistan İran ərazisi vasitəsilə Ermənistana çoxlu sayda silah və hərbi texnika ötürüb. İranın özü də öz istehsalı olan silahların təhvil verilməsində iştirak edib. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Sepah-e-Qods” xüsusi bölməsindəki adı açıqlanmayan mənbə Küveytin “Əl-Caridə” qəzetinə açıqlamasında İrəvana “külli miqdarda texnika və sursat” verildiyini təsdiqləyib. Azərbaycan və İran KİV-lərində Hindistanın hərbi maşınlarının İran vasitəsilə Ermənistana ötürülməsinə dair videomateriallar yer alıb. Mənbə qeyd edib ki, Rusiya, İran və Hindistanın birgə qərarı əsasında son həftələr İran ərazisindən Ermənistana çoxlu sayda yüksək keyfiyyətli silahlar, o cümlədən PUA-lar, əsgərlərin daşınması üçün maşınlar, “yer-yer” və "yer-hava" raketləri, həmçinin Rusiya və Hindistan istehsalı olan radar sistemləri göndərilib. Onun sözlərinə görə, “bu addımlar Azərbaycan, Türkiyə, İsraili cilovlamaq və onların Ermənistanın Sünik bölgəsini işğal etməsinə mane olmaq üçün güc balansı tapmaq məqsədi daşıyır”. Məlumata əsasən, İranın ali dini lideri Xameneyi “hətta Ermənistan müqavimət göstərmək iqtidarında olmasa belə, İran hərbçilərinin Ermənistana dəstək verməlidir ki, Türkiyə, Azərbaycan və İsrailə mane olsun”, - deyə göstəriş verib. Mənbənin sözlərinə görə, İran Silahlı Qüvvələrinin Baş Qərargahı İran ermənilərinə təlim keçmək və onları İrəvanda hərbi xidmətə göndərmək üçün Xamneyidən icazə alıb. Bildirilir ki, “İİKK bir il əvvəl iranlı ermənilərə İran hərbi PUA-larından istifadəni öyrətməyə başlayıb, çünki onlar fars dilini bilmələri sayəsində əməliyyat proqramlarını tez başa düşə biliblər”. İran və SEPAH-ın aşkar məqsədi hər vasitə ilə, o cümlədən hərbi yolla Türkiyə ilə Azərbaycanı “birləşdirən” Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının qarşısını almaqdır. Görünür, bu dəhliz Hindistana da əl vermir. İlk növbədə ona görə ki, Dehli Türkiyə, Azərbaycan və Pakistan arasında əməkdaşlıqdan narahatdır. Hindistan qorxur ki, Zəngəzur dəhlizi iqtisadi cəhətdən Pakistandan asılı olan Mərkəzi Asiya və Əfqanıstan vasitəsilə əlaqə imkanları yaratmaqla yanaşı, gələcəkdə Türkiyə ilə Pakistan arasında ünsiyyət üçün daha geniş imkanlar yaradacaq. Hindistan və İran Şərq-Qərb dəhlizinə alternativ olaraq Hind okeanını Rusiya ilə birləşdirən Şimal-Cənub dəhlizini irəli sürür və onu ən əlverişli marşrutla - Azərbaycandan yox, Ermənistandan keçməklə inkişaf etdirmək niyyətindədirlər. Hindistanın Rusiya Federasiyası ilə əməkdaşlığına gəlincə, Rusiyanın Ukraynaya təcavüzü səbəbindən beynəlxalq təcrid vəziyyətinə düşməsindən sonra, onun Hindistanla ticarət dövriyyəsi kəskin şəkildə artıb. Üstəlik, Hindistan Rusiyanın çətin vəziyyətindən tam istifadə edir, ondan nefti ucuz qiymətə, üstəlik, öz rupisi ilə alır, sonra isə Rusiya neftinin bir hissəsini dünya bazarında daha baha qiymətə satır. Görünür, Ermənistan Hindistan üçün subkontinentindən kənarda “geosiyasi sıçrayış” üçün ilk presedent olmaq istəyir. Çindən fərqli olaraq, Hindistan son vaxtlara qədər praktiki olaraq özündən uzaq ölkələrin işlərinə qarışmırdı. Təsadüfi deyil ki, 2023-cü il avqustun 22-də “eurasianet.org” saytında keçmiş SSRİ ölkələri üzrə ixtisaslaşmış Berlinli siyasi iqtisadçı və tədqiqatçı Svenja Petersenin “Pakistan və Hindistan Dağlıq Qarabağda proksi mübarizə aparır” başlığı altında məqalə dərc edilib: “Hindistan və Pakistan arasındakı qarşıdurma davam edən Kəşmir münaqişəsi ilə əlaqələndirilir. Amma iki ölkənin Dağlıq Qarabağ münaqişəsində artan iştirakından az adam xəbərdardır. Cənubi Asiyadan olan bu iki düşmən üçün Kəşmir münaqişəsi Qarabağda davam etdi: hər iki dövlət qarşı tərəfə - Ermənistan və Azərbaycana silah verir. Əgər Pakistan 1990-cı illərin əvvəllərində Birinci Qarabağ Müharibəsi başlayandan Azərbaycanın tərəfindədirsə, Hindistan yalnız 2020-ci ildə İkinci Qarabağ Müharibəsində İrəvanın sarsıdıcı məğlubiyyətindən sonra Ermənistana silah tədarükçüsü rolunda çıxış edir. Pakistanın Azərbaycana dəstəyi İslamabadın Türkiyə ilə sıx strateji münasibətləri fonunda baş verir. Pakistan hökuməti 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Ermənistanın müstəqilliyini tanımadan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci dövlət olub. Məlumata görə, 2016-cı ildən Pakistan və Azərbaycan hərbçiləri birgə təlimlər keçirir və geniş strateji təhlükəsizlik təmaslarını saxlayırlar. Təsdiqlənməmiş informasiyalara əsasən, pakistanlı hərbi müşavirlər İkinci Qarabağ müharibəsində iştirak edərək, Qarabağın yüksək dağlıq ərazilərində aparılan əməliyyatlarla bağlı taktiki məsləhətlər veriblər. Bəzi ekspertlər hesab edir ki, İslamabad Çin-Pakistan birgə istehsalı olan JF-17 qırıcılarını Azərbaycana sata bilər. 2022-ci ilin payızında Hindistan Ermənistana 245 milyon dollar dəyərində artilleriya sistemləri, tank əleyhinə raketlər və digər növ döyüş sursatları göndərməklə dəstəyini artırdı. May ayında İrəvan Yeni Dehlidəki səfirliyin əməkdaşlarına ikitərəfli hərbi əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan hərbi attaşenin təqdim edildiyini elan edib. Hindistanın dəstəyinin artırılması Ermənistanın Qarabağda Azərbaycanın strateji təzyiqinə qarşı çıxmaq cəhdində həlledici amil ola bilər. Ənənəvi olaraq İrəvanın strateji tərəfdaşı olan Rusiya Ukraynada açdığı iyrənc müharibənin batağına düşüb və görünür, indi regionda davamlı sülhün bərqərar olmasına kömək etmək üçün nə resursları, nə də iradəsi var. İrəvan ümid edir ki, Hindistan yardımı Azərbaycanın Türkiyə, Pakistan və İsraildən aldığı dəstəyə qarşı tarazlıq rolunu oynayacaq... Hindistan da Ermənistana potensial iqtisadi imkanlar baxımından baxır. Yeni Dehli Rusiyanın Qafqazdakı strateji mövcudluğunun azalması nəticəsində yaranan boşluğu doldurmaqla silah satışından yararlana biləcəyinə ümid edir. Bununla belə, Hindistanın özünün Rusiya silahlarının əsas idxalçısı olması vəziyyəti mürəkkəbləşdirir: onun hərbi texnikasının təxminən dörddə üçü Rusiyadan gəlir. Və Moskva Ukraynadakı döyüşlərdə verdiyi itkilərin yerini doldurmaq üçün mübarizə apararkən ixrac sifarişlərini yerinə yetirməkdə çətinlik çəkir. Beləliklə, Hindistanın silah sənayesi çətin durumla üzləşir - öz artan tələbatını ödəmək və eyni zamanda Ermənistanı təchiz etmək fonunda”. Hindistanın Pakistanla “qarşıdurmasını” Cənubi Qafqaza köçürdüyü aydındır. Lakin Hindistanın Cənubi Qafqaza “hərbi müdaxilələri” Rusiyanın Ukrayna müharibəsinin onun üçün gətirdiyi çətinliklərin öhdəsindən nə dərəcədə gələcəyindən asılıdır. Axı, bu gün Ermənistanın Rusiya, Hindistan üçün tam hüquqlu “silah müştərisinə” çevrilməsi çox çətindir. Eyni zamanda, Rusiya Qarabağdakı “sülhməramlı”ların mandatı bitənə qədər bu müharibədən çıxa bilməsə, qisasçı erməni separatçıları “ağır bəla” qarşısında qalacaq. Buna baxmayaraq, erməni revanşist dairələri şüurlu şəkildə Hindistanın Rusiya ilə əməkdaşlıqda maraqlı olması və Rusiya-Hind-İran ittifaqını “erməniləri “soyqırımdan” xilas etmək üçün dəhlizlər yaratmaq üzərində oynaya bilərlər. Üstəlik, hətta öz silahları ilə bağlı problemlər yaşayan Hindistan artıq Ermənistana silah tədarükündə Rusiyanı əvəz etməyə çalışır. Hazırladı: Ülviyyə ŞÜKÜROVA