"Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşı kimi qəbul olunmaq üçün müvafiq ərizə ilə müraciət etməlidirlər" - Hikmət Hacıyev
Hüquqi baxımdan, Qarabağ bölgəsində doğulmuş ermənilər Azərbaycan vətəndaşlarıdır. Lakin Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı zamanı İrəvan anneksiya siyasəti aparıb və o, regionun, demək olar ki, bütün erməni sakinlərinə qeyri-qanuni pasportlar paylayıb. Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World”ə deyib.
Onun sözlərinə görə, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşı kimi qəbul olunmaq üçün müvafiq ərizə ilə müraciət etməlidirlər. Bu, həm də o deməkdir ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməklə Bakının suverenliyini və qanunlarını da tanıyırlar.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan Qarabağ ermənilərinin dil, mədəni, dini və bələdiyyə hüquqlarını təmin edəcək. Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan müxtəlif beynəlxalq konvensiyaların, o cümlədən Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının (FCNM) üzvüdür:
“Belə konvensiyalar çərçivəsində biz Qarabağ bölgəsinin erməni sakinlərinin fərdi hüquqlarını təmin etməyə hazırıq”.
Tarix: 2-09-2023, 09:55