Bakıdan Xankəndiyə uzanan yol: “Sülhməramlılar”ın siyasi məqsədləri - RƏY

Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolundadır.

Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.
İçərisində 40 ton un məmulatları olan iki TIR bir neçə gündür Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər.

Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb.

Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.

Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var.

Məsələyə münasibət bildirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a bildirib ki, humanitar yardımdan həm bölgədəki, həm də okeanın digər tərəfdəki bəzi dövlətlər istifadə edir:


"Hamısı erməni xislətindən qaynaqlanır. Bundan istifadə edən qüvvələr isə nəinki Azərbaycanda, ümumilikdə regionda qeyri-sabitlik yaradırlar. Əsas öhdəlik rus sülhməramlılarının üzərinə düşür. Onlar iki xalq arasında sülhməramlı rolu oynamaq görüntüsü altında Ermənistandan və ya Azərbaycandan gələn humanitar yardımdan siyasi məqsədlər üçün istifadə edirlər. Azərbaycan tərəfi sonuna qədər humanitar yardımın Laçın yox, Ağdam yolundan aparılmasına təkid edəcək. Amma başda Fransa, ABŞ, Rusiya olmaqla dünya dövlətləri ermənilərdən istifadə edərək bölgədəki istiqrarı öz bildikləri şəkildə pozub yenidən qaynar nöqtə yaratmaq istəyirlər".

Analitik əlavə edib ki, Azərbaycan istənilən miqdarda humanitar yardım göndərməyə qadirdir:
"Bundan sonra da milliyətindən asılı olmayaraq hər bir vətəndaşına yardım edəcək. Əgər biz 30 il öncəki kimi Qarabağdakı problemin həllinə xarici dövlətlərə qoşsaq, onlar humanitar məsələlərin həlli adı altında Azərbaycanın daxili işlərinə müdaxilə edəcəklər. ATƏT-in Minsk qrupundan aldığımız dərsdən sonra belə bir fəaliyyətə icazə  verməməliyik".
Tarix: 3-09-2023, 22:51
Xəbəri paylaş





Xəbər lenti