Azərbaycanın Vətən müharibəsində hərbi qələbəsindən sonra təkcə regionda deyil, eləcə ölkə daxilində yeni bir siyasi-psixoloji mərhələ başladı. Bu, 30 illik bir əziklik, məğlubiyyət, işğal sindromunun dəfn edilməsi idi. Yeni doğulmuş körpəyə bənzəyən Azərbaycan cəmiyyətinin qaməti dikəlmiş, ağır psixoloji dövr geridə qalmışdı. Artıq qalib ordusu olan və qələbə qazanmış QALİB xalqdan biz danışırdıq. Məğlubiyyət sindromunu geridə qoymuş millətin isə gözləntiləri fərqli olur, əvvəlki 30 ildən seçilir. Yəni postmünaqişə dövrü Azərbaycan hakimiyyəti üçün bir sınaq müddəti idi: xalq düşünürdü ki, qalib ordusu olan ölkənin siyasi-ictimai vəziyyəti, sosial-iqtisadi şəraiti, qanunverici, icraedici orqanı, açıq desək, Milli Məclisi, idarəetmə sistemi və fəlsəfəsi də bu qalibiyyətə adekvat olacaqmı? Təbii olaraq xalq haqlı suallar yağdırır və sinxron olaraq da iqtidardan soruşurdu - biz 2020-ci il 27 sentyabrdan əvvələ qayıdacağıq, yoxsa zəfərimiz yeni idarəetmə modeli gətirəcək? Hətta cəmiyyətin kifayət qədər sadə gözləntiləri varıydı: Qarabağ azad olunubsa, bu ağır problemə son qoyulubsa, deməli, maaş-pensiya yüksək olacaq, korrupsiya və rüşvətin kökü kəsiləcək, inhisarçılıq bir çox sahələrdə aradan qaldırılacaq...Yəni bir məsum körpə kimi, müharibədən sonra yeni doğulmuş xalqımızın tamamilə fərqli fazaya keçid edəcəyimiz ehtimal olunurdu. Lakin postmüharibə dönəmində meydana çıxan ciddi fəsadlar, böyük axsaqlıqlar, müxtəlif sahələri əhatə edən eybəcərliklər əhalidə müəyyən məyusluğa gətirib çıxardı. Xüsusən də qanunverici və yerli icraedici orqanların xeyli dərəcədə yararsız olduğu qabarıq şəkildə bərq vurmağa başladı. Hakimiyyət ideoloqları və siyasi mətbəxə bələd olan intellektuallar, sorğu mərkəzləri, analitiklər ölkə parlamentinin və icra hakimiyyəti orqanlarının ordusu qalib ölkəyə adekvat olmadığı qənaətini siyasi iqtidara dosye-təhlil şəklində təqdim edirdi. Bir yandan müharibə qazilərini, şəhid ailələrini incidən yerli icra hakimiyyətləri, digər tərəfdən isə millətin səsini yuxarılara eşitdirməyən susmuş millət vəkilləri. Yalnız parlamentin üzvlərindən istisna adları böyük hörmətlə qeyd etmək olar ki, onlar həqiqətən də bütün Məclisin yükünü və ağırlığını öz çiyinlərində daşımaq məcburiyyətindədirlər. Misal üçün intellektuallığı və yüksək erudisiyası ilə fərqlənən Zahid Oruc, əhalinin iqtisadi problemlərini açıq şəkildə deməkdən çəkinməyən Vahid Əhmədov, hər zaman millətlə təmasda olan və gücü çatanı edən Qənirə Paşayeva, eləcə də bir neçə millət vəkilini göstərmək olar. Görüşlər keçirir, seçiciləri dinləyir, müraciətləri araşdırır, aidiyyatı üzrə müvafiq strukturlara çatdırır, şəhid ailəsi, qazisi, aztəminatlısı, bütün həssas qrupların üzvlərini dinləyir, mediada görünür, parlament tribunasından sözünü çatdırır və tamamilə "istismar" edilirlər. Bəs əksər çoxluq nə edir? Axı bu nə dərəcədə ədalətlidir? Zahid Orucun, Vahid Əhmədovun potensialından istifadə etməklə bu qədər problemləri kompleks şəkildə həll etmək mümkün deyil axı?!
Eyni zamanda icraedici orqanların fəaliyyəti tamamilə bərbaddır. İcra başçıları yararsız olduqlarını çoxdan təsdiqləyiblər. Habelə, digər strukturlarda idarəetmə maşını xarab olub. Bu da ölkədə ciddi siyasi-iqtisadi islahatlar, qanunverici və icraedici orqanlarda əsaslı dəyişikliklər, əksər sektorlarda kadr və struktur yeniliklərini zəruri edir. Ümumiyyətlə, Milli Məclisin xalq Məclisinə çevrilməsi, millətin tribunası dövrünə qaytarılmasına hava-su kimi entiyac yaranıb. İcra hakimiyyəti orqanları isə ASAN modelinə keçməyə məhkumdur. Bir çox sahələr haqda eninə-uzununa sərt reallıqları söyləmək olar. Lakin bütün bunların köklü şəkildə dəyişməsi üçün ölkə konstitutsiya dəyişikliklərinə və erkən parlament seçkilərinə getməlidir. Artıq başlanğıc olaraq siyasi partiyaların qeydiyyatı və gələn digər məlumatlar göstərir ki, hakimiyyət referenduma, ardınca payızda növbədənkənar parlament seçkilərinə hazırlaşır. Anaxeber.info mötəbər qaynaqlara istinadla məlumat verir ki, iqtidar indiki Milli Məclisin heyətindəki əksər üzvlərdən qurtulmaq hədəfindədir. Nə xalqla işləyirlər , nə parlamentdə ağızlarını açıb danışırlar, nə ölkənin Ermənistanla gedən informasiya müharibəsində fəal iştirak edirlər, nə antimilli qüvvələrə, müxtəlif xain ünsürlərə qarşı hibrid savaşda aktivlik göstərirlər...Bəs bu deputatlar kimin işinə yarayır? Axı Zahid Orucla, Sabir Rüstəmxanlıyla, Qənirə Paşayevayla iş düzəlmir. 125 nəfərdən bəzilərini istisna etməklə, yerdə qalanı nə xalqın, nə dövlətin maraqlarına xidmət edir. Yalnız öz mənfəətini düşünür. Ona görə əldə etdiyimiz məlumatlara görə, hakimiyyət konstitusiya dəyişikliyinə gedir. Daha sonra yeni seçki, deputatlarının artırılması, mojaritar və proporsional seçki sistemlərinin hər ikisinin tətbiqi nəzərdə tutulur. Bu halda iqtidar namizədləri və siyasi opponentləri arasında ciddi seçki rəqabəti də gözləniləndir. Ən əsası hazırkı parlamentdən əsər-əlamətin qalmayacağı bəllidir. Onların sırasında sabiq PA rəhbəri Ramiz Mehdiyevə və köhnə qvardiyaya yaxınlığı ilə seçilən deputatlar var. Bu adamlar isə heç bir halda novator və reformist ola bilməz, xalq və hakimiyyətlə işləməyi bacarmazlar. Çünki dediyimiz kimi, postmüharibə dövründə yeni reallıq yaranıb və ona uyğun bir sistem qurulmalıdır. Xalq da o xalq deyil, dövran da o dövran...
Gələn məlumatlara görə, bundan sonra erməni yalanlarına cavab verilməsində fəal olan, əhali və seçici ilə danışan, dərdinə şərik olan, dövlətin siyasi xəttini bilən və informasiya müharibəsinə qoşulanlar mandat sahibi ola bilərlər. İndiki parlament isə bəzi istisnalar olmaqla, heç kimə lazım deyil. Həmçinin, referendumla konstitusiyaya ediləcək dəyişikliklərlə icraedici orqanların fəaliyyətinə son qoyula bilər. Azərbaycan dəyişməlidir. Bunu siyasi, iqtisadi, regional və bütün faktorlar diktə edir. Biz Xankəndiyə yaxınlaşırıq və daha bir tarixi dövr gəlməkdədir, belədə isə ölkə parlamenti və bütün siyasi formasiyası yenilənməlidir...
Anaxebere.info
Tarix: 4-09-2023, 12:44