“Zəngəzur dəhlizinə passiv yanaşsaq, İran iqtisadi və geosiyasi əhəmiyyətini itirəcək” - “İran Daily” qəzeti

“Zəngəzur dəhlizinə passiv yanaşsaq, İran iqtisadi və geosiyasi əhəmiyyətini itirəcək”
SEPAH-a bağlı “İran Daily” ingilisdilli qəzeti son bir ayda Azərbaycanla bağlı, bir çoxları əleyhimizə olmaqla ondan artrıq məqalə ilə çıxış edib. Bir tərəfdən Azərbaycanla münasibətləri normallaşdırmaq, yeni müstəviyə keçirməyə çalışdıqlarını iddia edən Tehranın belə bir yanaşma sərgiləməsi nə başa düşüləndir, nə də anlaşılan.
Siam.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, “İran Daily” qəzeti bu gün Zəngəzur dəhlizi, mövcud koridorların İrana hansı zərərlər vurduğu barədə geniş yazı ilə çıxış edib. “Koridorlaşma yolunda” adlanan məqalədə vurğulanır ki, dəhlizlərə əvvəlcə geosiyasi və siyasi, daha sonra isə iqtisadi nöqteyi-nəzərdən baxmaq lazımdır. “Çünki dəhlizin açılması iqtisadi nəticələrdən daha çox geosiyasi və strateji nəticələr gətirir”.

Nəşr yazır ki, dəhlizlərin real funksiyasına uyğun olduğu deyildikdə, bu o deməkdir ki, dəhlizlərin iqtisadi səmərəsini və forex gəlirlərini çox da böyütmək olmaz. Ona görə ki, dəhlizlərə bu cür münasibət əhatəli və düzgün deyil. “Minlərlə illik tarixə və mədəniyyətə əsaslanan unikal coğrafiyası, zəngin resursları və siyasi gücünə görə İran qlobal proseslərdə diqqətdən kənarda qala bilməz. Bununla belə, İranın rolu son bir neçə ildə zəifləyib və onu bərpa etmək lazımdır”.

“İran Daily” hesab edir ki, dəhlizlər İranın qlobal təchizat zəncirindəki rolunu yenidən formalaşdıra bilər. “Eyni məsələ müsbət nəticəyə gətirib çıxara, yəni sanksiyalara qarşı çəkindirmə yarada bilər. Məsələn, Çin və Avropa arasında dəmir yolu ilə daşınan malların həcmi ildə 100 milyon ton təşkil edir. Əgər tranzit İrandan keçərsə, İranı iqtisadi müharibəyə və sanksiyalar oyununa cəlb etmək əvvəlki kimi asan olmayacaq. Çünki dünya güclərinin İrandan asılılığı onlara iqtisadi müharibədə o qədər də böyük təsir rıçaqları verməyəcək”.

Qəzet dəhlizlərin siyasi-iqtisadi əlaqələrini də təhlil etməyə çalışıb. Nəşr qeyd edir ki, İranın sərhədlərinin bir hissəsi bağlıdır. “Bəzi malların tranziti qadağandır. Digər tərəfdən bəzi ölkələrlə siyasi və sərhəd gərginliyimiz var və bu faktorlar birlikdə İranı cəlbedici olmayan yol kimi tanıdır. Bir ölkənin dəhlizə çevrilməsi üçün ən mühüm ilkin şərt onun gömrük qaydalarına qoyduğu hüquqi məhdudiyyətlər deyil. Bunun əvəzinə, o, ilk növbədə yollarının tutumundan istifadə etməməkdən asılıdır”.

Nəşr vurğulayır ki, bir ölkə dəhlizə və ya mərkəzə çevrildikdə, həmin ölkədə dəhlizlə bağlı sənaye və xidmətlər yaradılır. “Anbar, təkrar ixrac, yükləmə və boşaltma avadanlığı kimi xidmətlər sözügedən sənaye sahələri arasındadır və bütün bunlar digər ölkələri dəhliz qovşağından asılı vəziyyətə salan güc və imkan yaradır və geniş miqyasda regional və qlobal təsir göstərəcək amillərdir”.

İran mediası bildirir ki, dəhliz statusundan istifadə İranla dünya arasında yeni əlaqələr qura bilər. “Məsələn, yüklərin tranzitini ildə 50 milyon tona çatdırsaq, onun birbaşa gəliri 10 milyard dollara çata bilər ki, bu da İran kimi ölkə üçün yüksək göstərici deyil. Amma onun İrandan yaratdığı asılılığın dərinliyi çox önəmli ola bilər”.

“İran Daily” İranın “cəlbediciliyini” göstərmək üçün əhatəsində olan ölkələrə çıxşılarını da sadalayır. “İran şərqdə və şimal-şərq Hindistan yarımadası və Çinlə, cənubda Fars körfəzi, Qırmızı dəniz və Bab əl-Məndeb boyunca ərəb ölkələri ilə qonşudur. Digər tərəfdən, İranın Əfqanıstan, Pakistan və Mərkəzi Asiyaya çıxışları çoxdur. Bundan başqa, Afrikaya, şimal-qərbdən Qafqaza və Avrasiyaya, qərbdən isə Aralıq dənizinə və Süveyş kanalına çıxışımız var”.

Qəzet iddia edir ki, İran olmadan Orta Asiya ölkələri ilə Fars körfəzi dövlətlər arasında əlaqələr bir çox hallarda formalaşa bilməz. “Yaxud, İran Türkiyə ilə Orta Asiyanı birləşdirilə bilər. İndiki halda bu çox baha başa gəlir. Amma İran ortada yerləşir və onları daha rahat birləşdirə bilər. Bu əlaqə təkcə coğrafi əlaqə deyil, həm də mənalı əlaqədir”.

Qəzet uzun uzadı müzakirə və təhlillərdən sonra Zəngəzur Dəhlizi məsələsnin üzərinə gəlib çatıb. “İran Daily” yazır: “Zəngəzur dəhliziylə bağlı danılmaz fakt odur ki, Zəngəzurun Azərbaycana birləşdirilməsi və Laçın yolunun blokadaya alınması İran üçün həm təhlükəsizlik, həm də iqtisadi itki olacaq. İranın qırmızı xətləri və bu regionların geosiyasətinin dəyişməməli olmasından asılı olmayaraq, dəhlizin baxışı əsasən rəqabətə yönəlmiş baxışdır. İranın narahatlığı təkcə Azərbaycan ərazisindən tranzit dəhlizinin keçməsi ilə bağlı deyil, Qafqazın geosiyasi sabitliyinin pozulması və sionist rejimin bölgədəki təsirindəndir”.

İran nəşri daha sonra molla rejiminə xitabən bildirir ki, Zəngəzur Dəhlizi məsələsində geri addım atmaq olmaz. “Zəngəzur dəhlizi məsələsində İraqın Quru Kanalı, Orta Asiyada Lapis Lazuli dəhlizləriylə bağlı passiv siyasət aparsaq, bütün hallarda zərər çəkəcəyik. Məsələn, İraqın Quru Kanalı ilə bağlı bəziləri iddia edirdilər ki, Zəngəzura qoşulmaqla tranzit yollar İrandan yan keçir. Halbuki bizim dəhlizdəki idarəedici qurumun taktikası onun bizim fəal siyasətimizlə əlaqəsini idarə etməkdən ibarət olacaq. Ona görə də, Zəngəzur dəhlizinin formalaşmasına passiv yanaşsaq, boş dayansaq, iqtisadi və geosiyasi rəqabəti itirəcəyimiz aydındır”.
Tarix: 5-09-2023, 16:16
Xəbəri paylaş





Xəbər lenti