“Artıq Ermənistan-Azərbaycan müharibəsi deyil, region uğrunda savaş gedir”
Səxavət Məmməd: “Rusiya Azərbaycanın Ermənistan ərazisinə daxil olmasını və regionda ikinci münaqişə ocağının yaranmasını da arzulayar” Sentyabrın ilk günündə Ermənistan silahlı qüvvələri Azərbaycanla şərti sərhəddə - Kəlbəcər istiqamətində hərbi təxribata əl atdı. Təxribatlar lokal toqquşmalarla nəticələndi, Azərbaycan tərəfindən təxribatın qarşısı qətiyyətlə alınarkən, Ermənistan ordusu 4 hərbçisini itirdi, bir hərbçisi yaralandı. Azərbaycan Ordusunun isə üç hərbi qulluqçusu yaralandı. Ekspertlər bildirirlər ki, son ayların siyasi-diplomatik gərginliyinin hərbi toqquşma ilə nəticələnəcəyi gözlənilən idi. Analitiklərin qənaətincə, sülh müqaviləsi imzalanmadığı müddətdə, istər şərti sərhəddə, istərsə də Qarabağın Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasındakı hissəsində hərbi gərginlik müşahidə ediləcək. Baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran hərbi jurnalist Səxavət Məmməd deyib ki, Azərbaycan qalib tərəf kimi beynəlxalq hüquq çərçivəsində şərtlər irəli sürür, ancaq Ermənistanın məğlub olmasına baxmayaraq, şərtləri daha ağırdır:
- Tərəflərin şərtləri arasında ciddi ziddiyyətlər var. Belə olan təqdirdə sülhdən danışmağa dəyməz. Bu azmış kimi, nə Rusiya, nə Fransa, nə də regiondakı digər oyunçu olan İran münaqişənin bitməsini istəyir. Sözügedən dövlətlər nə sülh, nə hərb istəyir - onlar gərginliyin qalmasında maraqlıdırlar. Ancaq uzun zaman gərginlik mümkün deyil. Ermənistan sülh danışıqlarını bilərəkdən uzadırdı ki, vaxt qazansın və 44 günlük müharibədə itirdiklərini bərpa etsin. Düzü, bunun baş tutduğunu da gördük. Ermənistan məğlubiyyətlə barışmadığını göstərmək istəyir. Şərti sərhədin müxtəlif istiqamətlərinə şəxsi heyət və silah cəmləyir. Bu cəmləşmələr baş verəndən sonra təxribatlar da artmağa başladı. Beləcə, artıq müharibədən əvvəlki dönəmə qayıtmış olduq. Gün ərzində bir neçə dəfə atəşkəs pozulur, ara-sıra mövqe döyüşləri baş verir. Eskalasiya artıb və hərbi əməliyyatlar qaçınılmaz görünür. - Lokal toqquşmalar genişmiqyaslı müharibəyə çevrilə bilərmi? - Atəşkəsin pozulması artıq mövqe döyüşləri ilə əvəz olunur. Mövqe döyüşləri hər an əməliyyatlarla əvəzlənə bilər. Tərəflərin müdafiə nazirliklərinin yaydığı informasiyalara baxanda görürük ki, hər iki tərəf ordularını dislokasiya yerindən mövqelərə və təhlükə gələ biləcək istiqamətə cəmləyir. Azərbaycan çalışacaq ki, daxildə, yəni Qarabağda əməliyyatlar keçirsin, ancaq Ermənistan bu məsələdə biclik işlədir. Azərbaycan Ordusunu iki, üç yerə bölmək istəyir. Məlumdur ki, Azərbaycan Ordusu Qarabağdakı erməni silahlıları ilə üz-üzədir. Bundan əlavə, ordumuz şərti sərhəddə və Naxçıvan istiqamətində yenə Ermənistan ordusu ilə qarşı-qarşıya dayanıb. Diqqət ediriksə, atışmalar daha çox şərti sərhəd və Naxçıvan istiqamətində pozulur. Ermənistan bunu bilərəkdən edir ki, Azərbaycan Ordusu tam gücünü Qarabağa verməsin, yaxud Qarabağa ayırmağa vaxtı olmasın. Ermənistan ona arxayındır ki, Azərbaycan Ermənistan ərazisinə daxil olsa, buna dünya səssiz qalmayacaq. Ona görə də sərhəd istiqaməti ön plana çırarılır. - Paşinyan yenə də İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi və sülhə hazır olduqlarını söylədi. Sanki dünyaya demək istəyir ki, guya İrəvan sülhdən yanadır, Bakı sülh istəmir… - Bir müddət əvvəl Azərbaycan və Ermənistan rəhbərləri "Euronews"a müsahibə vermişdi. Hər iki lider sülhdən çox inamsız danışmışdı. Sözdə hər kəs sülhdən danışa bilir. Əməldə isə bunun tam əksini görürük. Azərbaycan sülh istəyir, elə Ermənistan da, ancaq hər iki tərəfin şərtləri var. Azərbaycan tərəfi anlayır ki, bu şərtlərdə sülh olmayacaq. Azərbaycan tərəfi onu da bilir ki, danışıqlar masasından daha çox meydanda uğurlu ola bilir. Bu, reallıqdır. Ona görə də, problemi sahədə həll edib, masaya oturmaq istəyir. Rəsmi Bakı sahədə yarımçıq həllin masada effektiv olmadığını anladı. Təəssüf ki, bu, gec baş verdi. Hesab edirəm ki, müharibədən bir qədər sonra Azərbaycan tərəfi vaxt verib, Qarabağdakı silahlıların çıxmasını tələb etməli idi. Hazırda Azərbaycan tərəfinin mövqeyi çox sərtdir və çox da məntiqlidir. - Ekspertlər son toqquşmada da Rusiya izinin olduğunu bildirirlər. Sizcə, burada Rusiyanın rolu nə qədərdir? - Rusiya yenə susqundur. Eynən 44 günlük müharibə ərəfəsində necə davranırdısa, indi elə davranır. Rusiya Ermənistanın cəzalandırılmasını istəyir. Çünki Ermənistan Rusiyanın forpostluğundan çıxmaq istəyir. Bununla yanaşı, İrəvan NATO arzusundadır. Bəlkə, Ukrayna müharibəsi olmasa idi, Rusiya özü Ermənistanı cəzalandırardı. Ancaq indiki məqamda buna gərək də yoxdur - Azərbaycan var. Azərbaycan da Ermənistanın əlindən boğaza yığılıb. Rusiyanın regiondakı siyasətini iki yerə bölmək lazımdır. Bir Qarabağ, bir Ermənistan. Rusiya yalnız Ermənistanın cəzalandırılmasını istəyir, Qarabağda isə mövcudluğunu qorumaq niyyətindədir. Bu pəncərədən baxanda ehtimal olunan əməliyyatların şərti sərhəd istiqamətində olacağını düşünmək olar. Bir qədər də irəli gedib, iddia edərdim ki, Rusiya hətta Azərbaycanın Ermənistan ərazisinə daxil olmasını və regionda ikinci münaqişə ocağının yaranmasını da arzulayar. - Gərginliyin nə qədər davam edəcəyini proqnozlaşdırmaq olar? - Gərginlik uzun müddət davam edə bilməz. Azərbaycan problemi həll etmək istəyir. Əgər genişmiqyaslı əməliyyatlar baş versə, Qarabağda tam təmizlik baş verənə qədər davam edəcək. İndiki məqamda proqnozlaşdırmaq çox çətindir. Çünki burda tərəflərdən daha çox regionda maraqlı tərəflərin hansı siyasət izləyəcəyi önəmlidir. Rusiyanın hazırkı vəziyyətindən istifadə edib Cənubi Qafqaza sahiblənmək istəyən dövlətlər var. Əslində savaş onlar arasında gedir. Lap dəqiq desək, böyük güclərin ağalıq uğrundakı savaşı Ermənistan və Azərbaycan üzərindən aparılır. Ermənistan-Azərbaycan münaqişəsi milli zəmində başladılıb, daha sonra dövlətlərarası müharibəyə gəlmişdi. İndi nə milli, nə də dövlətlərarası savaş var. İndi region uğrunda savaş gedir. Gürcüstanın taleyi də Ermənistan ilə Azərbaycan arasında baş verənlərdən aslı olacaq.