Ukraynaya qarşı işğalçılıq müharibəsinin ilk saatlarında Kiyevin üç günə süquta uğrayacağını iddia edən Qərb liderləri bir qədər sonra “ayılaraq” Rusiyaya qarşı sanksiyalar elan etməyə başlayanda, bu sanksiyaların tezliklə işğalçı dövləti çökdürəcəyini bildirirdilər. Lakin “üç günə Kiyev təslim olacaq” kimi, “tezliklə Rusiya iqtisadiyyatı çökəcək” proqnozu da özünü doğrultmadı...Artıq işğaldan az sonra, ötən ilin martından başlayaraq, Qərb liderləri Rusiyaya qarşı tədricən, aramla bir neçə sanksiya paketi qəbul etdilər. Eyni zamanda, bu sanksiyaların guya dəhşətli, öldürücü nəticələrilə bağlı təbliğata başladılar. Həmin vaxt Qərbin nəzarətində olan ən nüfuzlu iqtisadi institutlar, təhlil mərkəzləri, reytinq agentlikləri, mətbuat orqanları və s. iddia edirdilər ki, tezliklə Rusiyada neft hasilatı 30 faiz, ÜDM 15 faiz, idxal isə birdən-birə 50 faiz azalacaq. Ancaq bu “proqnozlar”ın heç biri, üzərindən bir il yarım vaxt keçməsinə baxmayaraq, özünü doğrultmayıb.
Əksinə, Rusiya müharibəyə başladığı günə olan qazancını bu gün də artıqlaması ilə təmin edir.Təkcə onu misal gətirmək kifayətdir ki, 2022-ci ildə Rusiyanın ixracatı 20 faiz(!) artıb. Həmin bu müharibə ilində Rusiyanın ixracatdan əldə etdiyi gəlir 591 milyard dollar(!) olub. Bu, Rusiya tarixində rekord göstəricidir. Bunun yeganə səbəbi isə sanksiyaları lazımi vaxtda və səviyyədə tətbiq etməyən Qərbin qorxaqlığıdır.
Belə ki, Ukraynaya qarşı içğal başlayan kimi dünya xammal bazarı əsl şok yaşadı, enerjidaşıyıcılarının qiyməti kəskin şəkildə artmağa başladı. Bu isə özü ilə birgə yüksək inflyasiya təhlükəsi yaratdı.Rusiyanın işğala başladığı vaxt elə bir dövrə təsadüf etdi ki, dünya iqtisadiyyatı koronavirus şokundan yeni-yeni ayılmağa başlamışdı, bankların uçot-faiz dərəcələri çox aşağı idi, iqtisadiyyat canlanmağa, işə düşməyə başlayırdı və onun xammala – neftə, qaza, metala, ərzaqa və s. kəskin tələbatı yaranmışdı. Belə bir dönəmdə neftin və digər strateji məhsulların bahalaşması, nəticədə kəskin inflyasiya yaranması perspektivi Qərb elitasını qorxutdu. Bunu görən Qərb liderləri qorxularından Rusiyaya qarşı əsas, ağır sanksiyaları 6 ay- 1 il müddətinə ertələdi. Onların tətbiqi müddətini uzatdı və bilərəkdən Rusiyanın bu sanksiyalardan yayınaraq, dünya bazarına neft və digər məhsullar çıxarması üçün “boz dəhlizlər” yaranmasına göz yumdu (ancaq bu dəhlizlər sonradan Rusiyanın hərbi sənayesini Qərb texnologiyaları, avadanlıqları ilə təminatına da şərait yaratdı).
Məqsəd neftin və digər enerji daşıyıcılarının kəskin bahalaşmasının və inflyasiyanın qarşısını almaq idi. Bunun davamı olaraq da Ukraynaya lazımi silah-sursatın verilməsi yubadıldı, süründürməçilik, mənasız danışıqlar, bəhanələr və sair araya girdi. Müharibənin ilk aylarındaca uğursuzluqdan şoka düşən Rusiyaya özünə gəlmək üçün vaxt və şans verildi. Bununla da məlum oldu ki, Qərb qısa və həlledici müharibə yox, uzun, üzücü savaş yolunu seçdi...
Beləliklə, bir ildə ixracatdan 600 milyard dollara yaxın rekord gəlir əldə edən Rusiya “dollar gölündə” üzdü və müharibəni maliyyələşdirmək üçün gen-bol vəsaitə malik oldu. Doğrudur, demək olmaz ki, Rusiyaya elə bu cür də davam etməyə imkan verilir. Artıq 2023-cü ilin əvvəlindən başlayaraq, sanksiyalar böyük ölçüdə işə düşməyə başladı. Buna da səbəb Rusaiyanın bazardakı yerinin digər ixracatçılar tərəfindən doldurulması, Qərbdə inflyasiyanın nisbətən sakitləşməsi, stabilləşməsi oldu. Artıq enerji daşıyıcılarına qarşı embarqonu daha “ürəkli” şəkildə yürütməyə imkan yarandı.
Nəticədə Rusiyanın ixracatdan gələn gəliri 2023-cü ilin birinci yarısında 206 milyarda endi. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 100 milyard azdır. Böyük fərqdir. Ancaq məsələ ondadır ki, buna baxmayaraq, həmin göstərici Rusiya iqtisadiyyatının çöküşünü yox, müharibədən əvvəlki vəziyyətə gəldiyini göstərir. Çünki 2021-ci ildə də Rusiyanın ixrac göstəriciləri təxminən bugünkü kimi olub...
İdxala gəlincə, burada da bənzər situasiyadır. Belə ki, sanksiyalar səbəbindən Rusiyanın idxal göstəricilərinin azı 30-35 faiz azalacağı, nəticədə dövlət büdcəsinin böyük miqdarda vergi və gömrük daxilolmalarından məhrum ediləcəyi, ən əsası isə yerli sənayenin xarici avadanlıqlardan, texnologiyalardan və s. məhrum edilmsəi səbəbindən çökəcəyi proqnozlaşdırılırdı. Lakin statistika göstərir ki, 2022-ci il ərzində Rusiyanın idxal göstəriciləri gözlənilən 35 yox, cəmi 13 faiz azalıb. 2023-cü ildə isə stabilləşərək, 2021-ci il səviyəsinə qayıdıb. Doğrudur, idxalın tərkibində texnoloji komponentlərin xüsusi çəkisi xeyli azalıb. Qərb texnologiyalarının Çin, İran məhsulları ilə əvəzlənməsi son məhsulun keyfiyyətini xeyli aşağı salsa da, ümumilikdə vəziyyət fəlakət səviyyəsində deyil və dayanıqlıq, stabillik təmin edilir.
Eyni zamanda, “boz mexanizmlər” də var gücü ilə işləyir və Ermənistan kimi ölkələr Rusiya hərbi sənayesinin texnologiya ilə təminatında “vasitəçi” rolunu oynamaqda davam edir.Nəticədə bütün bu dişsiz və yarımçıq sanksiyalar iqtisadiyyatın ən önəmli göstəricilərindən biri olan tədiyə balansı sarıdan Rusiyanın ciddi problem yaşamamasına gətirib çıxarır. Belə ki, təkcə 2023-cü ilin birinci yarısında Rusiyanın xarici ticarət dövriyyəsi üzrə müsbət saldosu 57 milyard dollar olub. Yəni, satdığı aldığından 57 milyard dollar artıq olub. Bu, 2021-ci il göstəricisi ilə müqayisədə cəmi 15 faiz azdır və bunu qətiyyən sanksiyaların “böyük uğuru” hesab etmək olmaz.
Nəticədə Kremlin müharibə səbəbilə Qərbdəki 300 milyard dollardan artıq vəsaiti dondurulsa da, müharibə başlayandan indiyə qədər Rusiya qurumları 150 milyard dollara yaxın ehtiyat vəsait toplaya biliblər.
Doğrudur, Rusiya iqtisadiyyatında ümumilikdə ixracın azalması, idxalınsa artması tendensiyası müşahidə olunur. Bunun nəticəsidir ki, Rusiya rublu dollar qarşısında zəifləyərək, bir dollara görə 100 rubl həddini keçib. Lakin xarici ticarətdə müsbət saldo saxlanılır və ehtiyat vəsaitlərin çoxluğu Rusiya Mərkəzi Bankına istənilən vaxt ölkənin valyuta bazarına müdaxilə edərək, vəziyyəti sabitləşdirmək imkanı verir.Bir sözlə, böyük hay-küy və reklamla təqdim olunan sanksiyalar gözlənilən effekti vermir. Bunun da səbəbi sanksiyaların tətbiqinin uzadılması, buna nəzarət mexanizminin mükəmməllikdən çox-çox uzaq olması, əksinə, Rusiya üçün bilərəkdən “nəfəslik” yerlərinin saxlanılmasıdır. Doğrudur, perspektivdə bu sanksiyalar Rusiya iqtisadiyyatına ağır nəticələr qazandıracaq. Elə hazırda da bu ölkə getdikcə sırf ucuz xammal idxalçısına çevrilir. Texnologiyalardan, sənaye məhsullarından tutmuş silah bazarına qədər bütün digər qeyri-enrji bazarlarında yerini itirməkdə davam edir. Rusiyanın iqtisadi, texnoloji, elmi və s. gələcəyi baltalanır. Lakin bunlar Putin hakimiyyətini az maraqlandırır, ona öz rejimini saxlamağa və Ukraynadakı müharibəni istədiyi kimi davam etdirməyə yetəcək qədər pul lazımdır ki, bununla da təmin olunur.
Təbii ki, Qərb də bütün bunları görür, ancaq görməzlikdən gəlir. Səbəb nədir?Bunu bilmək üçün ilk öncə bu sala cavab tapılmalıdır ki, Qərb doğrudanmı Rusiyanı çökdürmək, məğlub etmək, ətrafına ölüm, dağıntı, qaranlıq saçan bu imperiyanı birdəfəlik “sındırmaq”, yoxsa sadəcə, Çinlə yaxınlaşmayan və özünün nisbətən nəzarət edə biləcəyi rejimə malik bir Rusiya yaratmaq istəyir?Təəssüf ki, ikinci variant daha inandırıcı görünür və belə təsəvvür yaranır ki, Qərbin “axsaq”, simasız, ikiüzlü liderləri bu riyakar maraqları xatirinə Ukraynanın bir hissəsini və Ukrayna xalqını güdaza verməklə məşğuldur ...//
“AzPolitika.info”//
Tarix: 6-09-2023, 14:53