Rusiyanın üzünə “ağ” olan İrəvanı nə gözləyir? - AKTUAL
Rusiyalı jurnalist və blogerin Ermənistanın Gorus rayonu ərazisində saxlanılması son günlər iki ölkə arasında artan gərginliyi siyasi qarşıdurma müstəvisinə keçirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın son addımlarını xalqlar arasında düşmənçilik və nifrət salmaq cəhdi adlandırıb.
Zaxarova bəyan edib ki, Ermənistan Qərbdən aldığı maliyyə dəstəyi hesabına Rusiyanın regiondakı maraqlarına zərbə vurur:
“Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin, “Rossiya Seqodnya” və RT telekanalının baş redaktoru Marqarita Simonyanın, beynəlxalq məsələlər üzrə ekspertin “qara siyahı”ya salınması iyrənc presedentdir.
Həm Rusiyanın, həm də Ermənistanın informasiya məkanını sözün əsl mənasında şoka salan məqam rusiyapərəst bloger Mika Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyanın saxlanılması oldu.
Bizim Rusiya-Ermənistan media forumumuz öncəsi törədilən təxribat, görünür, ikitərəfli münasibətləri pozmağa yönəlib. Görünən odur ki, bu təxribatın arxasında bizim ölkələri və onların xalqlarını bir-birinə daha da yaxınlaşdırmaqda maraqlı olmayan, əksinə, insanları özündən uzaqlaşdırmaqda, nifrət, qorxu, inamsızlıq toxumu səpməkdə maraqlı olan qüvvələr dayanır...”.
Ermənistanda ölkəmizi və münasibətlərimizi gözdən salmaq məqsədi daşıyan qərbyönümlü media strukturlarının sayının artması bizi narahat edir. Biz Rusiyanın regiondakı konstruktiv rolunu şübhə altına alan mənfi mesajları çox vaxt qarşıdurma tonunda qeyd edirik.
Təəssüflər olsun ki, Ermənistanda açıq şəkildə, üzrlü sayın, tənqid yox, şər atan, bizim ümumi dövlətlərarası qarşılıqlı fəaliyyət mexanizmlərimizə, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İqtisadi Birliyinə (AİB) şər atan informasiya resursları da var.
Vurğulamaq istərdim ki, bu təbliğat təkcə həvəsləndirilmir, həm də “kollektiv Qərb” tərəfindən səxavətlə maliyyələşdirilən çoxsaylı qondarma vasitələrlə təbliğ olunur. Bunlar QHT-lər, “ekspertlər” və qrantlardır..
Bu sözdə əsas hədəf auditoriyası gənclərdir. Qərblilər respublikada ictimai əhval-ruhiyyənin vektorunu anti-Rusiyaya çevirmək məqsədi ilə ən aktual məsələlərə hücum edirlər. Üstəlik, onları regionun gələcəyi qətiyyən narahat etmir, son məqsəd gözəl sözlər pərdəsi altında qardaş xalqlar arasında nifaq salmaq, yalnız bir məqsədlə təhlükəsizliyi və sabitliyi pozmaqdır. Rusiyanın təsirini zəiflətmək və qlobal olaraq bu bölgədə xaos səpmək. Təbii ki, bu baxımdan bizim gözümüzün qarşısında Ukrayna nümunəsi var”.
Rusiyanın Ermənistandakı səfiri Nikolay Kapırkin də Gevorkyanın və Badalyanın saxlanılmasından narahat olduqlarını bildirib.
Qeyd edək ki, ABŞ son günlər Ermənistan davamlı olaraq Rusiyanı narazı salan bir sıra addımlar atıb. Ermənistanın Baş naziri Nikol Paşinyan İtaliya mətbuatına müsahibəsində Rusiyanın Cənubi Qafqazdan çıxıb gedəcəyini bəyan etdi.
Əslində, bu ifadə Rusiyanın hərbi bazasını Ermənistandan çıxartmaq vaxtının çatdığı mənasını özündə ehtiva edir. Buna isə rəsmi Moskvanın cavab reaksiyası sərt oldu və Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Cənubi Qafqazı tərk etməyəcəyini bildirdi. Yəni Ermənistan Rusiyanın geosiaysi təsir dairəsi olaraq qalacaq. Eyni zamanda, Rusiya 102-ci hərbi bazasını Ermənistandan çıxartmaq niyyətində deyil.
Paşinyanın həmçinin, Azərbaycan ərazisindəki Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini tənqid etməsi qarşılıqlı ittihamları daha da gücləndirdi. Bunun ardınca Ermənistan parlamentinin sədri Alen Simonyanın Mariya Zaxarovanı “katibə” adlandırması isə siyasi emosiyaları xeyli tətikləyib.
Ermənistanın ABŞ-la birgə hərbi təlimlər keçirməsi isə Moskva və İrəvan arasında diplomatik qarşıdurmanı pik həddə çatdırıb. Bu baxımdan, rusiyalı jurnalist və blogerin saxlanılması rəsmi Moskvanı Ermənistanla açıq və sərt ritorika ailə danışmağa vadar edib. Çünki Rusiya Ermənistan hakimiyyətinin Qərblə yaxınlaşmasını özünün bölgədəki maraqlarına təhlükə hesab edir.
Nikol Paşinyan Rusiya ilə geosiyasi rəqabət aparan Qərb dövlətlərinin Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmasına şərait yaradır. Ukraynada Rusiyaya qarşı müharibəni dəstəkləyən ABŞ-ın öz hərbçilərini sentyabrın 11-20-dək kerilicək təlimlərdə iştirak etmək üçün Rusiyanın Cənubi Qafqazdakı forpostu olan Ermənistana göndərməsi bölgədə gərginliyi artırıb.
Bundan başqa, Ermənistan vasitəsilə Cənubi Qafqazda geosiyasi “oyunçu”ya çevrilmək iddiasında olan Fransanın Rusiya ilə ortaq maraqları mövcud olsa da, bu, taktiki xarakter daşıyır. Rəsmi Paris Rusiyanın Ukrayna müharibəsində məğlub olaraq Cənubi Qafqazı tərk edəcəyini və Fransanın regionda əsas söz sahibinə çevriləcəyinə ümid edir.
Bu baxımdan, NATO üzvü olan və Ukraynanı silahla təmin edən Fransanın Ermənistanda aktivləşməsi Rusiyanı qane etmir. Avropa İttifaqının mülki missiyasını KTMT-nin sərhədlərinə gətirən Ermənistan hakimiyyətinin siyasəti nəticəsində Rusiyanın təsir zonasında İran, Hindistan, Fransa, Avropa Birliyi, ABŞ kimi rəqiblərin meydana çıxmasına səbəb olub.
Ötən həftə Belçikanın xarici işlər naziri Hadija Labibin avqustun 23-də İrəvana səfəri baş tutub. Oktybar ayında isə Kanada XİN-in rəhbəri Melani Joli Ermənistana səfər edəcək. Ermənistanın NATO-nun aparıcı dövlətləri ilə artan yaxınlığı Rusiyanın maraqlarına zərbə vurur. Bu da öz növbəsində, Moskvanın Ermənistana qarşı təzyiqləri ilə müşahidə olunur.
Son proseslər Ermənistanın Rusiya ilə münasibətlərinin yeni mərhələyə keçməsi kimi dəyərləndirilə bilər. Baş nazir Paşinyan artıq Ermənistanın təhlükəsizlik sahəsində diversifikasiyaya üstünlük verməsini Rusiyanın hərbi müttəfiq kimi öz öhdəliklərini yerinə yetirməməsi ilə izah edir.
Rəsmi İrəvan bu məsələdə Rusiyanı digər tərəfdaşları ilə əvəzləməyə çalışır. Paşinyan Rusiyanın Cənubi Qafqazdan gedəcəyini dilə gətirməklə artıq belə bir müttəfiqə ehtiyacının qalmadığına dair mesaj verir. Cebhe.info