“Paşinyan öz xalqı və dövlətinin maraqları baxımından düzgün və rasional siyasət aparır...”

“Paşinyan öz xalqı və dövlətinin maraqları baxımından düzgün və rasional siyasət aparır...”
“Bunu “Ermənistan Rusiyaya xəyanət etdi”, “Paşinyan Putinə xəyanət etdi” kimi təqdim etmək isə Azərbaycan xalqının ziyanınadır...”
 
"Azərbaycan xalqını ona öyrədirlər ki, dövlət, xalq öz taleyini hansısa başqa bir dövlətlə, xalqla bağlamalıdır və bu yolda da başına nə gələcəksə, onunla hesablaşmalıdır. Bu, yalnız təəssüf doğurur..." 
 
“Ümumiyyətlə, mən siyasətdə “xəyanət” anlayışını başa düşmürəm. Xəyanət daha çox sevgiyə, ailə münasibətlərinə aid ifadədir. Odur ki, Azərbaycan mediasında geniş yer almış “Ermənistan Rusiyaya xəyanət etdi”, “Paşinyan  Moskvaya xəyanət etdi” kimi ifadələr mənə çatmır. Ona görə ki, əgər biz siyasətdən danışırıqsa, siyasət maraqlar üzərində qurulur”. 
 
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikri Moderator.az əməkdaşının “Sizdəmi belə hesab edirsiz ki, Paşinyan KTMT-dən uzaqlaşmaqla, ABŞ-la birgə hərbi təlim keçirməklə, Roma Statutunun ratifikisiyasına cəhd göstərməklə və s. Rusiyaya xəyanət(!) edir?” sualını cavablandırarkən ifadə edib.
 
“Paşinyan və onu dəstəkləyən siyasi kəsim, o cümlədən də əhali təbəqəsi artıq yaxşı anlyır ki, Rusiya tarix boyu Ermənistandan alət kimi istifadə edib. Rusiya Ermənistanı ona qondarma “tarix” düzəltməklə, qondarma "dövlət" yaratmaqla, onu tam idarə etməklə, ermənilərə bir özgüvən verməklə ki, guya onların Moskva yanında xüsusi bir statusu var, illər, onilliklər boyu və artıq 200 ilə yaxındır ki, daim qonşu dövlətlərə, xalqlara qarşı yararlanıb. Və nəticədə bu toplumu hər kəslə düşmən edib. Bu isə ermənilərin faktiki olaraq bir barıt çəlləyi üzərində yaşaması anlamına gəlir”,- deyə davamında ekspert bildirib. 
 
“İndi Paşinyan, onun siyasi silahdaşları və onu dəstəkləyən siyasi kəsim başa düşürlər ki, Ermənistan bu cür mövcud ola bilməz. Bunun da müəyyən bir limiti var; hansısa bir dövrdə Ermənistan bu cür siyasətin, belə istifadəolunmanın nəticəsində sadəcə olaraq mövcudluğunu itirəcək və bütövlükdə erməni xalqının özü yoxolma təhlükəsi ilə üzləşəcək. Məhz bu səbəbdən Paşinyan və komandası öz ölkələrini bu istiqamətə aparan yoldan çəkindirməyə çalışırlar. Xarici siyasətlərini diversifikasiya edirlər. Başqa dövlətlərlə münasibətlər qurmağa cəhd göstərirlər. Yəni bu, Ermənistan xalqının, dövlətinin maraqları nöqteyi-nəzərindən tamamilə rasional bir kursdur. Azərbaycanda isə kimlərsə bunu bir təbliğat vasitəsinə çeviriblər.  Bunu “Ermənistan Rusiyaya xəyanət etdi”, “Paşinyan Putinə xəyanət etdi” kimi təqdim etməklə guya bir daxili siyasi təbliğat yürüdürlər. Amma çox təəssüf ki, bunun Azərbaycan xalqına olan ziyanını ya anlamırlar, ya da bunu bilərəkdən edirlər. Belə təbliğat xalqımızı siyasi meyarlarla düşünməkdən uzaqlaşdırır. Azərbaycan xalqını ona öyrədirlər ki, dövlət, xalq öz taleyini hansısa başqa bir dövlətlə, xalqla bağlamalıdır və bu yolda da başına nə gələcəksə, onunla hesablaşmalıdır. Bu, yalnız təəssüf doğurur. Mənsə hesab edirəm ki, Ermənistan hakimiyyəti öz erməni xalqı və erməni dövlətinin maraq və mənafeləri baxımından düzgün və rasional siyasət aparır. Bunun nəticələrinin nə olacağını isə zaman göstərəcək. Amma hər bir halda bu, onların marağıdır”,- deyə analitik vurğulayıb.
Tarix: 9-09-2023, 22:50
Xəbəri paylaş





Xəbər lenti