“Humanitar” pərdəyə bürünmüş BQXK-nin əsl siması Azərbaycana çoxdan tanışdır


Son günlər Qarabağ iqtisadi rayonunda erməni separatçı rejiminin təxribatçı hərəkətləri vəziyyəti “partlayış” həddinə çatdırıb. Bir yandan “humanitar fəlakət”, “aclıq”, “dərman qıtlığı” kimi şüarlar altında bütün dünyada ağlaşma qoparan separatçılar, digər tərəfdən Azərbaycandan təklif olunan və artıq iki həftəyə yaxındır Ağdam-Xankəndi yolunda gözləyən humanitar yükləri Xankəndiyə buraxmır. Əsas tələbləri də odur ki, bu yüklər Qarabağa yalnız Laçın dəhlizindən və Ermənistandan gətirilməlidir. Bu isə o deməkdir ki, nə Xankəndidə, nə də bir ovuc erməninin yaşadığı digər yaşayış məntəqələrində heç bir “humanitar böhran” yoxdur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı söyləyib.

O bildirib ki, separatçı rejimin əsl niyyəti Laçın dəhlizində sərbəst gediş-gəlişin bərpasına, mahiyyət etibarilə oradan hələ də Qarabağda qalmaqda olan tör-töküntülərə silah-sursatın çatdırılmasına nail olmaq, Ağdam-Xankəndi yolunun açılmasına isə heç bir halda yol verməməkdir.

“Ən acınacaqlı vəziyyət bəzi dövlətlərin və humanitar təşkilatların ermənilərin bu əsassız tələblərinə birbaşa və dolayısı ilə dəstək verməsidir. Burada söhbət, ilk növbədə, Beynəlxalq Qırmızı Xaç Komitəsindən (BQXK) və onun Rusiya nümayəndəliyindən gedir. Bitərəf mövqe tutub sırf humanitar məsələlərin həlli ilə məşğul olmaq yerinə, bu təşkilat artıq çoxdan ermənilərin əlində siyasi alətə çevrilib, İrəvanın və Xankəndidə oturan cinayətkar rejimin diktəsi ilə hərəkət edir.

BQXK az qala bu gün Ağdam-Xankəndi yolunun açılmamasında maraqlı olan tərəf kimi çıxış edir. Nəticə etibarilə Komitə Parisdən və İrəvandan gələn siyasi sifarişləri yerinə yetirməklə və regionda vəziyyəti gərginləşdirməklə yeni silahlı toqquşmanın toxumlarını səpməkdədir”, - deyə siyasi şərhçi vurğulayıb.

Onun sözlərinə görə, “humanitar” pərdəyə bürünmüş BQXK-nın əsl siması, ikiüzlülüyü və xristian təəssübkeşliyi altında çevirdiyi ikibaşlı oyunlar Azərbaycana çoxdan tanışdır. İndiki vəziyyətdə görüləsi əsas iş isə həmin oyunları “təhlil etmək”, hansısa ermənipərəst dövlətlərin və qüvvələrin əsassız ittihamlarına cavab vermək deyil, Xankəndiyə daxil olub oradakı separatçı rejimi süpürüb atmaqdır. Azərbaycanın buna həm hüquqi, həm də mənəvi haqqı var.
Tarix: 11-09-2023, 13:56
Xəbəri paylaş





Xəbər lenti