Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərqi İqtisadi Forumun (EEF) kuluarlarında jurnalistlərə bildirib ki, Transqafqazda nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupun danışıqları davam edir, lakin “Ermənistan və Azərbaycan arasında gərginlik bu fəaliyyətə mənfi təsir göstərir”.“Təbii ki, münasibətlərdə hər hansı kəskinləşmələr həmişə işimizə mənfi təsir göstərir, ləngidir, vaxt keçir, biz yenidən qayıdıb oturub işə başlayaq”.
Overçukun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin regionda nəqliyyat əlaqələrinin açılmasına dair növbəti görüşü bunun üçün şərait yetişəndə baş tutacaq.
Qeyd edək ki, bu ilin iyununda Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun hərtərəfli sənəd formalaşdırdığı elan olunmuşdu. Bildirilirdi ki, regionda nəqliyyat kommunikasiyalarının açılması Yerasx-Culfa-Mehri-Horadiz marşrutu (Zəngəzur dəhlizi) ilə gedəcək dəmir yolunun bərpası ilə başlayacaq. Bu yola münasibətdə Azərbaycanda Azərbaycan qanunvericiliyi, Ermənistanda isə Ermənistan qanunvericiliyi tətbiq olunacaq. Overçuk isə demişdi ki, sənəd layihəsi baş nazirlərin müavinləri səviyyəsində demək olar tamamilə razılaşdırılıb, amma hələ də əlavə müzakirə tələb edən məsələlər var.
“Kilidin açılması nə vaxt olacaq deyə soruşsanız, bu suala hələ heç kim dəqiq cavab verməyəcək”, - deyə Overçuk bildirmişdi. Cəmi iki ay əvvəl verilmiş bu optimist bəyanata baxmayaraq, görünən budur ki, kommunikasiyaların açılması haqda bundan əvvəlki razılaşmalar da müvəqqəti olsa da rəfə qaldırılıb.
Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Aleksey Overçuk Ermənistanla Azərbaycan arasında yaranan gərginliyin həm də Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına mənfi təsir göstərdiyini etiraf edib: “Hazırda biz nə sərhədlərin delimitasiyası, nə iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, nə də sülh müqaviləsi ilə bağlı bir irəliləyişi müşahidə etmirik. Əksinə, gərginlik, həyəcan, eskalasiya riskləri, separatizmin təşfiq olunması, sərhədlərimizə Ermənistan tərəfindən hərbi qüvvələrin cəmləşdirilməsi və ard-arası kəsilməyən təxribatlar, TIR şousu, Ermənistanın Azərbaycandan şikayətlər etməsi kimi danışıqları sıfırlayan addımları görürük. Nikol Paşinyan sanki öz verdiyi vədlərin girovuna çevrilib. Həm danışıqlar kontekstində, həm 10 noyabr üçtərəfli bəyanat müstəvisində, həm də daxili auditoriya qarşısında. Daxili və xarici siyasətdə Paşinyan çıxılmaz durma düşüb. Amma bizə nəticə maraqlıdır. Bizə sülhün dayanıqlılığının artırılması önəmlidir, Ağdam-Xankəndi marşrutu ilə yüklərin daşınması prioritet daşıyır”.
Politoloq Xəyal Bəşirov isə bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra nəqliyyat-kommunikasiyaların qurulması istiqamətində Azərbaycan atdığı addımlara, təşəbbüslərə mane olan qüvvələr var. Bu qüvvələrdən biri Ermənistandır. Ermənistan danışıqlar görüntüsü yaratmaq üçün ara-sıra danışıqlara qatılsa da nəqliyyat-kommunikasiyaların qurulması istiqamətində heç bir praktiki addım atmayıb: “Bu addımları atmamaq üçün isə ən müxtəlif pozucu, qeyri-konstruktiv təkliflər irəli sürüb, hərbi təxribatlara gedib. Nəticədə bugünkü vəziyyət yaranıb. Əldə olunmuş müəyyən razılaşmalar həyata keçirilməmiş qalır, danışıqlar dayanıb. Ermənistan bu vəziyyəti qəsdən yaradıb. Məqsəd Zəngəzur dəhlizinin açılmasına imkan verməməkdir. Rusiya tərəfi danışıqlarda ilk baxışda maraqlı görünür. Ancaq bəzi hallarda prosesin məhz onlar tərəfindən də gecikdirilməsinin şahidi oluruq. Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu bu yaxınlarda yüksək səviyyədə bəyan etdi. Lakin dəhlizin açılması üçün Ermənistana lazımi səviyyədə təsir etmir. Azərbaycan isə mümkün qədər qısa müddət ərzində nəqliyyat-kommunikasiyaların bərpasını istəyir, buna çalışır. Azərbaycan bunun üçün beynəlxalq standartlara cavab verən yüzlərlə kilometr yollar, həmçinin dəmiryolları inşa edib, bu proses davam etdirilir. Artıq Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü işlər həyata keçirilib yekunlaşmaq üzrədir. Amma Ermənistan tərəfi heç bir praktiki iş görməyib, öhdəliyini yerinə yetirmir. Rusiya Ermənistana təsir göstərmək imkanındadır. Əgər Rusiya danışıqların bərpa olunması və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasını həqiqətən istəyirsə, İrəvana təsir göstərməlidir. Rusiya isə bunu etmir. Ancaq Rusiya və Ermənistan istəsə də, istəməsə də gec-tez Zəngəzur dəhlizi açılacaq. Bunun qarşısını uzun müddət almaq mümkün olmayacaq”.
“Yeni Müsavat”
Tarix: 13-09-2023, 09:46