105 il əvvəl bu gün Bakı işğaldan azad olundu

105 il əvvəl bu gün Bakı işğaldan azad olundu
Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 105 il keçir.

Bakının azad edilməsinin 105 ili tamam olur.

Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biri, 15 sentyabr 1918-ci il tarixinin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının erməni-bolşevik birləşmələrindən azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib.

105 il öncə, 1918-ci il mayın sonlarında Zaqafqaziya Seymi dağılmış, mayın 28-də Azərbaycan müstəqilliyini elan etmişdi. Həmin vaxt Azərbaycan Demokratik Respublikasını (ADR) tanıyan ilk dövlət Türkiyə oldu.

Müstəqilliyini elan etdikdən sonra ADR-in paytaxt məsələsi gündəmə gəldi. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edildi. Milli hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan vermirdi. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi. Və belə bir kömək üçün qardaş dövlətə müraciət edildi. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər Paşa bu xahişləri nəzərə alaraq öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi.

Mayın 28-dən əvvəl türk ordu hissələrinin Gəncəyə girməsi Azərbaycan hökumətinin şəhərə daxil olması üçün zəmin yaratdı. Müvəqqəti olaraq Gəncədə yerləşən milli hökumətin qarşısında duran başlıca məqsəd paytaxt Bakını işğalçılardan azad etmək idi. Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdikdən sonra Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

1918-ci il iyunun 4-də Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında "Qarşılıqlı yardım və dostluq haqqında" müqavilə imzalandı. Həmin müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti ehtiyac olduğu halda Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü.

Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi Azərbaycan paytaxtına göz dikən yadelli qüvvələrə rahatlıq vermirdi. Bu ordunun tərkibini Osmanlı və Azərbaycan türkləri təşkil edirdi. O dövrə aid tarixi mənbələrin məlumatına görə, Bakı işğaldan azad edilənədək, şəhər bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçmişdi. 1918-ci ilin iyulunda Bakıda Xalq Komissarları Soveti iflasa uğradı. Bu həmin hökumət idi ki, onun vaxtında Bakı və ətraf ərazilərdə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı ağılasığmaz soyqırım siyasəti həyata keçirilmişdi. Soyqırımın həyata keçirilməsində bolşevik hökumətinə rəhbərlik edən Stepan Şaumyanın xüsusi rolu olmuşdu.

Bakının azad edilməsinin həm də böyük siyasi əhəmiyyəti vardı. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsi ilə şimali Azərbaycan bütövləşdi.
Tarix: 15-09-2023, 08:42
Xəbəri paylaş





Xəbər lenti