“ABŞ Dövlət Departamentinin nümayəndəsi Yuri Kimin Qarabağ erməniləri ilə bağlı səsləndirdiyi bir çox fikirlər qəbuledilməzdir. Nəzərə alsaq ki, Yuri Kim bundan əvvəl xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında bu məsələlər ətrafında geniş müzakirələr aparıb. Ceyhun Bayramov ona bölgədəki vəziyyətlə bağlı ətraflı məlumat verərək bütün məsələləri, o cümlədən Azərbaycanın prinsipial mövqeyini onun diqqətinə çatdırmışdı”.Siam.az-ın məlumatına görə, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O, ABŞ-ın dövlət katibinin müavini Yuri Kimin Azərbaycanla bağlı söylədiyi absurd fikirlərə münasibət bildirib. Xatırladaq ki, amerikalı rəsmi bildirib ki, ABŞ “Qarabağ xalqı”na qarşı həyata keçirilən hücumlara dözməyəcək.
Öz növbəsində, O.Qasımov əlavə edib:
“Bundan əlavə, Dövlət Departamentinin nümayəndəsi Lui Bono bölgədə olub və həm Bakı, həm də İrəvanda müzakirələr aparıb. Bu baxımdan, Yuri Kimin istifadə etdiyi terminləri qəbul etmək olmaz. Birincisi, “Dağlı Qarabağ xalqı”, “Dağlıq Qarabağ” ifadələri suverenliyimizə ziddir və amerikalılar Azərbaycan ərazisində mövcud olmayan hansısa inzibati ərazini bu cür adlandıra bilməzlər. İkincisi, oradakı çıxış zamanı Yuri Kimin söylədiyi bir çox sözlər, o cümlədən Azərbaycanın guya bölgədə apardığı siyasət və erməni əhalisinə qarşı rəsmi Bakının mövqeyi ilə bağlı səsləndirdiyi fikirlər hədyandır və rədd olunur”.
Analitik qeyd edib ki, Azərbaycan tərəfi Qarabağ ermənilərinə ən yüksək səviyyədə hüquq və təhlükəsizlik təminatlarını verdiyini dəfələrlə açıqlayıb:
“Azərbaycan Xarici İşlər Nazirliyinin sonuncu bəyanatında da qeyd olunub ki, Qarabağda yaşayan ermənilər Azərbaycan Konstitusiyasına uyğun olaraq bütün hüquq və təhlükəsizlik təminatlarını alacaq. Bu, dəfələrlə səsləndirilmiş fikirdir. Bu baxımdan, bu məsələdə Azərbaycana qarşı hansısa bir iradın bildirilməsi qəbuledilmzədir”.
“O ki qaldı guya Azərbaycan hökumətinin Qarabağ ermənilərinə hücum planlarının olması iddiasına, bunlar absurd fikirlədir. Azərbaycan bölgədə yaşayan əhali ilə oradakı silahlıları ayrı-ayrı kateqoriyalara bölür və bununla bağlı hələlik təmkin nümayiş etdirir. Beynəlxalq ictimaiyyətin, eyni zamanda ABŞ-ın rəsmi şəxslərinin nəzərinə bölgədə hələ də qalmaqda olan 10 min nəfərlik Ermənistan ordusunun qalıqlarının mövcudluğunu çatdırır və onların qeyd-şərtsiz torpaqlarından çıxarılmasını həm Ermənistandan, həm də qarant ölkə olan Rusiyadan tələb edir. Çünki həmin silahlıların bölgədə qalması təhlükəsizliyə qarşı ciddi şəkildə təhdid yaradır”, - deyə o söyləyib.
Siyasi təhlilçi hesab edir ki, Azərbaycan bir müddət sonra bütün bunlara dözməyərək onlara qarşı antiterror əməliyyatları həyata keçirmək öhdəliyini özündə saxlayır:
“Ona görə də Yuri Kimin söylədiyi fikirlər həqiqətə uyğun deyil. Dünənki çıxışda Ermənistana təşviqedici mesajların verilməsi daha çox Rusiya-Ermənistan münasibətlərinin gərginliyi ilə bağlı olan məsələlərdir. Dünən həmin dinləmələri təşkil edənlər biri isə komitənin başçısı ermənidən daha artıq erməni olan Bob Menendezdir. Korrupsioner və ləkəli siyasi keçmişi olan bir şəxs erməni diasporu ilə iç-içə işlər görür və onların dediklərini edir. Bu yaxınlarda da ABŞ Prokurorluğu Bob Menendez və onun erməni əsilli arvadı ilə bağlı korrupsiya məsələləri ilə əlaqədar araşdırmalar aparıb. Yəni bu mesajlar həm də oradakı erməni lobbisinin sakitləşməsi üçün verilən açıqlamadır. Lakin mənə elə gəlir ki, bu cür vədlərlə belə rüşvətçi siyasətçilərin işi heç də asan olmayacaq. Çünki onlar qarşıdakı seçkilərdə erməni diasporundan pul almaq üçün Azərbaycan əleyhinə hər cür hədyan söyləməyə hazırdırlar”.
Tarix: 15-09-2023, 22:33