Dövlət Departamenti və senatorlar Qubad İbadoğlunu dərhal azad etməyə çağırıblar


Cümə axşamı ABŞ Azərbaycan hökumətini Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb.
"Daha əvvəl onun həbsindən və saxlanılmasından narahat olduğumuzu demişdim, biz onu dərhal azad etməyə çağırırıq", deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller mətbuat üçün gündəlik brifinqdə Turan-ın suallarına cavabda bildirib.
Dövlət Departamenti bir müddət əvvəl İbadoğlunun ciddi xəstəliyinin olması fonunda onun səhhətindən "dərin narahatlığını" bildirmişdi və Azərbaycanı onun hüquqlarını və əsas azadlıqlarını müdafiə etməyə çağırmışdı. Amerikanın bir neçə senatoru da Azərbaycan hökumətini İbadoğlunu humanitar əsaslarla azad etməyə çağırıb.
Millerin şərhləri cümə axşamı Senatın Beynəlxalq münasibətlər komitəsində Azərbaycanla bağlı keçirilən dinləmələrdən bir neçə saat sonra səslənib. Bu dinləmələr zamanı iki senator - Ben Kardin və Tim Keyn İbadoğlunun məsələsini qaldırıblar və Dövlət Departamentinin nümayəndəsindən bu məsələyə münasibət bildirməyi xahiş ediblər.
"Azərbaycanda bir hadisəyə toxunmaq istəyirəm, bu, fəal Qubad İbadoğlunun həbs edilməsidir", deyə Kardin bildirib.
"Bu işlə tanış olub-olmadığınızı bilmirəm. Lakin ABŞ kənarda dayanıb fəalların çıxışlarına görə həbs edilməsinə imkan vermir, xüsusən, strateji, o cümlədən maliyyə münasibətlərimiz olan ölkələrdə. Biz bu cür əməllər üçün sanksiyaları nəzərdən keçiririk", deyə senator əlavə edib.
O, dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi səlahiyyətlərini icra edən Yuri Kimdən Dövlət Departamentinin İbadoğlunun işi ilə bağlı mövqeyinə "dəqiqlik gətirməyi" xahiş edib.
Öz növbəsində, Virciniya ştatından senator Tim Keyn qeyd edib ki, İbadoğlu 2015-ci ildə Milli Demokratiyaya Dəstək Fondunun təqaüdçüsü olub, o, Nyu-Ceri və Virciniyada, son vaxtlar isə Şimali Karolinada yaşayıb və işləyib. O, Şimali Karolina Universiteti də daxil olmaqla, Amerika universitetləri ilə əməkdaşlıq edib.
"O, məşhur Azərbaycanlı alimdir. Və o, neft gəlirlərinin çox vaxt korrupsiya və pis idarəçiliyə sərf olunduğunu yazırdı. Və bu məqalələr Azərbaycan hökumətinin xoşuna gəlmədiyinə görə o və həyat yoldaşı hüquqi əsas olmadan həbs ediliblər. O, çox pis şərtlərdə həbsxanada saxlanılır, səhhətində çoxsaylı problemlər var. Nə etmək olar? İbadoğlunun işi ilə bağlı idarənin Azərbaycan hökuməti ilə əməkdaşlığı haqqında danışa bilərsiniz?", deyə senator sual verib.
Buna cavab olaraq dövlət katibinin köməkçisi Kim bildirib ki, ABŞ bu məsələni qaldırıb "və qaldırmağa davam edəcək". "Senat Azərbaycanda səfir vəzifəsinə bizim namizədimizi təsdiq etsə, sizi inandıra bilərəm ki, bu şəxs onun diqqət mərkəzində olacaq", deyə Kim qeyd edib.

Vaşinqton/15.09.23/Turan:
Tarix: 16-09-2023, 18:21
Xəbəri paylaş





Xəbər lenti