Nüfuzlu reytiq agentliyi “Fitch Ratings” Azərbaycanın zəif nöqtələrini, sistemli problemlərini sadalayıb: “Zəif idarəetmə göstəriciləri, iqtisadi siyasətin müəyyən edilməsinin proqnozlaşdırıla bilməməsi, yüksək maliyyə dollarlaşması, karbohidrogenlərdən ağır asılılıq və geosiyasi risklərdir”.İllərdir eyni məsələləri deyirik, hökumət isə qulaqardına vurur, amma vəziyyət belədir
- ən vacib məsələlərdən biri budur ki, iqtisadi siyasətin müəyyən edilməsinin proqnozlaşdırmaq, doğrudan da, mümkün deyil. Yəni, hökumət nə istəyir, hara gedir, sistemi, planları nədir, iqtisadiyyatı 5, 10, 20 ildən sonra necə görür, elan etdiyi planları niyə həyata keçirə bilmir – bütün bu sualların cavabı yoxdur. Dəfələrlə qeyd etdiyimiz kimi, əsas problem iqtisadiyyatda da deyil, “Fitch Ratings” də buna işarə edərək “zəif idarəetmə göstəriciləri”, deyir. Bunun da açması odur ki, ölkənin idarəetmə sisteminin, doğrudan da, analoqu yoxdur – heç bir dövlət institutu öz işini özü görmür, hamı bir nəfərdən göstəriş, əmr gözləyəyir, belə sistem heç vaxt effektiv ola bilməz. Klassik qüvvətlər ayrımı prinsipləri işləmir, söhbət “de-facto” olan vəziyyətdən getmir, “de-jure” də eynidir, yəni, qanunlarda və konstitusiyada belə yazılıb.
Qanunlara və konstitusiyaya görə Prezident həm dövlət, həm hökumət başçısıdır, Parlamentə daxil olan qanun layihələrinin 95%-dən çoxunun müəllifi Prezident administrasiyasıdır, Məhkəmə hakimiyyətinə təyinatları da Prezident edir. Belə sistem uzunmüddətli və rutin dövrdə işlək və effektiv ola bilməz – bəli, böhranlı vəziyyətlərdə, müharibə dövründə bu sistem qısamüddətli effekt verə bilər, 44 günlük hərbi qələbəmizdə effekt verdi də, amma orta-uzun müddətli rutin iş rejimində belə sistem dayanıqlı deyil, effektiv idarəetməyə gətirmir, rifah dövlətini qurmağa xidmət etmir.
Deməli, hər zaman qeyd etdiyimiz kimi, iqtisadi-sosial problemlərin həlli yolu ancaq siyasi idarəetmə sisteminin yenidən dizayn edilməsindən, rifah dövlətinə aparacaq, qüvvətlər ayrımını, yerli özünüidarəetmə qaydalarını, ədalətli məhkəmə institutunu özündə ehtiva edən yeni Konstitusiya dəyişikliklərindən keçir...
Natiq Cəfərli
Teref.az
Tarix: 17-09-2023, 09:42