ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono Azərbaycana gəldi. L. Bononun səfərinin məqsədi Ermənistanla Azərbaycan arasında sülh prosesini irəli çəkməkdir. Bu istiqamətdə o Ermənistan və Gürcüstana da səfər edəcək.
Bakıya səfəri çərçivəsində L. Bono Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşü planlaşdırılmışdı. Planlaşdırılan görüşlərdən biri ötən gün baş tutdu.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Luiz Bono ilə görüşdü.
Görüş zamanı bölgədə cari vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, mövcud təhdid və çağırışlar müzakirə olunub. Bundan başqa Ceyhun Bayramov cari ilin 1 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ Dövlət katibi Entoni Blinken arasında təmaslar zamanı Ağdam-Xankəndi və Laçın yolunun eyni zamanda açılması istiqamətində əldə olunmuş razılığın həyata keçirilməsinə əngəl törədən tərəfin bundan öncəki razılıqlarda olduğu kimi Ermənistan və onun yaratdığı qondarma rejim olduğunu diqqətə çatdırıb.
C. Bayramovun vurğuladığı iki məqam diqqət çəkir:
1. Ağdam-Xankəndi və Laçın yolunun eyni zamanda açılması;
2. Yolunun eyni zamanda açılması istiqamətində əldə olunmuş razılığın həyata keçirilməsinə əngəl törədən tərəfin Ermənistan və onun yaratdığı qondarma rejim olması;
Ümumiyyətlə L. Bononun azərbaycanlı rəsmilərlə görüşdə Ağdam-Xankəndi və Laçın yolu mövzularını müzakirə etməsi gözlənilirdi. Daha doğrusu L. Bononun gündəliyində Laçın yolu mövzunu müzakirə etmək vardı.
Ağdam-Xankəndi yolunun müzakirəsi isə daha çox Bakının gündəliyindədir. C. Bayramov da gözlənildiyi kimi, bu məsələni bir daha L. Bononun diqqətinə çatdırdı.
C. Bayramovun yolunun eyni zamanda açılması istiqamətində əldə olunmuş razılığın həyata keçirilməsinə əngəl törədən tərəfin Ermənistan və onun yaratdığı qondarma rejim olmasını vurğulaması da təsadüfi deyil.
Belə ki, 1 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ Dövlət katibi Entoni Blinken arasında təmaslar zamanı Ağdam-Xankəndi və Laçın yolunun eyni zamanda açılması istiqamətində şifahi razılıq əldə olundu. Lakin Ermənistan və onun yaratdığı qondarma rejim bu gün yolun açılmasına mane olur. ABŞ isə buna bir etraz etmir.
Rəsmi Bakı yaxşı bilir ki, E. Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Nyu-Yorkda görüşdürmək istəyir. Luis Bononun səfərinin bir səbəbi də budur. Lakin Bayramovun açıqlamasından da bu nəticəyə gəlmək olar ki, rəsmi Bakının ABŞ-a güvəni sarsılıb. Vaşinqton vasitəçiliyini davam etdirmək istəyirsə etimad mühitini yenidən bərpa etməlidir. Bunu da sözlü deyil, əməli şəkildə etməlidir.
C.Bayramovun sözləri Bakının Vaşinqtondan etimadını bərpa etmək üçün nələr istədiyini demək üçün ip ucları verir.
Bakının əsas şərti Ağdam-Xankəndi yolu açılmalıdır. Bu Laçın yolu ilə paralel də ola bilər, lakin burada əsas məqam Vaşinqtonun Ermənistan və onun dəstəklədiyi separatçılara qarşı sərt mövqe sərgiləməsidir. Əks təqdirdə Azərbaycanla Ermənistan arasında yeni toqquşma qaçılmaz olacaq.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 17-09-2023, 22:14