“İki xalq 200 il bir yerdə yaşayıb, yenə də belə olacaq” - TƏFƏRRÜATLAR


Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində Qarabağda antiterror tədbirləri başladı. Müzəffər ordumuz qeyri-qanuni erməni hərbi birləşmələrinin mövqelərini dəqiq atəşlə susdurdu və cəmi bir gün çəkən antiterror tədbirləri Azərbaycan Ordusunun zəfəri ilə başa çatdı.
Siam.az-ın məlumatına görə, prosesləri KONKRET.az-a şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, biz böyük zəfərin anlarını yaşayırıq:
“Ordumuz Xankəndidə erməniləri ağ bayraq qaldırmağa məcbur etdi. Artıq Qarabağda suverenliyimiz bərpa olundu və nəticə etibarilə separatçıların belini qırdıq. Bütövlükdə Ermənistanın da beli qırıldı.
Bu gün Azərbaycan xalqı sevinc içərisindədir. Bu, tarixi qələbədir. Neçə ki, tarix var, biz varıq, bu günü yeni zəfər günü kimi qeyd edəcəyik”.
Qabil Hüseynli antiterror əməliyyatlarının tez başa çatacağı haqqında öncədən proqnoz verdiyini də xatırlatdı: “Antiterror tədbirlərinin belə tez başa çatacağı əvvəldən proqnozlaşdırılırdı. Ordumuzun hazırlıq səviyyəsinin yüksək, qarşı tərəfin isə aciz durumda olduğunu bilirdik. Üstəlik, Müzəffər Ali Baş Komandan bütün səy və bacarığını ortaya qoyaraq, qarı düşməni diz çökdürdü. Bu, əslində belə də olmalıydı. Çünki bu, haqqın şər üzərində qələbəsi idi”.
Beləliklə, artıq Qarabağ ermənilərinin reinteqrasiyası prosesinə başlamağın vaxtıdır və sabah Yevlaxda baş tutacaq görüşdə ilk addımlar atılacaq. Politoloqun fikirincə, iki xalq bundan sonra bir yerdə yaşayacaq: “200 ilə yaxın bunlarla bir yerdə yaşamışıq. Onun 70 ili Sovet İttifaqı dövrünə aiddir. Qarabağ erməniləri həmin dövrdə Azərbaycanın unitar dövlət quruluşuna tabe olublar. Qarabağın vilayət statusu olsa da, tapşırıqları Bakıdan alıblar. Bundan sonra Azərbaycanın tərkibinə reinteqrasiya olan ermənilər öz dillərində oxuyub yazmaq hüququ əldə edəcəklər. Öz bələdiyyələrini seçmək və qurmaq hüququna sahib olacaqlar. Bakının müxtəlif qurumlarında təmsilçiləri olacaq. Beləliklə, Azərbaycan cəmiyyətinə qaynayıb-qarışacaqlar. Bütövlükdə ictimai-siyasi proseslər nəzarət altında, müəyyən iradə hesabına həyata keçiriləcək”.
Tarix: 20-09-2023, 21:47
Xəbəri paylaş





Xəbər lenti