Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına rəsmi səfər etdi. Səfər kifayət qədər diqqətçəkən məqamlarla və mesajlarla yadda qaldı.
Səfərin Naxçıvana baş tutması ilk diqqətçəkən məqamdır. Qeyd etmək lazımdır ki, bu, Ərdoğanın Naxçıvana sayca ikinci səfəridir. Ümumiyyətlə Naxçıvan Azərbaycan ərazisi olsa da iki ölkənin ortaq dəyərini, tarixini özündə ehtiva edir. Türkiyə üçün də bu ərazi hər zaman vacib və strateji olub. Bu mənada Naxçıvandan verilən mesajlar həm də Bakı-Ankara ortaq strateji maraqları və hədəfləri baxımından ipucları verir.
Ərdoğanın səfəri bir çox baxımdan diqqət çəksə də hesab edirəm ən diqqətçəkən məqam İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasiminin keçirilməsi oldu.
İlk öncə onu qeyd edim ki, 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb. Bu baxımdan kəmərin əhəmiyyəti isə birdən çoxdur:
Birincisi, İğdır-Naxçıvan qaz kəməri ilk növbədə Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verəcək. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək.
Bundan başqa bu o baxımdan vacibdir ki, Naxçıvan artıq bir mənbədən asılı olmayacaq. Daha dəqiq desək Naxçıvanın İrandan asılılığına son qoyacaq.
Görünür mövcud İran-Azərbaycan münasibətləri, habelə bundan öncə iki ölkə arasında gərginliyin artması Bakını belə bir qabaqlayıcı adım atmağa vadar edir. Mümkündür ki, İran Azərbaycanla gərginliyin pik həddində Bakını Naxçıvana qaz təsisatı üzərindən hədələyib.
İkincisi, İğdır-Naxçıvan qaz kəməri Azərbaycanın Avropa bazarına qaz nəqli baxımından mühüm dividentləri özündə ehtiva edir. Təsadüfi deyil ki, 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb. Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir.
Lakin bundan başqa boru kəmərinin Azərbaycan hissəsi daha da uzadıla bilər. Belə ki, Ermənistanla sülh sazişi imzalanarsa gələcəkdə nəqliyyat-kommunikasiya xətti ilə yanaşı həm də İğdır-Naxçıvan qaz kəməri Azərbaycanın əsas qaz şəbəkəsinə qoşula bilər. Yəni layihə gələcəkdə həm də Azərbaycan-Ermənistan-Türkiyə ortaq layihəsi ola bilər. Bu reallaşarsa Azərbaycan həm Ermənistana qaz nəql edərək bu ölkənin enerji təminatında söz sahibi ola, həm də Avropa bazarına qaz nəqlinin həcmini artıra bilər.
Mövcud boru kəmərlərin otürücülük qabiliyyəti Avropanın istədiyi həcmdən azdır. Buna görə də yeni layihələrə ehtiyac var. İğdır-Naxçıvan qaz kəməri bu baxımdan bu problemi müəyyən mənada aradan qaldıra bilər.
Üçüncüsü, İğdır-Naxçıvan qaz kəməri Ankara-Bakı-Ərbil stratejik, iqtisadi əməkdaşlığı baxımından da olduqca mühümdür. Məsələ ondadır ki, həm Azərbaycan, həm də Türkiyənin İraq Kürdüstanı ilə münasibətləri müsbətdir. Bakı Avropanın qaz təsisatında önəmli aktor olmaq üçün həm də regional faktorlardan istifadə etmək, əməkdaşlıq trayektoriyasını genişləndirmək istəyir.
İraq Kürdüstanı mövcud qaz resurslarını Türkiyəyə, ordan isə Avropa bazarına çıxara bilər. İğdır-Naxçıvan qaz kəməri vasitəsilə isə Ərbil qazı Naxçıvana verilə bilər.
Nəticə etibarilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərodğanın Azərbaycana səfəri növbəti tarixi bir layihənin icrasını rəsmiləşdirdi. Mahiyyət etibarilə İğdır-Naxçıvan qaz kəməri bu gün elə də ciddi bir layihə kimi görünməsə də əslində gələcək perspektiv baxımından “yeni əsrin müqaviləsidir”.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 26-09-2023, 14:36