“Bizi qabağa verirlər, hədəfləri İrandır” - Matevosyan

“Bizi qabağa verirlər, hədəfləri İrandır”
“ABŞ-ın Ermənistana artan marağının səbəbi Rusiya və İranla əlaqəlidir”.

Siam.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

Onun iddiasına görə, Vaşinqtonun vasitəçiliyi ilə uzun müddət Bakı və İrəvan arasında aparılan danışıqlar Ermənistan tərəfindən Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınması məntiqi çərçivəsində olub:

“Yəni, ABŞ hökuməti, Bayden və hər hansı digər şəxslərin timsalında proses bu nöqtəyə gəlib. İndi ABŞ, Fransa, İsveç hansısa maliyyə dəstəyi verəcəklər, amma əsaslı heç nə olmayacaq. Onlar heç bir mövzuda bizə dəstək göstərməyəcəklər, amma Nikol Paşinyana siyasi dəstək verəcəklər”.

Matevosyan xatırladıb ki, son bir neçə gündə baş verənlərə diqqət yetirmək lazımdır:

“Blinken Paşinyana zəng edərək Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini deyir. Makron eyni şeyi təkrarlayır. Sonra Bayden də qəbul olunmuş prosedura uyğun olaraq Paşinyana məktub yazır. Oxşar məktublar adətən Ermənistanın müstəqillik günü münasibəti ilə yazılır və hakimiyyətin təbliğat maşını həmin məktubu az qala NATO-ya üzvlük dəvəti kimi təqdim edir. Sonda Samanta Pauer (USAID rəhbəri) bura gəlir, amma Nikol Paşinyana siyasi dəstək üçün. Bunlara ötən günlərdə Ermənistana gələn və qondarma hərbi təlimlərdə iştirak edən amerikalı hərbçiləri də əlavə edin, anlayacaqsınız ki, bu insanlar şəxsən Paşinyana dəstək verirlər”.

Erməni ekspertin fikrincə, Qarabağ məsələsi ABŞ-ı o qədər də maraqlandırmır: “Onlar sadəcə bizim vasitəmizlə Rusiya və İrana zərər vurmaq fürsəti gördüklərinə görə fəallıq göstərirlər. Bu, reallıqdır”.

Matevosyan hesab edir ki, Paşinyanın təminatları olmasaydı, bu prosesə (Rusiya və İrana qarşı) girməzdi.
Tarix: 27-09-2023, 12:47
Xəbəri paylaş





Xəbər lenti